Dekabrın 23-də Şahdağın zirvəsində itkin düşmüş 3 alpinistimiz - Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu və Cəbrayılzadə Fəridə Cəbiyulla qızı haqqında hələ də məlumat yoxdur. Axtarış qrupları, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis bu ərazidə axtarışları indiyədək davam etdirir. Hətta bir neçə əvvəl axtarışa xarici mütəxəssislərin cəlb edildiyi də mətbuata açıqlandı.
Sosial şəbəkələrdə və cəmiyyətdə isə alpinistlər, onların axtarışı ilə bağlı müxtəlif fikirlər, hətta tənqidlər səsləndirilir. İcatimiyyətin onların həyatı ilə bağlı narahat olduğu halda Fəridə Babayeva adlı sosial şəbəkə istifadəçisi qadın alpinisti tənqid atəşinə tutub. Onun statusunu olduğu kimi təqdim edirik:
"Orada itən Fəridə xanıma deyən lazım, kişiləri anladıq, sən qadın xeylağı, bu qışın qar çağında orada nə itin azıb? Oturub, evdə biş-düşlə məşğul olmursan ki, indi bu hala düşmüsən”.
Bu yanaşmanı kəskin şəkildə pisləyən hüquq müdafiəçisi Novella Cəfəroğlu "Sherg.az"a söyləyib ki, Fəridə Babayeva adlı bu qadın və onun kimi düşünənlərlə qəti razılaşmır: "Qadınların uğurlu olması, fərqli peşələrdə çalışması cəsarəti həmişə başqa qadınlar tərəfindən tənqid olunur. Bu qısqanclıq hər zaman var, olacaq da. Hələ də təfəkkür yetişmir ki, hər bir müstəqil qadın arxasınca çox sayda müstəqil qadın aparacaq. Alpinizm, incəsənət, siyasət, mədəniyyət, idman yaxud digər çətin peşələrdə qadınlar olsa, daha yaxşıdır.
Gənc alpinistlərin itkin düşməsində yeganə qınanacaq məqam, onların nazirliyə və idman klubuna koordinatlarını verməməsidir. Hava şəraiti, ərazinin xüsusiyyətləri onların təhlükəsizliyi üçün vacib idi. Amma bir qadının alpinizmlə məşğul olması heç bir halda tənqid olunmamalıdır. Alpinist olmaları bu 3 gəncin günahı deyil ki. Amma onlar buna məsuliyyətlə yanaşmalı, dağa bələdçi ilə qalxmalı idilər.
Çox tənqidlər səsləndirilir, lakin Fövqəladə Hallar Nazirliyi (FHN) əlindən gələni edir. Ümid edirik ki, tez bir zamanda onlardan bir xəbər çıxar".
Sosioloq Əhməd Qəşəmoğlu isə bu fikirlərə sahib insanların olmasını Azərbaycanda ailə, qadın, qadın-kişi münasibəti, qadınların peşəsi barədə fikirlərin dolaşıq olması ilə əlaqələndirir:"Yaxşı olardı ki, sosial şəbəkələrdə ucuz söhbətlər əvəzinə ciddi mövzularda müzakirələr aparılsın. Sadaladığımız məsələlərlə bağlı nə televiziyada, nə mətbuatda, nə də ictimaiyyətdə söhbətlər aparılır.
Dünyada o qədər alpinist qadın var ki. Azərbaycanda da ola bilər. Həmçinin həmin xanımın şəxsi həyatı barədə dəqiq məlumatı olmadan onu qınamaq səbirsizlikdir. Bəlkə həmin qadının bu sahə ilə məşğul olması elə onun həyatında ən vacib, ən düzgün addımdır. Hər gün intihar xəbərləri eşidirik. Ona görə, kənardan baxıb insanın həyatı haqqında fikir yürütmək düzgün deyil”.
Sosioloqun fikrincə, diqqət etməli olduğumuz məsələ həmin alpinistlərin peşəkarlığının lazımi səviyyədə olub-olmamasıdır:
"Biz bunları müzakirə etmək, alpinistləri diqqətli olmağa çağırmaq əvəzinə "qadındır, orda nə işi var, evdə otursun bozbaşını bişirsin” demək primitiv yanaşmadır. Həmin qadını bilib, bilmədən qınamaq günah olar.
Cəmiyyətdə qadın və kişinin statusu, ümumiyyətlə bu məsələlər haqqında fikir aydınlığı formalaşsa, daha yaxşı olar. Çox qəribə situasiyadayıq. Qadının hüquqlarını bilmədiyini hay-haray edir, onlara qarşı zorakılıqların, boşanmaların artmasını bununla əlaqələndiririk. Amma düşünmək lazımdır ki, 50 il bundan əvvəl qadınların ümumiyyətlə bu məsələlərlə bağlı məlumatı az idi. İndiki vəziyyətdə müzakirə ailənin problemləri üzərində qurulmalıdır. Qadın haqqında müasir Azərbaycan cəmiyyəti aydın fikirdə deyil”.
Aysel Aslan