Tarixçi-alim muzeyə qiymətli sənədlər hədiyyə etdi
Bu gün tarix üzrə fəlsəfə doktoru, dosent, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova "Şərq" qəzetini ziyarət edib. Xanım tarixçi redaksiyada yaradılmış Azərbaycan Mətbuat Tarixinin Muzeyi ilə yaxından tanış olub. Qəzetin baş redkatoru Akif Aşırlı F.Əhmədova ilə otaq-otaq gəzərək muzeydəki nadir eksponatlar, portretlər, orijinal sənədlər barədə ətraflı məlumat verdi. İlk tanışlıq redaksiyanın foyesindəki eksponatlar və portretlərdən başladı.
A.Aşırlı əsası dahi Həsən bəy Zərdabi tərəfindən qoyulan "Əkinçi" qəzetinin ilk nüsxəsi barədə məlumat verir:

"Bu, "Əkinçi" qəzetinin ilk nüsxəsidir. Onu kətana köçürmüşük. Həmin nümunənin yanındakı "Əkinçi"nin elanıdır. Bu "Ziya" qəzetidir, orijinaldır, 136 yaşı var, İçəri şəhərdən əldə etmişəm. Növbəti şəkildə gördüyünüz Səid Ünsizadənin şəklidir, ilk dəfədir ki, burada nümayiş olunur. Azərbaycanda onun nəticələrindən biri yaşayır. Gedib Türkiyədən axtarıb tapıb. Bizə hədiyyə etdi. Digər nümunə "Kəşkül" qəzetidir. Sonra "Vətən yolunda" Mirzə İbrahimovun buraxdığı qəzetdir, 12 sayını əldə etmişəm. Sonrakı nümunə 1903-cü ildə dərc olunmuş "Şərqi-Rus" qəzetinin orijinalıdır. Onun yanındakı portret Əhməd bəy Ağaoğlunun portretidir. Bunu "Qarabağ" Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov və bir neçə qarabağ qazisi muzeyə hədiyyə edib".
Bundan sonra A.Aşırlı redaksiyanın girişində, foyedə yerləşdirilmiş rəfdəki kitablarla bağlı məlumat verir:Burada mətbuat tarixi ilə bağlı nəşrlər yer alıb.
F.Əhmədova: Qulam Məmmədlinin xatirələri varmı?
A. Aşırlı:
Xeyr, yoxdur.
F.Əhmədova:
Solmaz xanım onun xatirələrini çap etdirib. Bu il çıxarıb, deyərəm bir nüsxə sizin muzeyə hədiyyə edər.

Ardınca növbəti otağa keçirlər və A.Aşırlı növbəti orijinal sənədlər və eksponatları təqdim edir:
Bu "İşıq" qəzetidir və məndə onun 5-6 sayı var. Onu qəzetin baş redaktoru Xədicə xanım Əlibəyovanın kinostudiyada rejissor kimi çalışan nəvəsi Cəmil Fərəcov hədiyyə edib, orijinal şəkillərdir. Onun yanındakı isə 1911-ci ildə Bakıda çap olunan kitabdır. Kitabda Həsən bəy Zərdabinin tərcümeyi-halı da yer alıb.

Bu da "Məktəb" jurnalıdır. 1915-1916-cı illərin bütün komplektləridir. Jurnalın yanında gördüyünüz isə ahıl jurnalistimiz Sabir Gəncəlinin hədiyyə etdiyi Azərbaycanın ilk peşəkar qadın jurnalisti Şəfiqə xanım Əfəndizadənin "bloknot"udur. Növbəti eksponat Şamil Qurbanovun eynəyi və əlyazmasıdır. Ş.Qurbanov da mətbuat tariximizdə əməyi olan insanlardan olub. Onun yanındakı "Molla Nəsrəddin"in bir neçə sayıdır. Baş redaktor onu da əlavə edir ki, "Molla Nəsrəddin"in 1910-cu ildə çap olunan bütün saylarını əldə edib. Sonrakı "Dəbistan jurnalı"nın orijinalıdır. Bu da Üzeyir bəy Hacıbəylinin orijinal fotosudur. 1940-cı illərə məxsusdur. Növbəti eksponat Osman Mirzəyevin yazı dəstidir. Bunu da bizə qızı Lalə xanım Hacıyeva hədiyyə edib.
Növbəti nümunə də "Fyüzat"dır. "Məktəb" qəzetləri "Tərcüman"ın əlavəsidir. Növbətilər də orijinal tarixi kitablardır. Burada maraq kəsb edən bir orijinal sənəd var. Onu İçəri Şəhərdən almışam.

