"İranda son günlər baş verənlər daha çox sosial problemlərlə bağlıdır”.
Bunu "Sherg.az”a İranda baş qaldıran etirazlarla bağlı danışarkən siyasi şərhçi Azər Rəşidoğlu söyləyib.
O vurğulayıb ki, Səudiyyə Ərəbistan Vaşinqtonun dəstəyi ilə bölgədə yeni savaş alovlandırmaq niyyətindədir:
"Tehran bu savaşda maraqlı deyil. İraqla 8 il davam edən savaş İran üçün fəlakət oldu. İran yeni-yeni bərpa olub, elmini, sənayesini, iqtisadiyyatını inkişaf etdirir. Lakin burada bir məqam da mövcuddur. İran ordusu Səudiyyə ordusundan güclüdür, savaş başlasa, bu, Səudiyyənin sonu olar. İran və "Hizbullah" Səudiyyənin yuxusunu qaçıran bir qüvvədir. Bu dövləti İrana qarşı savaşa təhrik edən Vaşinqtonun niyyəti isə başqadır. Ərəbistanın Şərqində yüz minlərlə şiə yaşayır və onlardan hələ istifadə edilməyib. Şiə dövləti olan İrana qarşı savaş Səudiyyənin parçalanması anlamına gəlir.
Amerikanın hədəfində nüvə silahına malik olan Pakistanı məhv etmək, Türkiyəni parçalamaq, İran ərazisində etnik savaşa nail olmaq durur. İranda rejim devrilərsə, milli və dini zəmində başlayacaq savaş bölgəni, o cümlədən, Azərbaycanı öz ağuşuna ala bilər. Lakin İranda hazırda mühafizəkar qüvvələr kifayət qədər güclüdür və istənilən etirazları yatırda bilirlər. Sosial narazılıqlar isə artmaqdadır. Bu, dəyişikliklərin labüd olduğunu göstərir. İran elitasında ciddi parçalanma var və ölkənin inkişafı ilə bağlı müxtəlif fikirlər də mövcuddur”.
İranda inqilabın liderləri, Xomeyni və Xameneyinin portretlərinin yandırılmasının sıradan hadisə olmadığını vurğulayan A.Rəşidoğlunun sözlərinə görə, Xomeyni bir simvoldur:
"Xameneyi ölkənin birinci şəxsi və ən əsası qeyri-məhdud hakimiyyəti özündə ehtiva edən Vilayəti-Fəqihdir. Vilayəti-Fəqih nəzəriyyəsi Xomeyni tərəfindən irəli sürülüb. Məqsəd İslam hökuməti qurmaq ixtiyarına sahib olmaq hüququnu əldə etmək olub. Bu nəzəriyyəyə qədər Cəfəri məzhəbində İslam hökuməti qurmaq hüququ Hz.Məhəmmədə və 12 İmama aid idi. Şiələr hesab edirdi ki, indiyə qədər əsl İslam hökuməti iki dəfə qurulub. Bunlardan birincisi Hz.Məhəmmədin Mədinədə qurduğu hökumətdir. İkincisi isə Hz.Əlinin xəlifəliyi dövrüdür. Növbəti İslam hökumətini isə şiələrin qeybə çəkildiyi dedikləri 12-ci imamı qura bilər. Lakin Xomeyni Vilayəti-Fəqih nəzəriyyəsini irəli sürərək 12-ci imamın zühuruna qədər təqlid edilən (mərceyi-təqlid) müctəhidlərdən birinin İslam hökuməti qura biləcəyini bəyan etdi və ilk Vilayəti-Fəqih də özü də oldu. Onun ölümündən sonra bu status Xameneyiyə keçdi. Bir türkün (Xameneyinin-red) bu statusda olması, təbii ki, ərəb millətçilərini qəzəbləndirir.
Vilayəti-Fəqih fəqihlər məclisi tərəfindən seçilir. Vilayəti-Fəqih hakimi mütləqdir. O, siyasi, iqtisadi, hərbi, hətta şəxsi məsələlərə müdaxilə edə biləcək hüquqa malikdir. İran rejimi Vilayəti-Fəqih üsul-idarəsinin diktaturadan fərqli olduğunu iddia edir. Əsas arqument Vilayəti-Fəqihin İslam hökmləri əsasında ədalətə söykənməsidir. Vilayəti-Fəqih məsumiyyət baxımından Hz.Məhəmməd və 12 İmamla eyni dərəcədə tutulmasa da, idarəçilikdə eyni hüquqa malikdir. Vilayəti-Fəqih müqəddəsata aid şəxsiyyətdir və təkcə İranın deyil, dünyadakı bütün şiələrinin rəhbəridir. Bu baxımdan, Xameneyinin portretlərinin yandırılması Vilayəti-Fəqih üsul-idarəsinin özünü doğrultmadığının, ədalət prinsiplərinə söykənməyərək diktaturanın başqa şəkil aldığının isbatı cəhdi hesab edilə bilər. İstənilən halda, hadisələrin mərkəzində Vaşinqton dayanır.
İran elitasında isə ciddi parçalanma var, ölkənin inkişafı ilə bağlı müxtəlif fikirlər də mövcuddur. Deməli, proseslər hələ davam edəcək”
Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt, dekabrın 29-da paytaxt Tehranda etiraz aksiyaları başlayıb. Qərb KİV-i indiyə qədər aksiya iştirakçılarından ən azı 20-nin öldürüldüyü barədə məlumat yayıb. ABŞ prezidenti D. Tramp dəfələrdə "Twitter” sosial şəbəkəsindəki səhifəsində aksiyaçılara dəstəyini ifadə edib.
Aysel Aslan