"Tez-tez Qarabağa səfər edir və qondarma rejimin rəhbərliyi ilə təkbətək müzakirələr aparır"
"Kaspşikin şübhəli davranışları ilə bağlı illər öncə narahatlığımızı dilə gətirmişik”. Bunu "Sherg.az”a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.
QAT rəhbəri bildirib ki, Kaspşik əvəzolunmaz şəxs deyil ki, onu 20 ildən artıqdır eyni vəzifədə saxlayıblar:
"Kaspşikin fəaliyyətində çox şübhəli məqamlar var. Son dövrlər müəyyən ictimai təşkilatlar, mətbu orqanlar tərəfindən Kaspşik barəsində geniş araşdırmalar aparılır, onun fəaliyyəti təftiş edilir. Bilmək istəyirik ki, o, kimə və nəyə xidmət edir?
Kaspşikin qondarma rejim rəhbərliyi ilə iş birliyi içində olması, separatçılara maliyyə yardımı göstərməsi güman olunur. Çünki Kaspşik tez-tez Qarabağa səfər edir və qondarma rejimin rəhbərliyi ilə təkbətək müzakirələr aparır. Buna qətiyyən ehtiyac yoxdur.
Münaqişə ilə bağlı bütün proseslərə nəzarət edən Ermənistandır. Kaspşik İrəvana səfər edərək, orada bu məsələlərin müzakirəsini apara bilər. Deməli, onun məqsədi başqadır. Görünür, Qarabağda qaranlıq, pərdəarxası işləri var. Bəlkə də, aldığı sifariş üzərinə Dağlıq Qarabağdakı separatçı rejimi müfadiə etməyə çalışır. Kaspşik hər dəfə Qarabağa gedəndə erməni mətbuatı Bako Saakyanı "prezident” kimi təqdim edirlər. Yəni bir növ qondarma rejimi təbliğ edirlər. Ona görə də rəsmi Bakı məsələyə çox ciddi reaksiya verməlidir”.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. O, Xankəndidə Dağlıq Qarabağdakı erməni separatçılarının rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə təmas xəttindəki vəziyyət "müzakirə” edilib. Kaspşikin problemi İrəvanda erməni rəsmilərlə deyil, tanınmayan qanunsuz rejimin quldur rəhbərliyi ilə tetatet müzakirəsi ictimaiyyətdə kəskin etirazla qarşılanıb.
İsmayıl