İlk növbədə məhkumların sayı azalacaq

“Yaqlandın açıqlaması göstərir ki, beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aparılan hüquq islahatlarına ən yüksək qiymət verilir”
Cəza siyasətinin liberallaşdırılması çox pozitiv sosial-iqtisadi nəticələrə səbəb olacaq



Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanda cəzaların humanistləşməsinə dair atılan addımları müsbət qiymətləndirib. O, bu barədə AŞ Parlament Assambleyasının qış sessiyasında çıxışı zamanı deyib. Yaqland Azərbaycanda həbsə salınmaqla bağlı cinayət hüququna dair tədbirlərin hazırlanmasını müsbət addım adlandırıb.

Xatırladaq ki, ötən il fevralın 10-da Prezident İlham Əliyev "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzalayıb. Bu da ölkə ictimaiyyəti, hüquq adamları tərəfindən yüksək qiymətləndirilib. Yaqlandın açıqlamasından da görünür ki, bu addım nüfuzlu beynəlxalq qurumlar tərəfindən də müsbət dəyərləndirilir.

Məsələni "Şərq”ə şərh edən "Konstitusiya” Araşdırmalar Fondunun eksperti, hüquqşünas Zaur İbrahimli deyib ki, Prezidentin məlum sərəncamı humanist siyasətin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. 

Ekspert bildirib ki, bu təşəbbüs novasiyalar üçün imkan yaradır və burada həm cəmiyyətin, həm fərdin, həm də dövlətin maraqları nəzərə alınır. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı indiyədək əldə edilmiş təcrübəni daha səmərəli tətbiq etməyə imkan verir: 

"Bu fəaliyyətlərin fəlsəfəsində cəmiyyət və dövlətin çətin həyat şəraitinə düşərək səhv buraxan insanlara münasibətdə daha humanist yanaşma nümayiş etdirilməsi durur. Sözügedən sərəncamın icrası ilə əlaqədar qəbul olunmuş qanunun əsas məqsədi böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılmasıdır.

 Qanuna əsasən Cinayət Məcəlləsinə ümumilikdə, 300-ə yaxın dəyişiklik edilərək, cinayət əməlləri dekriminallaşdırılıb. Zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi, dövlət büdcəsinə ödəniş edilməsi, əmək müqaviləsinin bağlanması şərti ilə cinayət məsuliyyətindən azadetmə müddəaları müəyyən olunub.

 Narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərin tibbi xarakterli məcburi müalicəsindən sonra cinayət məsuliyyətindən azad edilməsi, azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması və s. nəzərdə tutulub. Bu cür yanaşma cəza siyasətinə münasibətdə müasir baxışları əks etdirir və alternativ cəzaların, kompensasiya, dəymiş ziyanının ödənilməsi mexanimlərinin daha səmərli tətbiqinə, cəza təyin edilməsində differensial yanaşmanın əsas götürülməsinə geniş imkanlar yaradır. Bu zaman əsas diqqət cazanın törədilmiş əmələ görə adekvat olmasından, məhz insan hüquq və azadlığının, ictimai maraqların əsas götürülməsinə, səmərəli islah tədbirlərinin tətbiqinə yetirilir”.

Z.İbrahimlinin fikrincə, cəza siyasətinin liberallaşdırılması çox pozitiv sosial-iqtisadi nəticələrə səbəb olacaq: 

"İlk növbədə məhkumların sayı azalacaq və dövlət büdcəsindən onların saxlanmasına çəkilən xərclər azalacaq. Kompensasiya və ziyanın ödənilməsi müasir bazar iqtisadiyyatı mexanizmlərinin geniş tətbiq olunmasına yol açacaq. Şübhəsiz ki, cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar müasir praktika əsas götürülməklə atılan bu cür addımlar beynəlxalq təşkilatlar tərəfindən diqqətdən kənarda saxlanıla bilməzdi. Avropa Şurasının baş katibi Yaqlandın açıqlaması da göstərir ki, beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aparılan hüquq islahatlarına ən yüksək qiymət verilir. 

Bu, Azərbaycanın reputasiyasını yaxşılaşdırmaqla bərabər, ölkənin imicinə müsbət təsir göstərir. Eyni zamanda Azərbaycanın mütərəqqi islahatlara açıq olduğunu nümayiş etdirir”.

İsmayıl