İnternet mediada dönüş yaratmağın vaxtı çatıb
Ekspertlər hesab edir ki, bunun üçün qanun olmalıdır, maliyyə dəstəyi göstərilməlidir
Çap mediası ilə internet medianın rəqabəti son vaxtlar ən çox müzakirə edilən mövzular sırasındadır. Sürətli xəbər erasının gerçəklərini qəbul edərək klassik media ənənələrinin qorunub saxlanılmasının da vacibliyini vurğulayanlar inkişaf etmiş ölkələri nümunə çəkir. Uzağa getməyək. Demokratik dəyərlərə söykənən qardaş Türkiyədə çap mediasının təsiri hələ də çox güclüdür. Efir proqramları hər sabah qəzet manşetlərini, qəzet səhifələrində yer almış xəbərlərin analizi ilə başlayır. Paralel olaraq sosial media üzərindən gələn xəbərlər də oxunur. Lakin Türkiyə kimi hərtərəfli inkişaf yolu tutmuş bir ölkə çap mediasının rolunu, ictimai fikrə təsirini hələ də yüksək önəmsəyir.
Mətbuat Şurasından gələn təklif
"İnternet medianın dövlət tərəfindən maliyyələşməsi vacibdir. Saytlar da klassik Kütləvi İnformasiya Vasitələri kimi dövlət tərəfindən maliyyələşməlidir. Çünki hüquqi baxımdan internet üzərindən yayımlanan xəbər portalları da Kütləvi İnformasiya Vasitələri hesab olunurlar. Eyni zamanda, praktiki baxımdan ictimai fikri formalaşdırmaq missiyası xəbər portallarının üzərinə düşür. Beynəlxalq təcrübə də onu göstərir ki, ictimai fikir daha çox xəbər portalları vasitəsilə formalaşır. Belə bir məqamda Azərbaycanda fəaliyyət göstərən həmin portallar dövlət tərəfindən maliyyələşməlidir”.
Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az-a saytına açıqlamasında deyib.
Mətbuat Şurasının sədri bildirib ki, internet medianın dövlət tərəfindən maliyyələşməsi ona görə aparılmalıdır ki, reklam bazarının tam formalaşmadığı bir zamanda həmin xəbər portalları özlərinin müstəqilliyini saxlaya bilsinlər.
"Həmin portalların maliyyə imkanları yoxdursa, bu və ya digər mənada özlərinin müstəqilliyini itirə bilərlər. Ayrı-ayrı şəxslər, məmurlar xəbər portalları ilə bağlı daha asan "əməkdaşlıq” edə bilər. Bütün bunlar da həmin şəxslər və məmurlarla bağlı baş verən olayların qeyri-dəqiq formada ölkə ictimaiyyətinə çatdırılmasını təmin etmiş olar.
Digər tərəfdən, həmin xəbər saytları Azərbaycanı sevməyən başqa güc mərkəzləri ilə də əlaqədə ola bilər. İndiki şəraitdə əlbəttə ki, bunlar arzuolunmazdır. Bütün bu problemləri aradan qaldırmaq üçün mütləq xəbər portallarını dövlət maliyyələşdirməlidir. Nə zaman ki, onlar reklam vasitəsilə öz müstəqilliklərini təmin edə biləcəklər, ondan sonra həmin xəbər portalları öz gəlirləri hesabına fəaliyyətlərini qura bilər”.
Deputat deyib ki, parlamentin növbəti iclaslarının birində internet medianın dövlət tərəfindən maliyyələşməsi məsələsini qaldıracaq.
"Hazırda internet medianın dövlət tərəfindən maliyyələşməsi istiqamətində müəyyən məsləhətləşmələr aparılır. Yəqin ki, bu sahədə yaranmış problem həllini tapacaq”.
