"Körpə dostu"

Xəstəxanalarda yeni ana olanlara ana südü ilə bağlı məsləhətlər veriləcək
Təcrübəli və ya təcrübəsizliyindən asılı olmayaraq savadlı qadın övladını süni uşaq qidalarından uzaq saxlayacaq. Südü olan heç bir ana körpəsinə smes verilməsinə imkan verməməlidir


Doğum evlərində (şöbələrində) "Körpə dostu" xəstəxana standartlarının tətbiqi ilə bağlı UNİCEF ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq nəzərdə tutulub. UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin sözlərinə görə, "Körpə dostu" xəstəxana standartlarının ən əsas
xüsusiyyətlərindən biri yeni ana olmuş qadınlara düzgün məsləhətlərin verilməsidir. Bu məsləhətlərdən biri də uşağın müəyyən yaşa qədər yalnız ana südü ilə qidalanması ilə bağlıdır.

Qeyd edək ki, ölkəmizdə sözügedən layihənin planlaşdırılması təsadüfi deyil.
Doğum evlərində süni körpə qidalarının təbliği məsələsi son illər gündəmdən düşmür. Doğum evləri, pediatrlar süni uşaq qidaları satan şirkətlərlə birgə iş görərək analara bu qidaları təklif edirlər.
İddialara görə, doğulan uşaqlar iki gün anadan kənar saxlanılır, süni qidaya öyrədilir, sonra isə körpə ana südünü qəbul etmir. Normalda ana körpəsini ən azı bir gün sonra vəziyyətindən asılı olaraq əmizdirə bilər. Digər fakt odur ki, ana südü ilə bağlı təbliğat da sönükdür. Doğum evindən evə gələn körpəni müayinə edən bəzi pediatrlar anaya həmin süni uşaq qidalarını məsləhət görürlər. Çünki dərman firmaları kimi həmin şirkətlərlə də müqaviləsi var, gəlirini bu yolla qazanır. Səhiyyəmizin bu sarıdan da problemləri həll edilmək əvəzinə dərinləşir.

Elə xanımlar var ki, süni uşaq qidalarına yaxşı baxmır. Çünki körpəni dünyaya gətirməmişdən öncə bu məqamları incələyib, araşdırıb, xeyrini və zərərinin nə olduğunu öyrənib. Ana südü ilə bağlı biliyi olan insanlar üçün süni uşaq qidalarının reklamı problem yaratmır. Amma az maariflənmiş insanlar, ana südü ilə süni uşaq qidalarının fərqini bilməyən, bununla o qədər də maraqlanmayan insanlar əlbəttə ki, reklam olunan uşaq qidasını dərhal alıb uşağına yedirdə bilir.

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralının sözlərinə görə, yeni doğulan körpələrin süni qidaya alışdırılmasında ən az təbliğatçı həkimlər qədər analar da məsuliyyət daşıyır: " İstənilən halda problemin kökü anaların savadlılıq səviyyəsinin aşağı olmasına gedib çıxır. Təcrübəli və ya təcrübəsizliyindən asılı olmayaraq savadlı qadın övladını süni uşaq qidalarından uzaq saxlayacaq. Südü olan heç bir ana körpəsinə smes verilməsinə imkan verməməlidir. Ana südünün tərkibi, uşaq orqanizminə faydası barədə məlumatlı olan ana südü ilə qidalandırılma istiqamətində dövlət və aidiyyəti qurumlar tərəfindən aparılan maarifləndirici tədbirləri əlində əsas tutaraq həkimlərin təbliğatına uymamalıdır. 

Dəfələrlə şahidi olmuşam ki, doğum evlərinin həkimləri ananın südü olsa da, uşağa süni qidaları tövsiyə edirlər. Şəxsən mənə ana südündən imtina edən həkimə bu barədə baş həkimə, nazirə şikayət edəcəyimi deyəndən sonra israrı dayandırdılar və məndən bu barədə nazirliyə xəbər verməməyi xahiş etdilər. Hansı ki, südüm ola-ola həkim məndən südümü kəsib, övladıma süni uşaq qidası yedizdirməyi tələb edirdi. Təəssüflər olsun ki, həkimin hər dediyinə "Quran ayəsi” kimi əməl edən analar vardı. Hər nə qədər o insanlara ana südünün faydası, süni qidaların zərərini izah etsəm də, onların ana südündən imtinasının qarşısını ala bilmədim. "Südündə mikrob var”, "Südün azdır, uşaq doymayacaq” kimi bəhanələrlə gözümün önündə 4 körpəni həkimlər ana südündən məhrum etdilər. Ağlı başında olan istənilən insan bilməlidir ki, ana südündə mikrob ola bilməz. Ana südü təbiətin insana bəxş etdiyi ən böyük möcüzə, dünyanın ən təmiz qidasıdır. Məsləhət görərdim ki, hamilə xanımlarımız arasında ana südü ilə bağlı ciddi maarifləndirmə işləri görülsün. Xüsusilə də doğum evlərində onlar üçün seminarlar təşkil edib, ana südünün uşaqların inkişafında necə əhəmiyyətli olduğunu izah etsinlər”.

L.Mehralı 10 il əvvəl doğum evlərində həyata keçirilən bir pilot layihəni xatırladıb. Onun sözlərinə görə, doğum evlərinə yeni doğulan körpələrin anaları ilə eyni palatada saxlanılması barədə göstəriş verilmişdi. 

"Bu layihədən sonra ana südü ilə qidalanan uşaqların sayında ciddi artım müşahidə olundu. Bu layihənin keçirilməsində məqsəd də elə bundan ibarət idi. Mütəxəssislərin qənaətinə görə, körpə doğulduqdan sonra anasının süd vəzi üzərində yatsa, anada süd istehsalı artır. Ancaq sonradan bu layihə dayandırıldı. Indi doğum şöbələrində ana ilə körpənin təması məhduddur. Ancaq həkim icazəsi ilə ana öz körpəsini görə, ona toxuna bilər. Hesab edirəm ki, "Körpə dostu" layihəsi baş tutacağı təqdirdə ilk növbədə ana ilə uşağının eyni mühitdə saxlanılması təmin edilməlidir. Həmçinin də doğuşa hazırlanan qadınlarla birbaşa söhbət aparılmalı, onlara süni qidaların zərərləri aşılanmalıdır".

Sosioloqun sözlərinə görə, ana südü ilə qidalanan körpələrin sayının az olmasının əsas səbəblərindən biri də keysəriyyə əməliyyatlarının artmasıdır: 

"Əməliyyatla dünyaya uşaq gətirən ananın bədəni bir gün müddətinə özünü bərpa edir. Təbii olaraq süd istehsalı da bir qədər ləngiyir. Həmin müddətdə də həkimlər uşağa smes yedizdirir. Hansı ki, o qidanın tərkibində ana südündən imtinanı sürətləndirən maddələr olduğu üçün süni qidanı dadan uşağın orqanizmi ana südünü qəbul etmir”.

Şəymən