"Kolbasa və sosislərə mütləq donuz əti qatılır"

Fuad İbrahimov: "Kolbasa, sosis adı ilə istehsal edilən məhsullarda donuz əti istifadə olunmursa, bunlara kolbasa, sosis demək düzgün deyil"
""Halal” adı altında vətəndaşlarımızın aldadılması ilə bağlı konkret faktlar ortaya qoymaq lazımdır”.
Bunu "Sherg.az”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun bu haqda açıqlamasına münasibət bildirərkən iqtisadçı, ekspert Fuad İbrahimov deyib. 
O söyləyib ki, "halal” adı ilə istehsal olunan məhsulların tərkibini dəqiq bilmək üçün laborator analizlər lazımdır:
"Məsələn, hər hansı məhsulu parçalara bölməklə tərkibindəki bütün qatqılar haqqında cədvəl tərtib etmək olar. Bu cədvəl əsasında müəyyənləşdirmək lazımdır ki, dini baxımdan qatqıların hansı halaldır, hansı halal deyil. Konkret bir prizmadan yanaşılır ki, xüsusilə ət məhsullarının tərkibində donuz əti var, ya yoxdur. Halallıq, haramlıq bununla müəyyənləşdirilir.
Elmi cəhətdən məsələyə yanaşsaq, donuz ətindən başqa elə tərkiblər var ki, dinimizdə haram buyurulub. Saxlama müddətinin artırılması üçün müxtəlif kimyəvi vasitələr istifadə olunur. "Halal” adı ilə məhsulunu satışa çıxaranlar, tək bir məqamı əsas gətirirlər ki, donuz piyi yoxdur.
Bir kolbasa, sosislərdən, bunun adına uyğun məhsullardan söhbət gedirsə, mütləq donuz əti qatılmalıdır. Kolbasa, sosis adı ilə istehsal edilən məhsullarda donuz əti istifadə olunmursa, bunlara kolbasa, sosis demək düzgün deyil. Milli ad düşünmək lazımdır”.
Qeyd edək ki, E. Hüseynovun sözlərinə görə, çoxsaylı ölkələrdən "Halal" loqosu ilə Azərbaycana mal idxal olunur və Azərbaycanda olan ,dövlət tərəfindən tanınmayan bəzi qurumlar da pul müqabilində "Halal" sertifikatı verirlər.
Aysel Aslan