Jurnalistika fakültəsində din fənninin tədrisinə ehtiyac yoxdur

Ekspertlər hesab edirlər ki, jurnalistlər bu sahə üzrə müəyyən maariflənmə işlərinə cəlb olunmaqla, kurslar keçməklə dini savada malik ola bilərlər


Bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsi sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı jurnalistika fakültəsində teologiya elminin tədris olunmasının vacibliyini vurğulayıb. Qurum nümayəndəsi bildirib ki, jurnalistika fakültəsində dini elmlərin tədris olunmasına ehtiyac var. Onun sözlərinə görə, bəzi media orqanları dini savadsızlıq fonunda bu mövzuya müraciət edərkən çoxlu səhvlər buraxır: "Səhvlər hər şəkildə özünü büruzə verir. Yəni deyilməməli şeylər deyilir, tarixi faktlar təhrif olunur.

Yəni dini mövzuda yazan jurnalistlərimizin işində çox xətalar görülür. Əgər jurnalistika fakültəsində bununla bağlı hər hansı fənn tədris edilsəydi, bizim münasibətlərimiz tamam başqa cür qurula bilərdi. Bu, mənim ən yaralı mövzumdur”. QMİ nümayəndəsi Q.Cavadlı bildirib ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dini elmləri ehtiva edən bir fənnin tədris edilməsi müsbət hal olardı: "Mən bu mövzudan dərs deyirdim, sonra xoşlarına gəlmədi. Gələcəkdə ola bilsin ki, bir dini kanal açılsın. Orada jurnalistika kadrlarına ehtiyac olacaq. O kadrları harada axtarmalıyıq? Biz ordan-burdan bu kadrları yığa bilərik, amma azlıq təşkil edəcək. Ona görə də mövzu ilə bağlı ciddi düşünmək lazımdır. Amma dini jurnalistikamızın durumunun mənfi olduğunu demək də düzgün olmaz. Çünki 25 il ərzində mətbuat, dini jurnalistika yaranıb. Yəqin ki, görmüsünüz, jurnallar, qəzetlər var, bilavasitə dini mövzuda yazan saytlar var. Radio və televiziyalarda dini proqramlarımız olub. Bu, böyük bir araşdırma mövzusudur”.

BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə mətbuata açıqlamasında adıçəkilən fakültədə dini elmlərin tədris olunmasına heç də ehtiyac olmadığını bildirib. Ekspertin sözlərinə görə, jurnalistika fakültəsində buna ehtiyac yoxdur: "Dini elmlər təkcə jurnalistika fakültəsində yox, digər fakültələrdə də tədris olunmur. 

Amma teologiya ilə bağlı olan ixtisaslarda tədris olunur. Bu da normaldır. Jurnalistika fakültəsində teologiya elminin tədris olunması nə dərəcədə məqsədəuyğun ola bilər ki?! Burada bir məqam var. Din sahəsindən yazan jurnalistlər bu sahə üzrə müəyyən maariflənmə işlərinə cəlb olunmaqla, kurslar keçməklə dini savada malik ola bilərlər. Sırf jurnalistika fakültəsinin içində teologiya elminin tədris olunması yersizdir. Buna ehtiyac yoxdur. Məsələyə praktik nöqteyi-nəzərdən də baxmaq istəyirəm. Məsələn, Yaxın Şərq ölkələrindən təhlillər aparıram. İxtisasım isə beynəlxalq jurnalistikadır. Yaxın Şərq bütün dinlərin qovuşduğu yerdir. İlahiyyat üzrə təhsil almasam da, Yaxın Şərqlə bağlı təhlillər, araşdırmalar apardığıma görə istər-istəməz din sahəsi üzrə kitablar oxumuşam. Burada bir məqam var. Əgər teologiya üzrə yazan jurnalist yetişirsə, vacib deyil ki, jurnalistika fakültəsində ilahiyyat elmi tədris olunsun. Sonrakı mərhələdə hər şey jurnalistin ixtisaslaşmasından asılı olacaq və o, üzərində çalışmalıdır. Jurnalistika fakültəsində dini elmlərin tədris olunmasını deyiriksə, o zaman idman sahəsindən yazan jurnalistə gərək idman sahəsi üzrə müəyyən fənlər tədris edilsin. Bu da doğru deyil. Dini elmləri sonradan da öyrənmək olar. Mütləq deyil ki, jurnalistika fakültəsində teologiya elmi tədris edilsin”.