Əlimərdan bəy Topçubaşova Bakı qubernatorunun Dumanın iclası ilə bağlı göndərdiyi bir sənəddir. Bu sənəd köhnə şəkillərin içərisindən tapılıb. Bəzən ailələr bunları satırlar, biz də gedib həmin satış mərkələrindən alırıq. Gördüyünüz növbəti sənəd "Kaspi" qəzetinin qonorar sistemidir. Bunu Əlimərdan bəy Topçubaşovun arxivindən əldə etmişəm. Onun yanındakı sənəd isə Hacı Zeynalabdin Tağıyev alandan sonra "Kaspi"nin nizamnaməsinə edilən dəyişikliyi əks etdirən sənəddir. Daha sonra Əli bəy Hüseynzadənin portretidir. Portretin yanında yer alan sənədlər də, fotolar da özü və ailəsi ilə bağlıdır. O başdakı da "İşıq" qəzetinin qurucusu, baş redaktoru Xədicə xanım Əlibəyovanın portretidir.
Daha sonra növbəti otağa keçirlər.
A. Aşırlı: Bu "Azərbaycan" kültür dərnəyinin jurnalları və "Azərbaycan türk izi" dərgisidir. Bu "İstiqlal"dı. Almaniyada nəşr olunub. M.Ə.Rəsulzadənin buraxdığı qəzetdir. Onun yanındakı Əhməd bəy Ağaoğlunun neqatividir. Daha sonra gördüyünüz "Açıq söz" qəzetinin müxbiri İdris Axundzadənin bir qadına yazdığı məktubudur. İşindən və fəaliyyətindən yazır.
Bu əsnada F.Əhmədova əski əlifbada yazılmış bu məktubun indiki əlifbaya çevrilməsinin vacibliyini vurğulayır:
İ.Axunzadə "Kağızman" Xeyriyyə Cəmiyyətinin sədri olub. Orada müraciətlər ola bilər. Mən onun ailəsini tanıyıram. Nəvəsi İdris Axundzadədir. Nazirlər Kabinetində çalışır. Oğlu da Sabutay Axundzadədir. Əhməd Cavadla əmioğludurlar.
A.Aşırlı: Onlar Türkiyədə də fəaliyyət göstəriblər.
F.Əhmədova: Bəli, S.Axundzadə çox gözəl ziyalı olub. Məktəb direktoru, Sabunçuda Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. Onun yoldaşı Solmaz xanım da dərs hissə müdiri idi. Bütün arxiv onun bacısında idi. Bacısı rəhmətə gedəndən sonra arxivi atdılar. Solmaz xanıma zəng vurub deyərəm ki, 1925-ci ildə İdris Axundzadə bir qadına əski əlifba ilə məktub yazıb.
Ardınca, A.Aşırlı Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Səyavuşu"nu təqdim edir. Onun yanındakı da Cümhuriyyət dönəminin pul əskinasıdır.
Daha sonra I Dünya Savaşı illərinin mətbuat tarixini əks etdirən digər otağa keçirlər.
A.Aşırlı: Məhəmməd Hadi ilə bağı şəkillərdir. Bu İslam Ağayevin kitabıdır. Daha sonra Orucov qardaşlarıdır. Əliabbas Müznib və Haşim bəy Vəzirovdur. Firudin bəy Köçərlidir. Onun yanındakı da Şəfiqə Əfəndizadədir.
F.Əhmədova: Şəfiqə Əfəndizadənin yaxınları var. Uzun illər əvvəl Nərimanov muzeyində tədbirdə idik. Yanımda bir şəxs oturmuşdu. Şəfiqə Əfəndizadənin nəvəsi olduğunu bildirdi. Sumqayıtda Polimerlar İnstitutunda direktor vəzifəsində çalışırdı. Sonra da rəhmətə gedib.
A.Aşırlı: Burada Orucov qardaşlarının müraciəti var. Daha sonra həmin dövrdə çıxan satirik mətbuatdır. Hüseyn Cavidin "Müharibə və ədəbiyyat" adlı məqaləsidir. Orijinaldır. Daha sonra "Açıq söz" və "İqbal" qəzetləri gəlir.
F.Əhmədova: "İqbal"ın əməkdaşlarının əksəriyyəti sonradan Cümhuriyyət qurucuları oldular. Muzeyə gələnlərə də örnək olar ki, mətbuat səhifəsindən dövlət quruculuğuna keçiblər. Akif müəllim, çox böyük iş görmüsünüz.

