Gürcüstandakı soydaşlarımız daha çox Azərbaycana və Türkiyəyə axın edir
Əslən Borçalıdan olan bir qrup ziyalı tərəfindən gürcüstanlı soydaşlarımızın miqrasiya sahəsindəki problemlərinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə "Soydaş haqqında" Qanunun qəbul edilməsinin vacibliyi ictimailəşdirilib.
Qafqazşünas Kamran Ramazanlı çıxışında qeyd edib ki, Gürcüstandan Azərbaycan Respublikasına tələbələr, işləməyə gələnlər, Qamsaxurdiyanın hakimiyyəti zamanında öz dədə-baba yurdlarından qovulanlar, qarışıq nikahlı ailələr gəlir.
O qeyd edib ki, Azərbaycanda iş icazəsi almaq üçün rüsumlar çoxdur. Tibbi müayinələrdə də qiymətlər bahadır: "Gürcüstanda iş yerləri çox məhduddur. Soydaşlarımız iş üçün Türkiyəyə və Azərbaycana daha çox üz tuturlar. Rusiyaya gediş-gəliş məhduddur. Türkiyəyə və Azərbaycana iş dalınca gedənlərin ailələri Gürcüstanda qalır. Onlar iş müddətləri bitəndə geri qayıdırlar. Onlar Belarus və digər ölkələrə gedəndə həm geri qayıtmırlar, həm də ailələrində ciddi problemlər yaranır".
K.Ramazanlının sözlərinə görə, Gürcüstanda 500 minə yaxın soydaşımız yaşayır. Təxminən o qədər də Borçalı əsilli vətəndaşlar Azərbaycanda yaşayırlar: "Hər bir ailənin, heç olmasa, bir üzvü Azərbaycandadır. Elə ahıl insanlar var ki, onların övladları Azərbaycanda yaşayır və işləyirlər. Ahıl və ahıl yaşda xəstə insanlara orada diqqət və qayğı göstərən olmadığından onlar məcburiyyətdən Azərbaycana öz övladlarının yanına gəlməyə məcbur olurlar. Onların da qeydiyyatından bir gün keçsə, 300- 400 manat cərimə ödəməlidirlər".
Daha sonra tədbirdə çıxış edən qonaqlar təklif ediblər ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ziyalılar və QHT-lərlə birgə ictimai dinləmə keçirsin, Miqrasiya Xidməti Azərbaycan Respublikasının Milli Məclisi ilə birgə problemlərin tam aradan qaldırılması üçün "Soydaş haqqında” Qanunun qəbulunda iştirak və yardım etsin.
Əslən Boçalıdan olan, tarixçi-alim Kərəm Məmmədov isə məsələ ilə bağlı "Şərq”ə açıqlamasında 5 ildən çoxdur bu məsələni problem səviyyəsində qaldırdıqlarını deyib:
"Gürcüstan azərbaycanlıları miqrasiya problemləri ilə bağlı bir neçə il əvvəl əlaqədar dövlət başçısına müraciət ünvanlayıb. Müraciət etmişdik ki, övladları Azərbaycanda yaşayan təqaüdçülərin 3 aydan bir gəlib-gedişinə icazə verilsin. Ölkəyə daxil olan Gürcüstan azərbaycanlılarına limit qoyub, onları cərimələmək doğru deyil. Qaldı ki, soydaşlarımızın iş üçün Türkiyəyə və Azərbaycana daha çox üz tutması probleminə, belə məsələləri heç Avropa Birliyi həll edə bilmir. Azərbaycan və Gürcüstan kimi kiçik dövlətlərin bu problemin öhdəsindən gəlməsi real görünmür. Kapitalizmin qaydası budur ki, harda iş varsa, ora axın güclənir”.
Borçalıdan olan ziyalılar hesab edir ki, Gürcüstandakı soydaşlarımızın statusu xarici ölkə vətəndaşlarının statusu kimi götürülməməlidir. Onsuz da qonşu ölkədə yaşayan insanlarımızın durumları ürəkaçan deyil. Yeni problemlər yaradaraq, yeganə ümid yerləri olan doğma vətənlərindən soydaşlarımızı "didərgin" salmaq düzgün deyil. Güman edirlər ki, bu yöndə aparılan çalışmalar, cəhdlər öz müsbət nəticəsini verəcək və soydaşlarımız üçün mümkün olan yardımlar, güzəştlər ediləcək.
Şəymən