Əgər Avropa İttifaqı Şurası Bakıya öz nümayəndə heyətini göndəribsə, deməli, əməkdaşlığa daha çox onların ehtiyacı var
“Azərbaycanın xarici əlaqələrində bərabərhüquqlu, qarşılıqlı hörmət və biri-birinin daxili işlərinə qarışmamaq siyasəti həlledici amildir”
Oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşüb. Məlumdur ki, nümayəndə heyətinin Azərbaycana səfəri qurumla Bakı arasında durğunluğu aradan qaldırmaq məqsədi güdürdü.
Çünki Avropa Şurasında məskən salmış erməni lobbisinin maraqlarına işləyən anti-Azərbaycan şəbəkəsinin üzvləri, baş katib T.Yaqlandın da daxil olduğu ermənipərəst qrup Azərbaycanla münasibətlərin korlanması üçün var-gücünü ortaya qoyub. Əlbəttə, bu dairələr ağıllarının ucundan belə keçirmirdilər ki, əks reaksiya ilə üzləşə bilərlər.
Düşünmürdülər ki, "Avropa İttifaqından çıxmaqla hədələnən rəsmi Bakı özü bu qurumdan könüllü imtina edə bilər. Əlbəttə, bu addımdan itirən Azərbaycan yox, Avropa olacaqdı. Çünki Avropanın enerji təhlükəsizliyinin təminatında yeganə alternativ olan, Şərqlə Qərbin, Şimalla Cənubun birləşdirilməsində nəqliyyat körpüsü rolunu oynayan Azərbaycanı itirmək qitə üçün müsbət heç nə vəd etməzdi. Onsuz da Dağlıq Qarabağ münaqişəsinin həllində real iş ortaya qoymayan Avropa Şurası cəmiyyətimizin ümidlərini puça çıxarıb, quruma qarşı ümidsizlik yaradıb.
Birdə ki, əgər Avropa Şurası Bakıya öz nümayəndə heyətini göndəribsə, deməli, əməkdaşlığa daha çox onların ehtiyacı var. Avropalı diplomatları qəbul edən Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan istənilən xarici ölkə, beynəlxalq təşkilat, o cümlədən, Avropa İttifaqı Şurası ilə yalnız bərabərhüquqlu əməkdaşlıqda maraqlıdır. Bu mənada, qurumla Azərbaycan arasında "Şərq Tərəfdaşlığı” proqramına uyğun olaraq imzalanacaq yeni saziş hər iki tərəf üçün cəlbedici olmalı, qarşılıqlı maraq doğuran real fəaliyyəti özündə ehtiva etməlidir. Yəni, Brüssel hər ölkə ilə əməkdaşlığa fərdi müstəvidə baxmalıdır. Bu proqrama daxil olan digər ölkə ilə hansı şərtlərlə müqavilə imzalanıbsa, bu, o demək deyil ki, rəsmi Bakı da oxşar sazişə qol çəkməlidir.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib ki, Prezident Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən çox ciddi məqamlara toxunub.
Deputatın sözlərinə görə, ən mühüm məsələ tərəflər arasındakı əlaqələrin bugünü və perspektividir:
"Prezident bir daha nəzərə çatdırdı ki, Azərbaycanın xarici əlaqələrində bərabərhüquqlu, qarşılıqlı hörmət və biri-birinin daxili işlərinə qarışmamaq siyasəti həlledici amildir. Bununla yanaşı, dövlət başçısı qonaqların nəzərinə çatdırdı ki, Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti Avropa İttifaqı ilə münasibətlərdir. Çünki bu münasibətlər strateji mahiyyət daşıyır. Biz fundamental məsələlərdə ortaq mövqeyə malikik. Xüsusilə, enerji təhlükəsizliyi, demokratik dəyərlərin və insan hüquqlarının qorunması məsələsində eyni prinsipləri paylaşırıq. Prezident vurğuladı ki, gələcəkdə ikitərəfli münasibətlərin yeni səhifəsi açılacaq və strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq”.
E.Nəsirov bildirib ki, dövlət başçısı Avropa Şurası ilə olan gərginliyə də münasibət bildirib və mövcud duruma görə, haqlı olaraq qarşı tərəfi tənqid edib:
"Qitənin digər qurumu olan Avropa Şurası ilə Azərbaycanın münasibətlərində müəyyən problemlər var. Məlumdur ki, AŞ-nin rəhbərliyi səviyyəsində Azərbaycana təzyiqlər edilir. Qərəzli mövqe Brüssel-Bakı münasibətlərində gərginliyin yaranmasına səbəb olur. Xüsusən, Avropa Şurasının baş katibi Yaqlandın Azərbaycan əleyhinə səsləndirdiyi əsassız fikirlər, ölkəmizi qurumdan çıxartmaqla hədələməsi qəbuledilməzdir.
Azərbaycan tərəfi belə yanaşmalara qarşıdır. Bu mənada ölkə ictimaiyyəti də haqlı olaraq narazılıq edir. Prezident məsələni gündəmə gətirdi və gərginliyə görə qarşı tərəfin günahkar olduğunu dedi”.
İsmayıl