İngilislər işğal olunmuş ərazilərdə mina axtarmırlar

Görünən odur ki, onlar orda başqa işlərlə məşğul olurlar
Akif Nağı təklif edir ki, işğal olunmuş ərazilər haqqında qanun hazırlansın




Dağlıq Qarabağın minalardan təmizlənməsi işlərini rəsmi Bakının icazəsi olmadan həyata keçirən Britaniyanın "Halo Trust” təşkilatının əməkdaşları özləri minaya düşüblər. Hadisə nəticəsində ofisi Xankəndi şəhərində yerləşən təşkilatın əməkdaşları arasında ölənlər və yaralananlar var. Təşkilatdan deyiblər ki, əlavə məlumat verə bilməyəcəklər.

Ancaq digər mənbələrə görə, hadisə Ağdərə rayonu ərazisində baş verib və ölənlərin sayı 3 nəfərdir. Daha 2 nəfər isə ağır yaralanıb. Son məlumata görə, hadisə "Niva” markalı avtomobilin minaya düşməsi nəticəsində baş verib.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə "Şərq”ə açıqlamasında qətiyyətlə bildirir ki, işğal edilmiş ərazilər haqqında qanun qəbul edilməlidir: "Hansısa beynəlxalq təşkilatın nümayəndəsi Dağlıq Qarabağa qanunsuz səfər edən zaman həmin şəxslər Xarici İşlər Nazirliyinin "qara siyahısı”na salınır və həmin təşkilata rəsmi nota göndərilir. Bütün bunlar isə heç bir effekt vermir. Gördüyümüz kimi, Azərbaycanın işğal olunmuş rayonlarına edilən qanunsuz səfərlər aktual olaraq qalır. Bu işləri sistemli şəkildə görmək lazımdır. Ehtiyac var ki, "Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanun layihəsi qəbul olunsun. Bu məsələ dəfələrlə Milli Məclisdə gündəmə gətirilsə də, layihə bugünədək müzakirəyə çıxarılmayıb. Qanunvericilik bazası yaradılmalıdır ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərinə heç bir ölkə vətəndaşı səfər etməməli, Azərbaycanın icazəsi olmadan heç bir hərəkət həyata keçirilməməlidir. Hətta Minsk Qrupu həmsədrləri belə Azərbaycanın icazəsi olmadan işğal rayonlarına baş çəkməməlidir. Ortada belə bir qanun olmadığı üçün özbaşınalıqlar davam edir. Azərbaycan tərəfi də məsələyə bir qədər boş yanaşır. Güman edirəm ki, sözügedən şirkət minatəmizləmə adı altında orada başqa işlərlə də məşğul olur. Qanun olsa, bütün bunlara hüquqi qiymət verilər. Həmçinin də həmin qanunda qondarma respublika rəhbərliyinin xarici ölkələrə səfərləri barədə maddə də əlavə olunmalıdır. Onlar haqqında məhkəmə qərarları çıxarılmalı, İnterpol xətti ilə axtarışa verilməlidirlər. Səfər etdikləri ölkələrdə həbs olunaraq Azərbaycana təhvil verilməlidirlər”.

Şəymən