"Hacı Məmmədovun intiharının səbəbləri müxtəlif ola bilər”.
Bu barədə "Sherg.az”a Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədovun intiharından bəhs edərkən İctimai Tədqiqatlar Mərkəzinin sədri, kriminalist İlqar Altay bildirib.
O qeyd edib ki, intihar, yəni özünü öldürmə insanın düşüncəsində yaranan, ölməyi yaşamaqdan üstün tutma motividir:
"Bu da sonradan hərəkət, yəni bunu həyata keçirmə, özünə qəsd qərar və əmri halına çevrilir. Motivin yaranmasına mənəvi-psixoloji səbəb isə ömürlük dustaq üçün çoxdur, müxtəlif ola bilir. Birincisi, bu qədər amansız qətllər və digər ağır cinayətlər törədən şəxsin əməlləri ifşa olunub. Bu, təbii ki, həmin şəxs üçün bir sarsıntıdır. Belə qətllər əməllərin də psixoloji ağır yükü istər-istəməz daim onu təqib edir, beyin düşüncədən çıxmır. Digər tərəfdən, ömrünü həbsxanalarda keçirən, türmələr adamından fərqli, "paqonlu” zabitin bu cür ağır ifşa və ittihamla birdən-birə vəzifəli hökmlü yüksək şəraitdən həbsxana mühitinə keçidi də çox ağır psixoloji zərbədir. Vəzifəli, xüsusilə hüquq-mühafizə orqanında işləyən şəxsin hətta işdən çıxarılma və cəmiyyətdə adiləşməsi çox vaxt ağır depressiyaya, infarkta, psixi pozğunluğa səbəb olur.
Ömürlük həbs almış şəxslərin əksəriyyəti bu cəzanı ölüm kimi qəbul edir. Bu adam illərlə hüquq-mühafizə orqanında işləyən təcrübəli şəxs kimi bilir ki, törətdiklərinə görə, illər keçsə belə heç vaxt əfvə düşməyəcək. Üstəlik, bu işin və onun özünün şəxsi spesifik xüsusiyyətinə görə, təkadamlıq kamerada qalacaq. Bu da ömürlük cəzanın ağır formasıdır.
Azad olmaq ümidsizliyi və heç kimlə əlaqə olmadan, tək qalmağın psixoloji ağırlığı həmin şəxsin üzərində qalır. Yəni, ortada intihar üçün səbəb çoxdur, hadisə heç də təəccüblü və qəribə deyil. Qəribəlik, müəmma yaradan, intihar baş veribsə belə, bunun bir qədər ətraflı detallı məlumat verilməsində elə bir problem görünmədiyi halda rəsmi açıqlamanın çox cüzi olmasıdır. Məhz bu hal ictimaiyyətdə inamsızlıq, bu adama qəsd edilməsinə şübhə və oradan da söz-söhbət, şaiyələrə gətirib çıxarır. Güman edirəm ki, işin istintaqını aparan prokurorluq sonrakı gedişatda ictimaiyyət üçün daha ətraflı açıqlama verəcək”.
İlqar Altay onu da əlavə edib ki, bu intiharda sual doğuran həmin şəxsin nəzarətsiz qalması sual doğurur:
"Penitensiar xidmət kimi ciddi rejimli sahədə ömürlük həbs almış H.Məmmədov kimi məşhur dustaq, ciddi nəzarətdə olan biri necə imkan tapıb, özünü asa bilib? Məsələn, zəhər içmək, özünü güllə ilə vurmaq kimi bir anın içində olan məsələ deyil, müəyyən zaman tələb edən prosesdir. Bu necə gözdən yayınıb ? Bunu etmək rahat bir işdirsə, indiyə kimi bu 12 ildə bu şəxs MTN, DTX həbsxanasında bu intihara niyə imkan tapmayıb?”
Qeyd edək ki, sabiq baş əməliyyatçı həbsdə olduğu 12 il ərzində ailəsi ilə görüşməkdən imtina edərək yaxınlarından və vəkilindən üz döndərmişdi. Son bir neçə ilədək Hacı Məmmədovla bağlı məlumatları yalnız mərhum Elçin Behbudov mətbuata açıqlayırdı. Behbudovun ölümündən sonra Hacı Məmmədov haqda nadir hallarda hansısa məlumata rast gəlmək mümkün idi.
Ayyət Əhməd