"İslam Hərbi Alyansı Azərbaycana kömək etməyəcək" - ASİM MOLLAZADƏ




"Azərbaycan terrorla mübarizə məqsədilə bu istiqamətdə fəaliyyət göstərən təşkilatlara daxil olur”.

Bunu Sherg.az-a Azərbaycanın İslam Hərbi Alyansına daxil olmasına münasibət bildirərkən, Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. 

Millət vəkili qeyd edib ki, İslam Hərbi Alyansı təşkilatı da terrorla mübarizə məqsədilə yaradıldığından ölkəmizin qoşulması bu sahədə daha effektiv mübarizə aparılmasına təkan verəcək: 

"Azərbaycan dəfələrlə erməni terroruna məruz qalıb və buna görə terrorun insanlığa qarşı cinayət olduğunu yaxşı bilir. Ona görə də, dövlətimiz terrorla mübarizəyə dəstək olan təşkilatların işində iştirak edir ki, cinayətlərin qarşısının alınmasına töhfə versin. Lakin Azərbaycanın bu təşkilatın üzvü olması Qarabağ münaqişəsinin həllində heç bir köməklik göstərməyəcək. Sadəcə olaraq, Azərbaycan Silahlı Qüvvələri bu əməkdaşlıqdan bəhrələnərək, öz qüvvəsini artıra bilər”.

A. Mollazadə əlavə edib ki, hərbi təşkilat olmasına baxmayaraq, İslam Hərbi Alyansı sülhməramlı qüvvələr və hərbi birləşmələr vasitəsilə Azərbaycana kömək göstərməyəcək:

"Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi Ermənistan tərəfindən tam şəkildə dayandırılıb. Hansısa sülhməramlı qüvvələrin və ya digər texniki məsələlərin müzakirəsi artıq gecdir”.

Qeyd edək ki, Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib.
Aysel Aslan