Elşad Eyvazlı: "İmkanlarımızı tam reallaşdıra bilmirik”
Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı Mətbuat Şurası sədrinin təklifinin günün reallığı ilə səsləşdiyini bildirdi:
- İnternet medianın maliyyələşməsi vacib məsələdir. Çünki reklam bazarı bərbad vəziyyətdədir. Hazırkı reklam şərtləri ilə nə işçilərin əmək haqqını, nə də ofis ehtiyaclarını, kirayə haqqını ödəmək mümkündür. "Reklam haqqında” qanun var, çox gözəl də tərtib edilib, müddəalar idealdır. Lakin qanunun icrası yoxdur. Qanunun icrasında problemlər, çətinliklər yaşanır. Bu da internet mediaya öz təsirini əlbəttə ki, göstərir. Medianın ayaqda qalmasının başlıca şərti reklam bazarıdır. 10-15 il öncə vəziyyət nisbətən yaxşı idi. Hazırda isə reklamla özünü dolandıra biləcək media quruluşu tapa bilməzsiniz. Çox müsbət haldır ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və bununla çap mediasına dövlət dəstəyi təmin edildi. Azərbaycan klassik mətbuat ənənələrinə malik ölkədir. Mətbuatın əhəmiyyəti və ictimai fikrə təsiri danılmazdır. Bununla belə müasir həyatımızı internet mediasız təsəvvür etmək də artıq mümkün deyil. Və Mətbuat Şurasının sədri Əflatun Amaşovun bu fikri tamamilə reallığı əks etdirir ki, internet media ictimai fikrin formalaşmasında artıq öncül mövqeyə malikdir. Saniyə-saniyə xəbər yaymaq imkanı internet medianın əhəmiyyətini yüksəldir. İnternet medianın imkanları çox genişdir. Sadəcə, maliyyə problemi, özünü maliyyələşdirmədə ortaya çıxan çətinliklər internet medianın əldə olan imkanlardan kifayət qədər səmərəli istifadəsinə maneə yaradır. Biz daha çox və daha səmərəli iş görə bilərik, lakin bunun üçün maddi imkanlarımız yetərli deyil.
E.Eyvazlı xəbər saytlarının kütləvi informasiya vasitəsi sayılmamasının da problemlərə yol açdığını bildirdi:
- "Kütləvi informasiya vasitələri haqqında” qanun xəbər saytlarına şamil edilmir. Bu o deməkdir ki, xəbər saytları kütləvi informasiya vasitəsi hesab edilmir. Belə olan halda xəbər saytları hansı hüquqi çərçivəyə dayanaraq fəaliyyət göstərməlidir? Deməli, jurnalistikanın etik davranış kodeksini internet mediaya, xəbər portallarına, saytlara hüquqi cəhətdən tətbiq etmək də mümkün deyil. Problemlər də buradan qaynaqlanır. Bəzən internet mediada zərərli informasiyaların yayıldığının şahidi oluruq. Bəzən dövlətimiz, dövlətçiliyimiz əleyhinə yazılar, paylaşımlar da edilir. Lakin bunların qarşısını "Kütləvi informasiya vasitələri haqqında” qanunla almaq mümkün olmur. Ona görə də internet medianın da qanunla tənzimlənməsi təmin edilməlidir.
Təbii ki, hüquqi boşluq internet mediada çalışanları məsuliyyətdən azad etmir. Hansı xəbərin yayılması, necə yayılması, hansı hallarda və hansı xəbərlərə zəruri məhdudiyyət qoyulmasını hər bir jurnalist bilməlidir, çalışıb səhvə yol verməməlidir. Jurnalist üçün hər şeydən öncə dövlətin maraqlarıdır.
E.Eyvazlının fikrincə, maliyyələşmə məsələsinin həlli internet medianın inkişafına təkan verəcək. Lakin problem maliyyələşmənin internet mediaya hansı kriteriyalarla ayrılacağıdır:
- Bu gün yüzlərlə xəbər saytı fəaliyyət göstərir. Kimi dindirsən, deyəcək, ölkənin bir nömrəli xəbər saytıyam. Hər kəs özünü jurnalistikada peşəkar adlandırır. Bir noutbuku olan da indi sayt açıb, xəbər paylaşmaqla məşğuldur. Deyir, filan qədər izləyicimiz var, bu qədər adam səhifəmizi oxuyur və s. Səhv etmirəmsə, internet media ilə bağlı kriteriyalar bir dəfə açıqlanmışdı. Amma məsələ ciddiləşəcəyi təqdirdə yəqin ki, meyarlara yenidən baxılacaq, həm KİV-ə Dövlət Dəstəyi Fondu, həm də aparıcı KİV rəhbərlərinin iştirakı ilə meyarlar müəyyənləşdiriləcək. Məncə, tablonun müəyyənləşməsi üçün monitorinqlərin aparılması, sorğu keçirilməsi də mümkündür. Bütün hallarda hesab edirəm ki, internet mediaya da dövlət dəstəyi bu sahədə müsbət dəyişikliklərə səbəb olardı.
