Kreml təklənir...

Avropa-Rusiya arasında “soyuq müharibə”nin ikinci mərhələsi başlayıb





Keçmiş rusiyalı casus Sergey Skripalın Londonda öldürülməsindən sonra Britaniya hökumətinin başçısı Tereza Mey Rusiya əleyhinə məxfi tədbirlərin görüləcəyini deyib. Mey atılacaq addımların düşmənçilik münasibəti sərgiləyən bir dövlətin növbəti təhlükələrinə qarşı yönəldiyini söyləyib. Bir müddət öncə baş nazir Tereza Mey "Skripal işi” ilə bağlı 23 rusiyalı diplomatın ölkədən çıxarılacağını, buna görə onlara bir həftə vaxt verildiyini bildirib.

Mey sanksiyalarla bağlı qanunvericiliyə düzəlişlər təklif edəcəyini, hadisə barədə BMT və NATO-da məsələ qaldıracağını da əlavə edib. Eyni zamanda, Rusiya ilə yüksək səviyyəli müqavilələr ləğv edilərək xarici işlər naziri Sergey Lavrovun Londona dəvəti geri götürülüb. Britaniyalı nazirlər və yüksək vəzifəli məmurlar da Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına getməyəcəklərini açıqlayıblar. Rusiyaya məxsus dövlət aktivlərinin ölkənin təhlükəsizliyinə qarşı istifadəsi sübut olunarsa, London bu aktivləri donduracağını, rusların gömrük yoxlamalarını gücləndirəcəyini bildirib. İngiltərə ilə yanaşı, Fransa və Almaniya rəhbərləri də Kremli ciddi tənqid ediblər. Moskva hökuməti casusların öldürülməsi ilə bağlı ittihamı qəbul etməyib. Kreml rəsmiləri qətllərdə rus kəşfiyyatının suçlanmasını gülünc iddia adlandırıb.

Gərginləşən proseslə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, sovet dövründə ABŞ-SSRİ arasında uzun müddət davam edən "soyuq müharibə” indi də Avropa-Rusiya arasında formalaşıb. Onun sözlərinə görə, artıq "soyuq müharibə”nin ikinci mərhələsi başlayıb: 

"ABŞ və aparıcı Avropa dövlətləri Rusiyaya qarşı hücuma keçiblər. Çünki Rusiyanın son dövrlərdə etdiyi hərəkətlər, kəşfiyyat orqanları vasitəsi ilə rus vətəndaşların xarici ölkələrdə qətlə yetirilməsi və s. faktlar Qərb ölkələrini özündən çıxarıb. Yaşanan olaylar Qərb ölkələrini Moskvaya qarşı ciddi tədbir görməyə məcbur edib. Bir məqama diqqət çəkmək lazımdır ki, Böyük Britaniyanı həm ABŞ, həm də digər Avropa ölkələri dəstəklədilər və Rusiyaya qarşı çıxdılar. Lakin Rusiyaya qarşı əlavə sanksiyalar barədə söhbət getmir. Hələlik, Böyük Britaniya 146 diplomatdan 23-nü ölkədən xaric edib və dövlət adamlarının Rusiyaya gedişinə qadağa qoyub. Bundan başqa ciddi tədbir görməyib. Ola bilər, qarşıdakı günlərdə daha sərt addımlar atılsın, ancaq indiki halda üç-beş tədbirlə kifayətlənməyi məqsədəuyğun görüblər”. 

Politoloq bildirib ki, Rusiya üzləşdiyi təzyiqlərə adekvat cavablar verəcək: 

"Kreml Moskvadakı Böyük Britaniya səfirliyindən bir sıra diplomatları xaric edəcək. Bəzi kateqoriyalar üzrə ingilislərin viza almasına imkan verməyəcək. Atılan qarşılıqlı addımlar tərəflər arasındakı gərginliyi artıracaq ki, bu da dünya birliyinə müsbət heç nə vəd etmir. Qərb-Rusiya gərginliyi bir sıra kənar dövlətlərin də maraqlarına ziddir. Çünki dünyanın bir çox ölkəsi birbaşa və dolayısı yolla ya Qərbə, ya da Rusiyaya bağlıdır. Yəni, çox xoşagəlməz vəziyyətdir”.

İsmayıl