Fərhad Eyyubov: "Həmin yolun altında çox əvvəldən çəkilən kanalizasiya xətlərinin olması barədə Azərsu”nun da məlumatı olub. Bu əvvəldən kordinasiya edilsəydi, belə çökmə baş verməzdi"
"Bəzi yerlərdə yol çəkilişində yenidənqurma işləri aparılırsa, koordinasiya işlərində həm "Azərsu”, həm başqa təşkilatlar birlikdə çalışaraq kommunikasiya xətləri keçən hissələri öyrənməlidirlər”.
Bunu "Sherg.az”a bu gün Bakıda yeni çəkilən yolun çökməsinin səbəbini izah edərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib.
O bildirib ki, xüsusi müasir texnikalar var, yerin altındakı nasaz vəziyyət olan boruları aşkar edir:

"Həmin yolun altında çox əvvəldən çəkilən kanalizasiya xətlərinin olması barədə Azərsu”nun da məlumatı olub. Bu əvvəldən kordinasiya edilsəydi, belə çökmə baş verməzdi.
Ancaq şəhərdə elə yerlər var ki, bir-birindən asılı şəkildə xarab olur. Elə yer var ki, orada nəqliyyat axını ya çoxdur, ya da təmiri vaxtında bağlaya bilmirlər, başdansovdu edirlər. Bunun səbəbində belə qəzalar baş verir.
Belə hallar bütün ölkələrdə baş verir. Sadəcə bir var ki, bu bədbəxt hadisə ola, bir də var ki, əvvəldən buraxılan nöqsanlar qəzalara şərait yaratsın. İş nöqsanlar üzərində qurulanda nəticə belə olur.
Düşünürəm ki, müvafiq qurumlar bir-biri ilə əlaqəli şəkildə işləməlidirlər. Əvvəl kanalizasiya xətləri bərpa edilsin, sonra yol çəkilsin. Hazırda şəhərdə bir çox elə yerlər var. Bu, bir növ dərs olmalıdır ki, yeni çəkilən yollarda bütün bunlar nəzərə alınsın”.
Qeyd edək ki, çökmə paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin ("İmperator" şadlıq sarayının qarşısı) bir hissəsində qeydə alınıb. Çökmənin səbəbi isə həmin yolun altından keçən kanalizasiya kollektorunun istismar müddətinin bitməsi olub. Kollektorun çökməsi nəticəsində yolda çökmə baş verib.
Aysel Aslan