Rusiya Cənubi Qafqazda sadəcə Azərbaycanla normal münasibətlərə sahibdir
Ötən gün Soçidə Rusiya və Azərbaycan prezidentlərinin görüşməsi və mühüm məsələləri müzakirə etmələri ikitərəfli münasibətlərin inkişafında olduqca mühüm mərhələ hesab olunur. Ekspertlərə görə, iki dövlətin liderləri arasındakı şəxsi səmimi dostluq münasibətləri bu proseslərə güclü impuls verir.
Həm Rusiya, həm də Azərbaycan tərəfi tarixə dayanan qonşuluq münasibətlərinin nə qədər önəmli olduğunu, həmsərhəd olan dövlətlərin bir-biri ilə sıx əməkdaşlıq qurmasının həyati zərurət kəsb etdiyini yaxşı dərk edirlər. Bu baxımdan siyasi şərhçilər dövlət başçısı İlham Əliyevin Rusiyaya səfərini və orada imzalanan müqavilələri yüksək dəyərləndirirlər.
Rusiya-Azərbaycan münasibətləri ilə bağlı "Şərq”ə danışan tanınmış politoloq İlqar Vəlizadə deyib ki, Rusiya Cənubi Qafqazda sadəcə Azərbaycanla normal münasibətlərə sahibdir. Ekspertin sözlərinə görə, Moskvanın Gürcüstanla və Ermənistanla əlaqələri tamamilə pozulub: "Tərəflər arasında siyasi dialoq demək olar ki, mümkün deyil. Ara-sıra edilən təşəbbüslər də mənfi nəticə verir. Regionda bir-biri ilə qarşılıqlı hörmət və etimad prinsipi əsasında qonşuluq edən iki dövlət məhz Rusiya və Azərbaycandır. Rusiya rəhbərliyi də etiraf edir ki, Moskva bir nömrəli partnyorunu - Azərbaycanı itirmək istəmir. Şübhəsiz ki, əməkdaşlığın sıxlaşması rəsmi Bakının da maraqlarına xidmət edir. Rusiya-Azərbaycan münasibətləri daim inkişaf etməkdədir. Hətta bu əməkdaşlıq artıq ikili səviyyədə qalmır, daha da genişlənir. Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə İran-Rusiya-Azərbaycan üçlü formatı yaradılıb. Bununla yanaşı, Azərbaycan-Rusiya-Türkiyə və Azərbaycan-Rusiya-Qazaxıstan formatları da reallaşmaq üzrədir”.
Analitikə görə, region ölkələrinin bu şəkildə əməkdaşlığı işğalçı Ermənistanı narahat edir:
"Ermənistanla münasibətlərdə Rusiya soyuqluq nümayiş etdirir. Prezident İlham Əliyevin Rusiyaya uğurlu səfərini və iki ölkə arasındakı xoş münasibətləri görən erməni baş nazir Nikol Paşinyan dərhal Moskvaya getmək və Putinlə görüşmək arzusundadır. Rusiya çox gözəl başa düşür ki, Ermənistandan fərqli olaraq Azərbaycan Moskva üçün etibarlı və real tərəfdaşdır. Çünki ölkəmiz regionda siyasi və iqtisadi cəhətdən söz sahibidir, Cənubi Qafqaz dövlətləri arasında liderdir. Ölkəmizin maliyyə imkanları durmadan artır. Azərbaycan Rusiyanın ən ciddi silah alıcısıdır. Təbii olaraq, Rusiya öz silah ticarətçisini əldən buraxmaq istəmir. Rusiya ilə Azərbaycan arasında bir neçə hərbi anlaşmalar məhz bu baxımdan imzalanıb. Kreml fərqindədir ki, onun Bakıya satdığı silah-sursat Qarabağ münaqişəsində istifadə olunacaq. Ermənilərin əsas narahatlığı buna görədir. Dəfələrlə edilən şikayətlərə rəğmən, Kreml Azərbaycan ordusunun istədiyi silahları tərəddüd etmədən satır və bunun müharibənin reallığı olduğunu ifadə edir”.
İ.Vəlizadə bildirib ki, indiki şəraitdə lokal müharibə riski qalmaqdadır:
"Çünki Ermənistan tərəfi israrla qeyri-konstruktiv mövqeyini davam etdirir, danışıqlardan boyun qaçırır. Vəziyyət bu cür gedərsə, Rusiya tərəfi Azərbaycan torpaqlarının ilkin olaraq bir hissəsinin qaytarılmasında maraqlı olar və bununla bağlı İrəvana təzyiq göstərər. Məsələ ondadır ki, Rusiyanın Ermənistanda böyük aktivləri, hərbi bazası var, ancaq düşmən ölkə ilə tranzit əlaqəsi problemlidir. Gürcüstan üzərindən keçən yol çox vaxt çətinlik yaradır. Bu baxımdan Moskva İrəvanı müəyyən güzəştlərə məcbur etmək, Azərbaycan vasitəsi ilə əlaqələri genişləndirmək istəyir, lakin hələlik ortada nəticə yoxdur”.
Analitik bəyan edib ki, İrəvan-Moskva münasibətlərinin gərginliyi fonunda Azərbaycan-Rusiya əlaqələri daha da inkişaf edəcək:
"Moskva ilə dostluğumuz, əməkdaşlığımız sadəcə İrəvanı neytrallaşdırmaq üçün deyil. Əlaqələrimizin başqa məqamları da var. İlk növbədə dayanan problemimiz Dağlıq Qarabağ münaqişəsinin həllidir. Rusiyanın bu münaqişəni həll etmək şansı çox böyükdür. Rusiyanın tədricən dəyişdiyi isə göz önündədir. Moskva artıq qeyd-şərtsiz Ermənistanı müdafiə etmir, İrəvanın təhlükəli xətalarını açıq dilə gətirir. Bunu nəzərə alan Azərbaycan rəhbərliyi Soçidə açıq şəkildə bəyan etdi ki, Rusiyanın rolu bu məsələdə yenə də aparıcı olacaq və biz bu rolu tətbiq etməklə, münaqişənin sülh yolu ilə həllinə yaxınlaşa bilərik”.
İsmayıl