
"İntiharlar tək maddiyyatla bağlı deyil"
"İnsanın ətrafından qəbul etdiyi enerji mütləq onun əhvalına təsir edir""Psixoterapevt olaraq intiharların qarşısını almaq üçün fizikanın enerjinin saxlanması və paylanması qanunundan istifadə edirəm"
Son dövrlər cəmiyyətdə intiharlar yüksələn xətlə artmaqdadır. Hətta azyaşlılar arasında intihar hallarına tez-tez rast gəlinməsi valideynləri narahat edir.
Ömürlərinin ən gözəl çağında canına qəsd edən gənclər niyə çıxış yolunu intiharda görür?
Çoxları bunu maddi sıxıntıların nəticəsi hesab etsə də, tanınmış psixoterapevt-həkim Paşa Yaqub tamamilə əksini düşünür. İntiharların sürətlə artmasının və gənc nəsli əhatə etməsinin səbəbləri ilə bağlı psixoloji monitorinq apardığını deyən P.Yaqub "Şərq"ə açıqlamasında hər gün belə pasiyentlərlə qarşılaşdığını bildirib:
"Onlar arasında apardığım rəy sorğuları göstərir ki, bu hallar tək maddiyyatla bağlı deyil, daha çox psixoloji məqamlarla bağlıdır. Çünki intihara meyilli pasiyentlərin çoxu maddi cəhətdən heç də qohum-qonşusundan pis yaşamır. Onda olan maddi problemlər daha ağır və kəskin formada qonşularında, yaxın ətrafında da var. Amma digərləri bu problemə görə intihar etməyi ağlına belə gətirmədiyi halda, bu adam intihar fikrindən daşına bilmir".
- Niyə eyni problemlərə görə başqaları yox, məhz bu şəxs intihar etmək istəyir?
- Psixoloq olaraq apardığımız test sorğuları göstərir ki, intihar fikrində olan insanda özünə qapanma, səbəbsiz ağrılar, qəlbində sıxılmaları olur. Belə pasiyentlər sevgisiz, həvəssiz olur, yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır. Bəzi xəstələrdə gecələr tez-tez sidiyə getmə, yaxud həzm problemləri olur. Bəziləri isə ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir, səbəbsiz əsəbiləşir və ağlayır. İçindəki sıxıntı, yaxud səs onu intihara sövq edir...

Belə pasiyentlər klinikalara müraciət edərkən, diaqnostik aparatlar ondakı ağrıların səbəbini tapmaqda çətinlik çəkir. Pasiyentdəki ağrılar psixoloji və sinirlə bağlı olduğundan və diaqnostik aparatlar bunu göstərmədiyindən, tibb elmi bu cür xəstələri sağaltmaqda aciz qalır. Xəstədə bu cür halların yaranması və onu intihara sövq etməsi nə tibbin, nə də psixologiyanın qanunlarına uyğundur. Əslində bütün bunlar fizikanın qanunlarına uyğun olaraq baş verir və bu, elmlə də aradan qaldırılmalıdır.
- İntihar hallarında fizikanın hansı qanunlarından söhbət gedə bilər ki?
- Kainat fizikanın qanunları ilə idarə olunur. O cümlədən, insan özü də bir enerji daşıyıcısıdır. Bədənimizdəki ruh, bizə yerləşdirilmiş batareya funksiyasını yerinə yetirir. Nəzərə alsaq ki, hər bir insan ətraf mühitdən daim müsbət və mənfi enerji qəbul edir. Onda dərk edərik ki, qəbul etdiyimiz enerjilər bizim əhvalımıza mənfi və ya müsbət təsir edir.
Fizikadakı sabit və dəyişən cərəyan insanın daxilində, ruhunda mövcuddur. Ətraf mühitdən gələn neqativ enerji ruhumuza düşərək, oradakı sabit cərəyanı dəyişən cərəyana çevirir. Beləliklə, orqanizmdəki sabitlik pozularaq, insanda tez-tez hal dəyişiklikləri baş verir. Vəziyyəti gah yaxşı, gah da pis olur. Bir gün bu orqan, sabah başqa orqan ağrıyır. Ona görə də diaqnostik aparatla baxanda bir gün bir, sabah başqa cür diaqnoz qoyulur. Bu cür "xəstəlik"ləri radara düşməyən raketlərə bənzətmək olar. Neqativ enerji orqanizmdə, daha doğrusu, ruhda daim hərəkət etdiyindən, onu diaqnostik aparatla təsbit etmək mümkün olmur.
