İsa Əliyev : "Son müşahidələrə görə, isti fəslin ömrü uzanır, soyuq fəslin ömrü isə azalır. Yaxın 10-15 ildə qış fəsli daha mülayim keçəcək"
Rusiya ilə ölkəmiz arasında kəskin temperatur fərqi olduğuna görə, soyuq hava kütləsi sürətlə respublika ərazisinə daxil oldu. Amma sabahdan etibarən ölkədə temperatur nisbətən yüksəlməyə başlayacaq"
"Kəskin təzyiq fərqi yarandıqda isti bölgələrə soyuq hava kütləsi daxil ola bilər”.
Bunu "Sherg.az”a son bir neçə gündə respublika ərazisində havanın temperaturunun kəskin soyumasının səbəblərini izah edərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təbliğat Şöbəsinin müdiri İsa Əliyev deyib.
O bildirib ki, əvvəllər də sentyabr ayının 10-15-dən sərin hava müşahidə olunurdu, lakin insanlar buna əhəmiyyət vermirdi:
"Bu il isə sərin hava sentyabrın 24-dən ölkə ərazisinə daxil oldu. Sadəcə temperatur payız normasından bir qədər aşağıdır. Hava isti olan yerdə təzyiq aşağı düşür. Ölkənin şimalında soyuq hava kütlələri dövr edir. Məsələn, Moskvada sabahdan yavaş-yavaş hava qızıb, 9-10 dərəcəyə yüksələcək. Bu günlərdə isə hətta gecələr mənfi 3-4 dərəcəyə qədər enmişdi. Şimalla ölkəmiz arasında kəskin temperatur fərqi olduğuna görə, soyuq hava kütləsi sürətlə respublika ərazisinə daxil oldu. Artıq bu ayın 5-dən etibarən ölkədə temperatur nisbətən yüksəlməyə başlayacaq.
Beləliklə, qanunauyğunluq nisbətən pozulmuş görünür. Bunun səbəbi isə son vaxtlar qlobal, antropogen –insan günahı ucbatından iqlim dəyişikliyi yaşanır. Nəticədə bu cür ekstremal hallar müşahidə olunur. Buna eynilə qış ayları da daxildir ki, o zaman anomal hava müşahidə edilə bilir. Məsələn, bəzən fevral ayında hava o qədər isti keçə bilər ki, mart ayında çiçəkləyən ağaclar fevralda çiçəkləsin. Getdikdə belə olacaq. Əksini də müşahidə edə bilərik, mart ayında soyuqlar baş qaldırar və təbiətə ziyan vura bilər. Bu, qlobal iqlim dəyişmələrinin xarakteridir”.
Ümumi tendensiyanın istiləşməyə getdiyini deyən İ.Əliyevin sözlərinə görə, yaxın 10-15 ildə qış fəsli daha mülayim keçəcək:
"Bunun müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də var. Qışda qar yağmalıdır, xəstəliklər məhv olmalıdır. Bu, bitkilərə, torpağa, ümumiyyətlə, bütün canlılara, su ehtiyatının təminatına da xeyirdir. Son müşahidələrə görə, isti fəslin ömrü uzanır, soyuq fəslin ömrü isə azalır.
İnsanların günahı ucbatından, tullantılar, istilik effekti yaradan qazlar atmosferdə toplanır. Ağacların, meşələrin qırılması ilə həmin zərərli maddələr 200 il yaşaya bilirlər və konsentrasiyası davam edir. Bəşəriyyət bu qədər elmi tərəqqiyə nail olsa da, bunun qarşısı alınmır. Düzdür, tükənməyən enerji mənbələrindən istifadə edilməsinə başlanılıb, güclü ölkələr buna start verib. Lakin indiki templə qlobal istiləşmənin, iqlim problemlərinin qarşısını almaq olmaz.
Yerin "istilik maşını” Günəşdir. Günəşdən Yerə nə qədər istilik gəlirsə, o qədər də kosmosa gedir. Atmosferdə yığılan qazlar Günəşdən yerə gələn istiliyi sərbəst buraxır, kosmosa gedən istiliyin bir hissəsini isə özündə saxlayır. Sonradan təzədən Yerə ötürür və nəticədə planetimiz qızmağa başlayır. Bu isə qlobal iqlim sistemini dəyişdirir. Dəyişikliklərin isə mürəkkəb, faciəli fəsadları ola bilər. Güclü sellər, yağıntılar həm mövsümlər üzrə dəyişir, həm də regionlar. Ola bilər ki, bir regionda quraqlıq hökm sürsün, başqa hissəni sel aparsın.
İstiləşmə nəticəsində hər iki qütbdə "yatmış” sular dövriyyəyə girir. Bulaqlar əriyir və quru ərazilər su altında qala bilər.
İndiki yağıntılar, hava dəyişkənliyi isə müvəqqəti xarakter daşıyır”.
Aysel Aslan