İŞİD-in son dayanacağı Əfqanıstandır

Bu ölkənin relyefi terrorçular üçün münbit şərait yaradır
“Mərkəzi Asiya regionunda Yaxın Şərq ssenarisinin təkrarlanmasına cəhd edilir”



"Suriya və İraqda məğlub edilən İŞİD-in son dayanacaq nöqtəsi Əfqanıstandır”. Bunu Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, coğrafi cəhətdən çətin dağlıq relyefə malik olan Əfqanıstan terror təşkilatının güclənməsi üçün əlverişli yer hesab olunur. Ekspert son günlərdə Əfqanıstanda terrorun intensivləşdiyinə diqqət çəkib:

 "Əsasən hökumət qüvvələrinə və Talibana qarşı vuruşan İŞİD-in əsas məqsədi Mərkəzi Asiya daxil olmaqla, Əfqanıstanda "xilafət” yaratmaqdır. Böyük maliyyə resurslarına malik olan terror təşkilatı Əfqanıstanda yerli qəbilələri öz ətrafına cəlb etməklə, böyük ərazilərə nəzarəti hücumsuz ələ alır və yerli tayfa liderlərinin dəstəyini qazanır. 

İŞİD-in Əfqanıstanda əsas missiyası Çin və Rusiyanı regiondan uzaqlaşdırmaq və Çinin Uyğur bölgəsinə sızaraq bu ölkəni terrorun hədəfinə gətirməkdir. Çünki Çin Mərkəzi Asiya və Cənubi-Şərqi Asiyada ABŞ-la geosiyasi rəqabətdədir. Müəyyən güclərin əlində alət olan beynəlxalq terror təşkilatı daha böyük strateji böhrana səbəb ola biləcək ssenarilərə hazırlanır. Uzun illərdir Əfqanıstanda əsas silahlı müxalifət olan Talibana Rusiya hərbi-texniki dəstək verir. Çünki İŞİD-in Mərkəzi Asiyaya yayılmaması üçün Taliban əsas sipər rolunu oynayır və bu terror təşkilatının Əfqanıstanda zəiflədilməsində əsas tərəfdi”. 

Analitik vurğulayıb ki, Əfqanıstanda Rusiya və ABŞ-ın maraqları yenidən toqquşur:

"Amerika Talibanı silahlandıran Rusiyaya qarşı terror təşkilatından istifadə edir. Hazırda ABŞ Prezidenti Donald Trampın Pakistana maliyyə yardımının dayandırılması barədə qərar verməsi, məhz rəsmi İslamabadın Talibana dəstəyindən irəli gəlir. Çünki Taliban həm Rusiya, həm də Pakistanın dəstəyi ilə güclənərək İŞİD-in Əfqanıstanda yox edilməsinə çalışır. Nəticə etibarı ilə Mərkəzi Asiya regionunda Yaxın Şərq ssenarisinin təkrarlanmasına cəhd edilir”.

İsmayıl