Bu cür neqativ enerji ağır formada olduqda, qəlbə şiddətli sıxıntı verir və xəstə daim səbəbsiz yerə ağlayır. Həmçinin, həmin neqativ enerji qəlbdəki sevgi hissini, inam və ümid hissini silir. Beləliklə, xəstədə sabaha inam olmadığından, həmçinin, yaxınlarına və doğmalarına sevgi, məhəbbət hissi qalmadığından, yaşamaq istəmir və intihara meyl edir.
İnsanı həyata bağlayan, onu həyatın çətinliklərinə dözməyə sövq edən, qəlbdəki məhəbbət hissidir. Virus kompyuterdən fayl və proqramları necə silirsə, neqativ enerji də qəlbdən məhəbbət hissini elə silir. Bundan sonra insanı həyata bağlayan heç bir bağ olmadığından, intihar etməsində heç bir problem olmur. Müasir dövrümüzdə cəmiyyətdə neqativ enerjilər çox yayıldığından, insanların qəlblərindən məhəbbət hissi ya tamamilə silinmiş, ya da azalmışdır. Cəmiyyətdə inamsızlığın və ümidsizliyin artması da məhz bu amillə bağlıdır və fizikanın qanunları ilə izah olunur.
- Bəs bu əlamətlər necə aradan qaldırılmalıdır, xəstə necə müalicə olunmalıdır?
- Problem fizikanın qanunları ilə yarandığı kimi, onun həlli də bu qanunauyğunluqla aparılmalıdır. Bir psixoterapevt olaraq intiharların qarşısını almaq üçün fizikanın enerjinin saxlanması və paylanması qanunundan istifadə edirəm. Yəni, ustalar virus düşən kompüteri format edib, pozulmuş fayl və proqramları yenidən bərpa etdikləri kimi, mən də insanın qəlbindən neqativ enerjini təmizləyib, pozulmuş sevgi, məhəbbət və inam hissini yenidən bərpa edirəm. Nəzərə almaq lazımdır ki, kompüter insanın alt kopyası olaraq yaradılıb. Odur ki, onda gedən bütün proseslər bu və ya digər formada "üst kopya" olan insanda da baş verir. Sadəcə, insan kompüteri kəşf etsə də, özünü kəşf etməkdə acizdir. İnsanı ancaq elmi-lədunla (elmin alt qatını bilməklə) kəşf etmək və ondakı bütün problemləri həll etmək mümkündür. Bu elmi bilməklə, hətta, insanda olan narkomaniya, alkoqolizm kimi zərərli vərdişləri də birdəfəlik silmək mümkündür.
Psixoterapiyanın və elmi-lədunun sintezindən yaratdığım özüməməxsus müalicə metodu ilə ilk seansdan sonra yuxarıda sadaladığım bütün əlamətlər (səbəbsiz əsəbiləşmə, səbəbsiz ağlama, izlənmə və qorxu hissi, ağrılar, qəlb sıxıntısı və s.) pasiyentdən yoxa çıxır və bir daha intihar fikrinə düşmür.
Sadaladığım əlamətlərdən bir neçəsi olan qızlar heç vaxt sevərək ailə qurmurlar. Kiminsə təkidi ilə ailə qurduqda isə ailə həyatı onlar üçün cəhənnəmə çevrilir. Qəlblərindəki sıxıntı və gərginlikləri birə beş artır. İlk hamiləliklərini də beləcə əsəbi, gərgin və şiddətli ağrılarla keçirirlər. Nəticədə ilk doğulan uşaq ya autizmli, ya da ki, digər problemlərlə doğulur.
Doğuşdan sonra həmin anada daxili sıxıntı azalır. Lakin, əsəbi uşaq bundan sonra ananın rahatlığını əlindən alır, ona dinclik vermir. Odur ki, qızlarda yuxarıda sadaladığım neqativ əlamətlər az da olsa müşahidə edildikdə, mütləq onu yaradan neqativ enerjidən xilas olub, sonra ailə qurmaları məsləhətdir.
Yeganə Bayramova