BDU-nun dekanı belə bir təkliflə də çıxış edib: 

"Teologiya elmi jurnalistika fakültəsinin tədris planına salınmasa da, belə bir şey etmək olar. Təklif edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi birlikdə din və mənəviyyat sahəsindən yazan jurnalistlər üçün seminarlar, treninq kursları təşkil etsin. Belə bir məsələni reallaşdırmaq çox maraqlı olar. Hətta həmin kursları başa vuran jurnalistlərə sertifikat da vermək olar. Yoxsa ilahiyyat fənninin jurnalistika fakültəsinin tədris planına salınmasına ehtiyac yoxdur”.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə "Şərq”ə deyib ki, peşəkar jurnalist təkcə dini mövzuda deyil, bütün mövzularda yaxşı yazmağı bacarmalıdır: 

"Amma indiki şərtlər daxilində bu, mümkün deyil. İqtisadiyyatdan yazan jurnalistdən həm də dini mövzuda yaxşı məqalələr yazmağı tələb etmək ədalətsizlik olardı. Hazırda bütün sahələrdə ixtisaslaşma gedir. Jurnalistikada da bu proses davam edir. Azərbaycanda ən müxtəlif mövzularda peşəkar səviyyədə yazmağı bacaran xeyli sayda jurnalist var. Dini mövzuda yazan jurnalistlərimizin peşəkarlığı da qənaətbəxşdir. Onların yazdıqları sahənin incəliklərinə bələd olduqlarını əminliklə söyləmək olar. Əgər Qəmər xanım bir-iki zəif yazı ilə tanış olubsa, bunu bütövlükdə dini mövzuda yazan jurnalistlərin qüsuru kimi təqdim etmək doğru deyil”. Ekspertin sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin vəzifə verdiyi, irəli çəkdiyi şəxslərin arasında da çoxlu sayda savadsız din xadimi var: "Elə din xadimləri var ki, hələ də yas yerlərində Həzrət Əlinin qılıncının uzunluğunun 270 metr olmasıyla bağlı nağıllar danışır. Əgər bu gün Azərbaycan cəmiyyətində din xadimlərinin müsbət imici yoxdursa, bu, ilk növbədə həmin savadsız mollaların günahıdır. Yaxşı olardı ki, QMİ həmin mollaların savadlanmasının qeydinə qalsın. Hesab edirəm ki, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu haqlıdır. Jurnalistika fakültəsində teologiya elminin tədris olunmasına ehtiyac yoxdur. Yaxşı olar ki, QMİ Azərbaycan Mətbuat Şurası ilə birgə dini mövzuda yazan jurnalistlər üçün vaxtaşırı treninqlər təşkil etsin. Yalnız bu yolla dini mövzuda yazan jurnalistlərin peşəkarlığının artırılmasına təkan verə bilərik. Qəmər xanımı məyus etmək istəməzdim, amma demək istəyirəm ki, BDU-nun jurnalistika fakültəsindən məzun olan gənclərin heç 30 faizi belə öz ixtisaslarına uyğun işləmirlər. Jurnalist auditoriyada deyil, redaksiyalarda yetişir. QMİ rəhbərliyinin redaksiyalarla əməkdaşlığı gücləndirməsi daha məqbul olardı”.

Azadinform İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlı da bəyan edib ki, jurnalist hərtərəfli biliklərə malik olmalı olan peşə sahibidir. Din isə tarixin ictimai, siyasi proseslərin, mədəniyyətin, yaşam qaydalarının əhəmiyyətli hissəsini formalaşdıran faktordur: 

"Jurnalistlər bunu mütləq bilməlidirlər. Özü də təkcə islam yox, bütün dinlər haqda məlumatlı olmalıdırlar. Lakin bunun fakültədə tədrisinə ehtiyac yoxdur, dini komitənin təşkil etdiyi seminarlarda iştirak etmək, dərc etdiyi ədəbiyyatı və jurnalları izləmək kifayət edər. Bu gün jurnalistlərin dini bilikləri çox aşağı səviyyədədir. Xüsusilə də digər dinlərlə bağlı. Ən azı xalqımızın islamdan əvvəlki dinləri olan xristianlıq zərdüştlük haqda öyrənsələr yaxşı olar. Həmçinin, biddizm, vaişnavizm kimi böyük dinləri bilmək lazımdır. Bu gün ortada olan məlumatların çoxu qərəzli və səhvdir. Jurnalist özü araşdırmalıdır ki, hansı məsələ düzdür, hansı səhvdir. Bu işdə də ona Dini Komitə kömək etməlidir”.

