Məsciddə kimin moizə oxumasını aidiyyəti qurumlar müəyyənləşdirir
Zaqatala rayonu Car məscidində imam vəzifəsindən azad olunan Hacı Məhəmməd Vasiyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əmrinə tabe olmayaraq, fəaliyyətini davam etdirir. Kənd camaatının xahişi ilə fəaliyyətini davam etdirdiyini vurğulayan Hacı Məhəmməd Vasiyev və dəfələrlə məscidin dindarları tərəfindən onun işinə bərpa olunması üçün QMİ-nin bölgə nümayəndəliyinə müraciət edilsə də, cavabsız qalıb.
Onun sözlərinə görə, məscidə məxsus dini icmanın də qeydiyyatı üçün sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerdəki şöbəsinə təqdim ediblər: "Lakin məscidimizə nə imam təyin edilir, nə də mənim imamlığım yenidən təsdiqlənir. Bir neçə dəfə kənd camaatı adından QMİ-də olsam da, idarənin yerdəki nümayəndəsi vasitəsi ilə söz verilsə də, hələ ki, nəticə yoxdur”.
Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxlasaq da, sualımıza cavab ala bilmədik.
İlahiyyatçı-alim Əkrəm Həsənov isə "Şərq”ə açıqlamasında deyib ki, bu gün üçün Azərbaycan Respublikasında dini işləri həyata keçirən rəsmi dövlət qurumu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidir. Komitə dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunması, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. İlahiyyatçının sözlərinə görə, dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini qurumların Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə (əsasnamələrinə) müvafiq qaydada dəyişikliklər və əlavələr edilməsinin təmin olunması, dini qurumların xahişi əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi və s. kimi digər məsələlər Komitənin əsas vəzifələri sırasındadır. Sovet dövründə yaradılan Qafqaz Müsəlmanları İdarəsinin vəzifəsi isə o dövrdə dini sahəyə nəzarət etmək olub: "Məhz bu gün həm DQDK, həm də QMİ birlikdə ölkəmizdə rəsmi fəaliyyət göstərən iki qurum hesab olunur. Hazırda məscidlərdə icmanın yaranması, sənədləşdirmə işlərini həyata keçirmək səlahiyyəti DQDK-də olsa da, imamların seçimində QMİ rol oynayır. Ola bilər ki, gələcəkdə iki qurumun fəaliyyətini tənzimləyib bir qurumda birləşdirmək kimi addımlar atılsın. Ancaq bu gün tarixi qədimliyi və bütün Qafqazda dini siyasəti həyata keçirən QMİ-nin islam aləmində böyük nüfuzu var. Həm də ölkəmizdə qərarlaşdırılan bütün dini məsələlərdə imamlar və axundlar hər iki quruma etimad göstərməlidirlər”.
Ə.Həsənov deyib ki, hər hansısa bir məscid axundu, ya da imamı dövlətin din siyasətini həyata keçirən qurumlarına hörmət göstərmirsə, həmin imamın fəaliyyətini qənaətbəxş hesab etmək olmaz:
"Daha məqsədəuyğun olardı ki, həmin imam məsciddən kənarlaşdırılsın. Çünki bu gün dövlətin din siyasətini həyata keçirən rəsmi qurumlarına məhəl qoymayıb özünü məscid imamı hesab edən hər hansısa bir şəxs sabah məscidə gələn insanları yanlış yönləndirəcək, radikalizm və ekstremizm təhlükəsi böyüyəcək. Bu baxımdan təcili olaraq belə imamlara qarşı ciddi tədbirlər görülməlidir ki, digərlərinə nümunə olsun. Həmçinin dövlətin din siyasətini həyata keçirən qurumlara itaətsizlik edəni məsciddə imam təyin etmək, yaxud da onun özünü məscid imamı adlandırması və məscidlərdə insanlara moizə oxuması gələcəkdə vətənimiz üçün təhlükəli ola bilər.
Bu gün məhz həmin imamların etdikləri yanlışlıqlara görə cəmiyyətdə məscidlərə qarşı soyuqluq hiss olunur. Məscidə elə insanlar imam təyin olunmalıdırlar ki, onlar ölkə rəhbərinin apardığı xarici və daxili siyasəti dəstəkləsin və din siyasətini həyata keçirən qurumlara sədaqətini nümayiş etdirsin. Bizim belə məscid imamlarımız çoxdur. Din siyasətini həyata keçirən aidiyyəti qurumlar rəsmi olaraq öz işlərini görürlər və tələb olunan sənədləri qeydiyyata alırlar. Hansısa bir imamın qeydiyyata düşməməsi kimi problem həmin özünü imam hesab edən şəxsin özündən qaynaqlana bilər”.
Şəymən