Bundan sonra Cümhuriyyət dönəminin mətbuat tarixini əks etdirən otağa baş çəkirlər.
A.Aşırlı: Bu, "Odlu Yurd"dur, Türkiyədən əldən etmişəm. Növbəti kitab da M.Ə.Rəsulzadənin orijinal əsəridir. Onu Türkiyədən əldə etdim. Sıra ilə Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahimin portretləri gəlir.
F.Əhmədova: Rəhmətlik Möhsün Əliyevin də arxivində belə sənədlər çox idi. O da rəhmətə getdi. Hər dəfə deyirəm ki, "İstiqlal" muzeyində onunla bağlı tədbir keçirək. Çünki o dönəmi ilk yazan o oldu, hamı ona istinad etdi. Ona məxsus arxivin İçəri Şəhərdə olduğu deyilir.
A.Aşırlı: Bu da Ceyhun bəy Hacıbəylinin "Batum konfransı" və "Qafqaz İslam Ordusu" ilə bağlı təəssüratlarıdır. Bunu Salman Müntaz adına Ədəbiyyat və İncəsənət Arxivindən əldə etmişəm. Sonra gördükləriniz etimadnamədir. Bu son məktubudur. Bu sənəd də Parisdən Üzeyir bəyə göndərdiyi teleqramın surətidir. Növbəti sənədlər Mirzəbala Məhəmmədzadəyə aiddir. Bu da Səffət Zərdabidir, o, milliyyətçi Azərbaycan dərgilərində iştirak edib. H.Zərdabinin varisidir. Sadəcə əlimizdə onunla bağlı heç bir bilgi yox idi. Bəziləri yazdı ki, S.Zərdabi 1937-də vəfat edib. Bəziləri də qeyd edir ki, 1938-ci ildə vəfat edib. Ancaq onun ölümü ilə bağlı 1976-cı ildə başsağlığı vermişdilər. Məzarının harada olduğu bilinmir.

