Kimin namizəd olmasının önəmi qalmayıb

Azərbaycanda “vahid namizəd” ideyası artıq fiaskoya uğrayıb




BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev mətbuata açıqlamasında prezident seçkisi ilə bağlı danışıb.
Partiya sədri bildirib ki, bir neçə aydan sonra proqramı, siyasi kursu və mövqeyi rəhbərlik etdiyi təşkilata yaxın olan qurumlarla müzakirələr apara, seçkidə vahid namizədlə çıxış edə bilərlər. Lakin Q.Həsənquliyev hələlik seçkidə iştirakla bağlı qərar verilmədiyini deyib: 

"Yəqin ki, seçkiyə 6 ay qalmış bu istiqamətdə ciddi danışıqlar aparacağıq. Seçki ərəfəsində artıq dəqiq bilinəcək ki, seçkiyə təkbaşına, yoxsa müttəfiqlərin namizədi ilə qatılırıq. Çalışacağıq ki, əvvəlki illərdə olduğu kimi, digər partiyalarla danışıq aparaq. Vahid namizəd mən də, başqa partiyanın nümayəndəsi də ola bilər. Hesab edirəm ki, bizim kimi mötədil müxalif partiyaların vahid namizədinin olması doğru olardı. Onsuz da, radikalların öz namizədləri olur. Hətta bir yox, bir neçə namizədlə qatılmaları gözlənilir. Bizim kimi partiyaların vahid mövqedən çıxış etməsi labüddür”.

Partiya sədrinin açıqlaması ilə bağlı "Şərq”ə danışan siyasi-ekspert Azər Rəşidoğlu deyib ki, Azərbaycanda "vahid namizəd” ideyası artıq fiaskoya uğrayıb: 

"Bu baxımdan, kimin namizəd olmasının da heç bir önəmi qalmayıb. Nə radikal müxalifət kimi təqdim olunan qüvvələr, nə də statist namizədlər seçkilərə qatılmaqla proseslərə təsir göstərmək gücündə deyillər. Ənənəvi müxalifətin öz elektoratı mövcuddur, səsləri də bəllidir. Belə olan təqdirdə, BAXCP və onun kimi partiyalara seçicinin neçə faizi səs verəcək? Bu, qeyri-ciddi yanaşmadır”.

İsmayıl