Kartoflar zay çıxdı, Gürcüstana qaytarılır

İlk növbədə ölkəyə gətirilən məhsulların keyfiyyəti, sağlamlığa təsiri ciddi şəkildə nəzarətə götürülməlidir
Bizim ölkəyə xaricdən idxal ona görə çox olur ki, dövlətin verdiyi subsidiyalardan düzgün istifadə olunmur

Ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Gürcüstandan fitosanitar sertifikatla ixrac olunan 26042 kiloqram kartofdan götürülən nümunələrdə gövdə nematodu zərərli orqanizmləri aşkar edilib. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, aşkar olunan zərərli orqanizmin karantin tətbiq edilən gövdə nematodu olması ehtimal edilərək, məhsuldan nümunə götürülüb və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində məhsullarda karantin tətbiq edilən gövdə nematodunun olması öz təsdiqini tapıb. Aşkar edilmiş zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, nəqliyyat vasitəsində olan 26042 kiloqram kartofun Gürcüstana qaytarılması üçün aidiyyəti üzrə müraciət edilib.

Ölkədə vətəndaşların pay torpaqlarından istifadə imkanının məhdud olmasını qeyd edən iqtisadçı Nazim Bəydəmirli "Şərq"ə bildirib ki, burada əsas səbəblərdən biri də əhalinin kəndlərdən şəhərlərə iqtisadi miqrasiya etməsidir. Onun fikrincə, bu illər ərzində kəndlilərin əkib-becərməkdən uzaq düşməsinin digər səbəbi də odur ki, vaxtında regionların sosial-iqtisadi inkişaf proqramında bu və ya digər şəkildə təşviqat aparılmayıb ki, vətəndaşlar torpaqlarından səmərəli şəkildə istifadə etsinlər:

 "Bununla da məhsul bolluğunun yaradılmasının qarşısı alınıb. Məhsul bolluğunun ölkə daxilində yaradılmasının da yeganə yolu iqtisadi fəaliyyəti stimullaşdırmaqdır. Çox təəssüf edirəm ki, məmur sahibkarlığı hər bir sahədə olduğu kimi aqrar sahədə də regionlarda digər sahibkarları sıxışdırıb. Zamanında Şəmkir,Tovuz, Ağstafa və digər kartofçuluqla məşğul olan rayonlarda əkin sahələrinə suvarma sularının verilməməsi problemləri bir qədər də çoxaltmış olub ".

N.Bəydəmirlinin sözlərinə görə, bu gün bölgələrdə əkinçiliklə məşğul olmamağın, torpaqdan düzgün istifadə edilməməsinin bir çox digər səbəbləri də var: 

"Məmur sahibkarlığın ən ciddi problemlərdən sayılır. Sahibkarlar icra başçıları və ya onların yaxınları ilə münasibətlərini elə qurublar ki, dövlətin imkanlarından, subsidiyalaşmadan istifadə etsinlər. Təbii ki, burada gəlir müəyyən insanların cibinə gedir. Kağız üzərində isə formal xarakter daşıyan statistik rəqəmlər şişirdilərək göstərilir. Əslində il ərzində əkilən məhsulun kəmiyyəti heç də təqdim olunan rəqəmlər qədər deyil. Deyək ki, şişirdilən rəqəmlərdə filan qədər kartofun əkilib-becərildiyi qeyd olunsa da, reallıq bunları göstərmir. Yəni məhsuldarlıq daha az olur. Bizim ölkəyə xaricdən idxal ona görə çox olur ki, dövlətin verdiyi subsidiyalardan düzgün istifadə olunmur. Subsidiyalardan çox təəssüf ki, məmurlar şəxsi maraqları üçün istifadə edirlər. Onlar öz işlərini yuxarıların yanında yaxşı göstərmək üçün aşağı səviyyədə olan məmurlarla işbirliyi qurur. Belə olan halda da rayon icra hakimiyyətlərinin başçıları düzgün statistik məlumatlar vermirlər. Təbii ki, bu da bizim iqtisadi çətinliklərimizin yaranması üçün zəmin yaradır. Yəni ölkədə idxal asılılığı yaşanır. İdxaldan asılılığımız olduğu üçün də Gürcüstandan, Rusiyadan, Türkiyədən, İrandan ölkəmizə qida məhsulları gətirilir».

İdxal prosesi baş tutursa, digər nüansları da diqqətdən qaçırmamağı qeyd edən iqtisadçı bildirib ki, ilk növbədə ölkəyə gətirilən məhsulların keyfiyyəti, sağlamlığa təsiri ciddi şəkildə nəzarətə götürülməlidir: 

«Elə buna görə də vətəndaşların sağlamlığını nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi fəaliyyət göstərir ki, onların da üzərinə düşən öhdəliklər var. Onlar ölkəyə idxal olunan məhsulların keyfiyyətinə birbaşa nəzarət edən səlahiyyətli orqanlardan biri sayılır. Düşünürəm ki, məsələnin kökündə duran problem heç də sahibkarın pis işləməsi, keyfiyyətsiz məhsul istehsal etməsi deyil. Burada əsas problem ölkədə inhisarçılığın olmasıdır.

 Ona görə idxal etmək daha sərfəli yol kimi dəyərləndirilir. Çünki sahibkar istehsal etdiyi malı bazara çıxarana qədər bir çox problemlərlə üzləşir. Belə ki, onun verdiyi rüşvətlər və digər şeylər maya dəyərinə oturduğundan istehsal olunan kənd təsərrüfatı məhsulları gəlir gətirmək əvəzinə, sahibkara ziyan vurur. 

Bu səbəbdən də ölkədə daha az kənd təsərrüfatı məhsulları istehsal olunur. İdxal olunan məhsulun yol xərci, əlavə dəyər vergisi olsa da, bu, yerli istehsalın xərcindən daha ucuz başa gəlir. Nəticədə də kənd təsərrüfatı məhsullarının idxalına ehtiyac yaranır. Mən hesab edirəm ki, məsələnin kökündə duran bu problemlər aradan qaldırılmayınca vəziyyət eyni şəkildə davam edəcək".

İlahə