"İran Azərbaycanda dərman və avtomobil sahəsinə sərmayə qoyub" - İqtisadçı





"İran və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi hər iki ölkənin iqtisadiyyatına faydalıdır”.

Bunu "Sherg.az”a İran prezidenti Həsən Ruhaninin də iştirakı ilə keçirilən Azərbaycan-İran biznes forumunun iqtisadi əhəmiyyətindən danışarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, son dövrdə iki ölkə arasında ticarət dövriyyəsində artımlar müşahidə olunur:

"Əvvəlki illərdə ticarət dövriyyəsi 150 milyon dollar civarında idisə, hazırda bu rəqəm 240 milyon dollardan çoxdur. Mövcud potensialı nəzərə alsaq, bu rəqəm bir qədər də artırıla bilər.

İranla Azərbaycan neft yataqlarının işlənməsi ilə bağlı razılıq əldə etdi. Xüsusilə, burada söhbət "Alov” yatağının istifadəsindən gedirdi. Azərbaycan Xəzər dənizindəki mübahisəli yataqların işlənməsi ilə bağlı İran və Türkmənistana uzun müddət əvvəl müraciət etmişdi. Həmin yataqlar keçmiş SSRİ dövründə imzalanan müqaviləyə əsasən Azərbaycan ərazisində sayılır. Xəzərin hüquqi statusu müəyyənləşməsə də, praktiki olaraq razılaşma mübahisəli yataqlar məsələsinə son qoydu. Bu, hər iki dövlətin və xalqın gəlirlər əldə etməsini təmin edəcək”

V. Bayramov İran və Azərbaycan arasında nəqliyyat sahəsində, Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı görülən işləri də yüksək dəyərləndirib:

"Azərbaycan və İran Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir. Bu nəqliyyat dəhlizi beynəlxalq yükdaşımaları artırmaq imkanına malikdir. Bu baxımdan xüsusən nəqliyyat sahəsində əməkdaşlıq tərəflərə beynəlxalq yükdaşımaların həcmini artırmağa, qeyri-neft sektorunu inkişaf etdirməyə imkan yaradacaq. 

Azərbaycanda qeyri-neft sektoruna inkişafına İrandan sərmayələrin cəlb edilməsi sahəsində artıq ilk addımlar atılıb.

Azərbaycanda dərman və avtomobil istehsalı sahəsinə İran sərmayələri qoyulub. Nəqliyyat, enerji, maliyyə, aqrar və digər sahələrdə əməkdaşlıqla bağlı isə addımlar atılır və son görüşdən sonra bu əməkdaşlığın genişlənəcəyi görünür”.

Qeyd edək ki, martın 28-də İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfər edib. İran nümayəndə heyətinə İran xarici işlər naziri, neft naziri, sənaye, mədən və ticarət naziri, idman və gənclər naziri, İran prezident aparatının rəhbəri və nəqliyyat naziri daxil olub.

Aysel Aslan