"Yaponiya ən çox qəzet oxunan ölkədir”
Əməkdar jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət internet mediaya dövlət dəstəyi məsələsinin gündəmə gəlməsindən məmnunluq duyduğunu bildirdi:
- Sevinirəm ki, bu məsələ gündəmə gətirilib. Son illərdə tez-tez müzakirə olunan bir məsələdir və hesab edirəm ki, həlli də xeyli müsbət nəticələrə gətirib çıxara bilər. Mən hələ 10-15 il əvvəl aparıcı media quruluşlarını internet mediadan istifadəyə çağırırdım. Mənimlə razılaşanlar da vardı, təklifimi vaxtından əvvəl edilmiş çağırış hesab edənlər də. Zaman göstərdi ki, haqlıymışam. İnternet media sahəsində dönüş yaratmağın vaxtı artıq çatıb. Və bunun üçün də maliyyə dəstəyi əsas şərtdir. Həm də söhbət burada dövlətin qlobal maraqlarından gedir. Bu gün dünyada ucuz qiymətə informasiya oxumaq imkanı var artıq. Bu da internet mediası və sosial mediadır. Hətta sizə deyim ki, sosial media internet medianı artıq üstələyib. Bir misal çəkim. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məmurları sərt tənqid etdiyi çıxışını şəxsi feysbuk səhifəmdə paylaşmışam. 7000 izləyicim var. Baxıram ki, həmin çıxış 300 000 insana görünüb, 150 min nəfər isə baxıb və paylaşıb. Bir paylaşımın gücünü görürsünüz?! Sosial medianın gücü budur. Belə geniş imkanlara malik mediaya pul ayırmağına dəyər. Zəmanəmizdə artıq günlük, saatlıq xəbərlər deyil, saniyə-saniyə xəbər ötürücülükdən söhbət gedir. Saniyəni boşa verdinsə, kimsə səni qabaqlayacaq. Unutmayaq, dünyanın gözü bizdə - Azərbaycandadır. Təlatümlü bir regionda yerləşirik. Hər şeydən ötə, torpaqlarımız işğal altındadır və haqq-ədalət savaşı aparan bir ölkəyik. Bizə ildırım sürətli informasiyalar lazımdır. Əlbəttə, bununla çap mediasının dəyərini azaltmaq kimi bir fikrim, qətiyyən yoxdur. Çağdaş mediada bu gün də öz yeri, dəst-xətti olan qəzetlərimiz var. Və bu gün artıq bir çox mətbu orqanların onlayn versiyaları fəaliyyət göstərir. Bu, məni çox sevindirir. Çap mediasını qoruyaraq, klassik qəzetçilik ənənələrini saxlamaqla yanaşı, onlayn medianı da inkişaf etdirmək çox əhəmiyyətlidir. Söhbət zamanla ayaqlaşmaqdan gedir. Baxın, zaman o qədər sürətlə irəliləyir ki, ardınca qaçmaq və onu haqlamaq zorundasan. İnternet media tam oturuşmamış sosial media onu üstələdi. İndi çevik informasiya almaq istəyən xəbər saytlarına daxil olmağı da vaxt itkisi hesab edir. İnternet medianı sosial media ilə əvəzləyirlər. Əksəriyyət sosial mediadadı, feysbuk üzərindən yazışır, xəbər paylaşırlar. Ona görə də deyirəm ki, onlayn mediaya inteqrasiya olunmayan media quruluşları yaşama haqqını itirəcək.
A.Həsrət hətta inkişaf etmiş ölkələrdə çap mediasının üstün mövqeyini qoruyub saxlamasının öz səbəbləri olduğunu dedi:
- Doğrudur, Türkiyədə çap mediası çox populyardır. Hələ Türkiyəni bir kənara qoyaq, Yaponiya ən çox qəzet oxunan ölkədir. Təsəvvür etmək bəlkə çətindir ki, dünyanı yeni texnologiyaları ilə mat qoyan Yaponiya kimi bir ölkə mütaliə - qəzet, kitab oxumaq üzrə dünyada birincidir. Bunun da özəl səbəbləri var. Yaponlar mühafizəkar və ənənələrə sadiq xalqdır. Orada çap mediası əhəmiyyətini, populyarlığını itirmir. Türkiyədə isə çap mediası ilə bağlı vəziyyət fərqlidir. Türkiyə mətbuatı reklam bazarı sayəsində ayaqda qalır. 80 milyonluq ölkədir, 100 000 nüsxə satılan qəzetlər var. Belə olan halda təbii ki, reklamçılara o qəzetlərə reklam vermək sərf edir. Təsəvvür edin ki, ən azı 100 000 min insan o qəzeti oxuyur. Tirajları böyükdür, geniş oxucu kütləsi var, həm də reklam bazarı işləyir. Belə şərtlərlə çap mediasını saxlamaq asandır. Sərfəlidir də. Bizdə şərtlər fərqli olduğu üçün az maliyyə ilə daha çox informasiya yaymaq barədə düşünməliyik. Bunun üçün də internet medianın inkişafına təkan verilməlidir.
Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb