"İslamda Aşura deyilən məclis yoxdur" - İlahiyyatçıdan iddia

Elşad Miri: "Aşura məclislərinə getmək nə ilə bağlıdır? Dinlə bağlı deyil ""Valideynə izah olunmalıdır ki, uşağın özünün psixoloji yanaşma tərzi, hər yaşa uyğun psixologiyası var. Uşağı ora aparmaqla özlərinə zəncir vuranları görmək, qan çıxmasına baxmaq psixoloji travma yaradır"
"Əvvəl anlamaq lazımdır ki, İslam dinində Aşura deyilən məclis anlayışı var, yoxsa yox?”
Bu sözləri "Sherg.az”a uşaqların aşura məclislərinə aparılmasına münasibət bildirərkən ilahiyyatçı Elşad Miri deyib. 
O bildirib ki, belə bir tədbir, məclis yoxdur:
"Bəs Aşura məclislərinə getmək nə ilə bağlıdır? Dinlə bağlı deyil. Sadəcə bu müəyyən dövrlərdə istifadə olunan məsələnin Azərbaycana gətirilməsi, bu gün isə onlara inananların getməsidir. Digər tərəfdən belə məclis təşkil olunubsa, insanlar gedirsə, heç kim uşağını aparmağı o valideynlərə qadağan edə bilməz. Valideynə izah olunmalıdır ki, uşağın özünün psixoloji yanaşma tərzi, hər yaşa uyğun psixologiyası var. Uşağı ora aparmaqla özlərinə zəncir vuranları görmək, qan çıxmasına baxmaq psixoloji travma yaradır. Bunu izah etmək lazımdır. Qadağalarla bir şeyə nail olmaq mümkün deyil”.
E.Miri onu da əlavə edib ki, övladını düşünən, bunun onun psixologiyasına pis təsir edəcəyini bilən valideyn uşağını aşura məclisinə aparmaz:
"Az yaşlı uşağını ora aparanlar bunun fəsadlarını başa düşməyən insanlardır”.
Ötən illərə nisbətən bu il aşura mərasimlərinin daha canfəşanlıqla keçirilməsinə gəlincə, ilahiyyatçı söyləyib ki, bu istiqamətdə müqayisə aparmayıb:
"Deyə bilmərəm ki, bu il əvvəlkilərdən daha təntənəli aşura mərasimləri keçirildi. Müəyyən statistika olmalıdır ki, bunu deyə bilək. Konkret insan sayı, rəqəmlər, statistika olmadığı üçün əvvəlki illərə nisbətən bu il aşura mərasimlərinin daha təntənəli keçirilməsi yalnız mülahizədir”.
Qeyd edək ki, millət vəkili Zahid Oruc da uşaqların aşura mərasimlərinə aparılmasının yolverilməz olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanda insanlar imam Hüseyn şəhidliyini ağrı-acı ilə qeyd edirlər. Bunlar başa düşüləndir:
"Mərasimlər keçirilərkən paralellər aparmağa çalışırıq. "İmam Hüseynin müsibəti”, "İsa Məsihin çarmıxı” din və qeyri-din adamlarını düşündürməlidir. Xristian cameəsi zəncirlə, göz yaşlarını bu formada ictimailəşdirib balaca uşaqların həyat yaşantısına çevirirmi?”
Aysel Aslan