Bu da Xəlil İbrahimin portretidir. Qızı Güllər İbrahimli gəlmişdi. İnşaat Universitetində kafedra müdiridir. Böyük qızının isə 90-a yaxın yaşı var. O da Moskvada Xarici Dillər Universitetində professordu. İndi Bakıda yaşayır. Redaksiyamıza dəvət etdik, hava isti olduğuna görə gələ bilmədi. Heç nə verə bilmədi.
F.Əhmədova: Xəlil İbrahim parlament müxbiri olub.
A.Aşırlı: Bu da "Xalq sözü", "Bəsirət", "Zəhmət", "Xalqçı", "Zənbur" qəzet və jurnallarıdır. Burada bir orijinal sənəd var. 1918-ci ilin 31 mart soyqırımına həsr olunub. Bizim Türkiyədə olan mühacir jurnalistimiz yazıb. Onu satışa çıxarmışdılar, mən aldım. Yazıda 31 mart soyqırımı necə baş verib, Qafqaz İslam Ordusu necə gəlib və s.-dən danışılır. Orijinal sənəddir. Bunun kim tərəfindən və harada yazıldığı bilinmir. Sadəcə, bir kitabın arasından çıxıb. Amma kim tərəfindən yazıldığı məlum deyil. Azərbaycanla ilgili bir yazı olduğu üçün satışa çıxarmışdılar, aldım.
Ardınca Sovet dövrünün mətbuat tarixini əks etdirən otağı ziyarət etdilər.
A.Aşırlı: Bu "Gənc İşçi" qəzetidir. Şəkildə gördükləriniz Hümmətçilərdir - Dadaş Bünyadzadə, Nəriman Nərimanov. Şamaxıdakı qırğınlarla bağlı "Hümmət" qəzetindəki yazıda yer alıb. Bunlar da kollajdır. Gördüyünüz şəkildə isə "Gənc işçi" qəzetinin ilk qadın müxbirləridir. Sonra bu "Maarif və mədəniyyət" jurnalıdır. Onun 10-a yaxın nüsxəsi var. Növbəti isə "Kafkaziya" divar qəzetidir. Kolleksioner dostumuz Ruslan Rəhimov muzeyə hədiyyə edib. Sonrakı "Kommunist" qəzetidir. I Türkoloji qurultaydı, əsilləri var. Bu 1937-ci illərin repressiyalarına aid sənədlərdir. Gördüyümüz portretdə isə Əzim Əzimzadədir. Sonra isə "Kirpi" jurnalıdır. "Pioner" jurnalıdır. "Azərbaycan Gəncləri"dir. "Azərbaycan qadını" jurnalı ilə bağlı ahıl jurnalist Sabir Gəncəli bizə xeyli material verib. Ancaq qoymağa yerimiz yoxdur. "Sovet kəndi" qəzetidir, "Bakı" qəzetidir, müstəqillik illərindən qeyri-leqal nəşrləri vermişəm. "Səhər", "Azərbaycan", "Meydan", "Müxalifət" qəzetləridir. Bunlar da şəhid jurnalistlərimizdir".

Bütün otaqlara baş çəkdikdən sonra F.Əhmədova muzeyə çox önəmli mətbuat nümunələri - "Yeni fikir", "Azərbaycanın səsi", "Mühacir" , "İstiqlal", "Vətən Səsi", "Şərq qapısı" "Yeni Müsavat" və "Azadlıq" qəzetlərinin ilk və ya ilkin nüsxələrini hədiyyə edib:
"Yadınızdadırsa, o vaxt bunların hamısını hamımız alırdıq. Çox da maraqlı informasiyalar olurdu. Çalışdım ki, hamısının ilk və ya ilkin nömrələrini tapım. Mənə maraqlı olan odur ki, 1990-cı ilin 17 yanvar tarixində Mikayıl Müşfiqin ölüm günü ilə bağlı tədbir keçirildi. Çıxış edənlərdən biri də Vahab İsmayılzadə olub. Onun M.Müşfiqin ailəsinə qohumluğu çatır. 20 Yanvarda V.İsmayılzadə şəhid oldu. Düşündüm ki, öncə muzeylə tanış olum, hansı sənədləri verəcəyimi müəyyənləşdirim. İndi baxdım ki, mühacirət dövrü ilə bağlı də sənədlər var. Məndə o dövrdə çıxan broşüralar var. Onları də hədiyyə edəcəm. Çox böyük iş görmüsünüz. "Odlar yurdu"nun bütün nömrələri var. Onu da verərəm sizə. Sizi bir daha təbrik edirəm. İlkə imza atmısınız. Bu təşəbbüs "Şərq" qəzetinə məxsusdur.
A.Aşırlı: Diqqət göstərib bizi ziyarət etdiyiniz üçün və hədiyyələrə görə sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun!
Hazırladı: Ayyət ƏHMƏD