"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli isə məsələyə bu cür münasibət bildirib: 

"1990-cı illərdə universitetlərin bir sıra humanitar fakültələrində "Dinşünaslıq” fənni tədris olunurdu. İndi vəziyyət necədir bilmirəm. Məncə jurnalistika fakültəsində də "Dinşünaslıq”, "Din tarixi” fənnləri tədris oluna bilər. Yarımillik, bir illik tədrislə tələbələrin dini fanatik olacağını, radikal cərəyanların təsirinə düşəcəyini gözləmək doğru deyil. Həm də onlara məsciddən gəlmiş mollalar dərs deməyəcək ki. Bu dərsləri ilahiyyatçı alimlər, müəllimlər aparacaq. Düzü, hörmətli Vüqar Zifəroğlunun narahatlığını başa düşmürəm. Ancaq onun bir fikri ilə razıyam ki, redaksiyalarda dindən, dini təriqətlərdən, dini qurumların fəalliyyətindən yazan jurnalistlər üçün vaxtaşırı kurslar, treninqlər keçirilməlidir. Qeyd edim ki, Müdafiə Nazirliyi vaxtaşırı ordudan yazan jurnalistlər üçün bu cür təlimlər keçirir”.

"Ölkə.Az” xəbər portalının baş direktoru Məmməd Gülməmmədov isə hesab edir ki, jurnalistika fakültəsində dini elmin tədrisinə ehtiyac yoxdur: 

"Jurnalistlər üçün dini tədrisin aparılması mütləq deyil. Bu sahədə müəyyən kurslar təşkil etməklə məsələnin həllinə nail olmaq daha yaxşıdır. Azərbaycanda orta və ali ümumtəhsil müəssisələrində müəyyən dini fənlər tədris olunur. Bu da jurnalistin bu sahədəki biliyinin əldə olunmasına kifayət qədər imkanlar yaradır. Zənnimcə, ölkəmizdə geniş dini tədrisin aparılması üçün dini fakültələr mövcuddur. Hazırda Bakı Dövlət Universitetində, Bakı İslam Universitetində və digər təhsil müəssisələrində bu tədris yüksək səviyyədə həyata keçirilir. Azərbaycan dünyəvi dövlətdir və jurnalistlər də dünyəvi cəmiyyətin üzvləridir. Əgər cəmiyyətdə ali prinsiplər qorunursa, təbii ki, bu jurnalistlərin də peşəkarlığının artmasına gətirib çıxaracaq. Onu da qeyd etmək istəyirəm ki, bir çox jurnalistin dini savadı Qafqaz Müsəlmanları İdarəsinin axundlarından daha çoxdur. Yəni QMİ ilk öncə öz mollalarının, axundlarının dini təhsilini artırmağa çalışsın”.

"Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlu bildirib ki, din sahəsində yazmaq dar ixtisaslaşmadır. Bunun üçün seminarlar və kurslar təşkil etmək, sahə üzrə çalışan jurnalistlərə peşəkarlığı artırmaq üçün yardımçı vasitələr təşkil etmək olar: 

"Ancaq teologiya artıq ixtisasdır. Jurnalistlərin hamısının dindən yazmaq ehtiyacı yaranmayacağı üçün o qədər yükləməyə də gərək yoxdur. Lakin düşünürəm ki, jurnalistika geniş sahədir, jurnalistlərin dini bilgiləri səthi də olsa olmalıdır. Çünki orta təhsil zamanı dini bilgi verilmir. Din haqqında məlumat almaq istəyən universitet tələbəsinin bunu ya fərdi olaraq kitablardan oxuması, ya da qeyri-leqal tədris mərkəzlərinə üz tutması qaçılmaz olur. Bu səbəbdən də universitetdə din tədrisinin olmasına tərəfdaram. Ali təhsilli gələcək mütəxəssislər din haqda bilikləri internetdən, qeyri-leqal mərkəzlərdən deyil, akademik səviyyədə universitetdən alsalar yaxşıdır. Çünki sabah onlar mütəxəssis kimi istənilən sahədə işləyəndə dinlə necə deyərlər, qarşılaşacaqlar. Bu səbəbdən də dərin olmasa da, ümumi məlumatlar səviyyəsində ən az bir semestr və ya bir il din dərslərinin olmasının tərəfdarıyam”.

İsmayıl Qocayev


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb