İnsident - ərəb turist hesabı vermək istəmədi - YENİLƏNİB




Bakının mərkəzində yerləşən restoranda ərəb turistin etdiyi xuliqanlıq əməli ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, İçərişəhərdəki "Tac Mahal" restoranının sahibi, Pakistan vətəndaşı 1971-ci il təvəllüdlü Malik Azhar Abbas Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan Səid adlı şəxsin 57 manatlıq hesabı ödəmək istəməməsindən sonra narazılığın yarandığını bildirib: "Həmin şəxs hesabı ödəmək istəmirdi. Mən yaxınlaşdım və məsələ ilə bağlı 102-yə zəng edərək məlumat verdim. Sonra polislər gəldi, turist hesabı ödədi və beləliklə məsələ həll edildi".
İş adamı əlavə edib ki, müştəri ona hücum etməyib və restoranda dava-dalaş baş verməyib.
Qeyd edək ki, Malik Azhar Abbas 10 ildən çoxdur ki, Bakıda biznes fəaliyyəti ilə məşğul olur.
*****
30 iyul
Bakıda xarici ölkə vətəndaşları arasında dava-dalaş olub. Lent.az-ın əldə etdiyi məlumata görə, İçərişəhərdə - H.Z.Tağıyev küçəsində yerləşən və Pakistan vətəndaşı olan 1971-ci il təvəllüdlü Malik Azhar Abbasa məxsus "Tac Mahal” restoranında Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı olan Səid adlı şəxs hesabla bağlı narazılığını bildirib. Hesabın şişirdildiyini deyən turist xidmətçilərlə mübahisə edib və məsələni aydınlaşdırmaq üçün obyektin sahibi olan pakistanlı iş adamı masaya yaxınlaşıb. Bu zaman tərəflər arasındakı münaqişə daha da şiddətlənib.
Restoranın sahibi məsələ ilə bağlı polisə müraciət edib.
Qeyd edək ki, Malik Azhar Abbas 10 ildən çoxdur ki, Bakıda biznes fəaliyyəti ilə məşğul olur.