"İndi türkmənlərin taleyi ilə bağlı optimist danışmaq olar” - Konfliktoloq

Elxan Mehdiyev:"Kərkükün Bağdadın əlinə keçməsi və Türkiyənin bu məsələdə Bağdadın yanında olması Türkmənlərin də gələcəyi baxımından müsbət gedişdir"
"Kürdüstanda keçirilən referendumu heç kim tanımır və referendum heç də həmin bölgənin müstəqilliyi demək deyil”.
Bunu "Sherg.az”a İraq ordusunun Kərkük vilayətində əməliyyat keçirməsi ilə bağlı danışarkən konfliktoloq Elxan Mehdiyev deyib. 
O bildirib ki, kərkük türkləri ayrılma tərəfdarı deyil:
"Referendum bir prosesdir, ilkin addımdır. Kürd muxtariyyəti birtərəfli şəkildə, nə İraq mərkəzi hökuməti, nə qonşu Türkiyə və İran, nə də böyük dövlətlərlə razılaşdırılmamış addım atıb. Buna görə, qonşu dövlətlər və İraqın reaksiyası sərtdir və bu, onların çiçəklənən iqtisadiyyatını, xarici əlaqələrini zərbə altına qoyacaq. Geri addım ancaq Kürd muxtariyyətinin itkiləri ilə və mərkəzi hökumətin bu bölgə üzərində güclənməsi ilə müşaiyət olunacaq.
Məsələn, hava və quru sərhədlərinin mərkəzi hökumətin yenidən suverenliyinə keçməsi və enerji resursları üzərində Bağdadın suverenliyinin artması baş verə bilər. Referendum ləğv edilməyəcək, amma sonda onun bölgənin statusuna da köklü təsiri də olmayacaq. Yaxın müddət üçün bu ssenari görünəndir. Təbii ki, onlar da əlverişli yeni tarixi anı gözləyəcəklər”.
Kərkük türklərinin sonrakı aqibətinə gəlincə, E.Mehdiyevin sözlərinə görə, onlar daha çox İraq mərkəzi hökümətinə bağlı qalmağa meyllidirlər:
"İndi isə Kərkükün Bağdadın əlinə keçməsi və Türkiyənin bu məsələdə Bağdadın yanında olması Türkmənlərin də gələcəyi baxımından müsbət gedişdir. Burada əsas məsələ türkmənlərin təhlükəsizliyi, yəni onların öz yurdlarından qovulmamasıdır. Ona görə, türkmənlərin taleyi ilə bağlı indi daha da optimist danışmaq olar”.
Qeyd edək ki, kərkük xalqı şəhərə daxil olan İraq əsgərlərini böyük sevinclə qarşılayıb. İraq ordusuna qarşı vuruşan təkcə Kürdüstan Muxtar Vilayətinin əsgərləri yox, həm də PKK terrorçularıdır.
Aysel Aslan