İran və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi... - Müsbət təsirlər





"İran və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi İran vətəndaşlarına Azərbaycan hava limanında avtomatik şəkildə viza ilə təmin olunmağa imkan verəcək”.

Bu barədə "Sherg.az”a Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və "Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov məlumat verib. 

O xatırladıb ki, əvvəlki qaydaya əsasən, Azərbaycana gəlmək istəyən İran vətəndaşları müvafiq qaydada əvvəlcədən müraciət etməli olurdu:

"Bu proseslər müəyyən mənada vətəndaşlar üçün vaxt itkisinə səbəb olurdu. Həmçinin istər-istəməz müəyyən ləngimələr, İran vətəndaşlarının narazılığı yaranırdı. Artıq viza rejiminin sadələşdirilməsi insanların rahat şəkildə Azərbaycana gəlməsinə imkan verir.

Yeni qaydalar İran vətəndaşlarının maraqlarını təmin edir. Bu həm də iki dövlət arasında olan miqrasiya məsələlərinə müsbət təsir göstərən haldır”.

Qeyd edək ki, Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirib. İran vətəndaşları Azərbaycanda hava limanında viza alacaq. Məlumat üçün bildirək ki, İran da Türkiyə kimi bir neçə il öncə Azərbaycanla viza rejimini ləğv edib. Azərbaycan isə bəzi kateqoriyaya aid şəxslər istisna olmaqla, bu ölkələrlə viza rejimini ləğv etməyib.

Aysel Aslan