Gəncə şəhər Baş Polis İdarəsi ötən gecə "İmamzadə” ziyarətgahında baş vermiş hadisələrlə bağlı məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, Aşura mərasimi ilə əlaqədar Gəncə şəhərindəki "İmamzadə” Ziyarətgah Kompleksinə gələcək vətəndaşlarımızın təhlükəsizliyini və eləcə də onların məscidə maneəsiz giriş-çıxışını, rahat şəraitdə öz dini ayinlərini yerinə yetirmələrini təmin etmək məqsədilə şəhər axundunun təklifi və razılığına, eləcə də şəhərin Baş Polis İdarəsində əvvəlcədən hazırlanmış "Tədbirlər Planı”na uyğun olaraq əlverişli hərəkət marşurutları müəyyən edilib, qadın və kişilərin fərqli girişlərdən istifadə etməklə ayrı-ayrılıqda ibadət etmələri qərara alınıb: "Bu barədə ərazidə xidmət aparan polis əməkdaşları da təlimatlandırılıb. Mərasimlə əlaqədar məscidə gələn insanlar tətbiq edilən qaydalara tam uyğun olaraq orada öz dini ayinlərini icra etdiblər. Lakin sentyabrın 30-da saat 22 radələrində ziyarətgaha daxil olan insanların coxluğundan əsəbiləşən bir qrup, nəzərdə tutulmuş girişdən imtina edərək, məscidə başqa yerdən daxil olmağa cəhd göstəriblər. Nəticədə, insanların hərəkəti qısa müddətli olsa da çətinləşib, xüsusən qadınlar üçün ayırılmış giriş-çıxışlarda çətinlik yaranıb.
Polis əməkdaşları bu cəhdin qarşısını alaraq onları məsciddə tətbiq edilən nizam-intizam qaydalarına və digər ziyarətçilərin hərəkətlərinə mane olmamağa dəvət ediblər. Bu zaman qayda pozanlarla polislər arasında insident yaranıb. Orada olan nüfuzlu dindarların da yaxından iştirakı ilə 5-7 dəqiqə ərzində insidentin qarşısı alınıb, asayiş tam bərpa edilib, inanclı insanlar rahat və təhlükəsiz şəraitdə öz dini ayinlərini sonadək icra ediblər”.
Qeyd olunan hadisə ilə bağlı zəruri araşdırmalar aparılır.
*****
Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov ötən gecə "İmamzadə” məscidi ətrafında baş vermiş hadisələrlə bağlı açıqlama verib. Lent.az xəbər verir ki, QMİ-nin səlahiyyətli nümayəndəsi bildirib ki, razılaşdırılmış qaydada ziyarətgaha giriş qadınlar üçün bir qapıdan, kişilər üçün isə digər qapıdan təşkil olunub: "Axşam saatlarında bir qrup insanlar ziyarətə qadınlar tərəfindən keçməyə cəhd göstərib, lakin baş vermiş insidentin qarşısı asayiş keşikçiləri tərəfindən qısa zamanda alınıb və sabitlik bərpa olunub. Ziyarətgahda keçirilən mərasim sabitliklə davam edərək, tam təhlükəsiz başa çatıb”.
Qeyd edək ki, artıq ölkənin digər yerlərində də Aşura mərasimləri başa çatıb.