Kürd amili İran və Türkiyəni bir araya gətirir

Fikrət Sadıqov: “Çox güman ki, tərəflər arasında xüsusi razılaşmalar da əldə olunub”



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edib. Ərdoğan səfəri zamanı İranla aparılan müzakirələrdə Suriya və Astana prosesinin əsas mövzulardan olduğunu deyib.

Prezident bildirib ki, Astana prosesində atılan addımlardan sonra atəşkəs zonaları formalaşdırılacaq və üçlü mexanizm işləyəcək: "Əsəd rejiminə danışıqlar tərəfi kimi baxmırıq. Türkiyə, Rusiya, İran olmaqla danışıqlar aparırıq. Mənfi hal baş vermədən bu prosesi qorumaq istəyirik. Amma son zamanlar bəzi hadisələr baş verdi, bir xəstəxana bombalandı, loyal müxalifətdən ölənlər oldu. Bundan əlavə Deyr əz-Zorda bir rus generalı öldürüldü. Bu vəziyyət dumanlı havanı sevənləri məmnun etdi və fərqli yerlərdə fərqli işlər gördülər. Ona görə də kəşfiyyat hissələrimiz koordinasiyalı şəkildə işləməyə davam edir”. 

Xatırladaq ki, səfərdən bir neçə gün qabaq Türkiyə ordusunun Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar da Tehranda olub və iranlı həmkarı ilə müzakirələr aparıb. Türkiyə-İran münasibətlərində müəyyən anlaşılmaz məqamlar var idi. Bəzi hallarda tərəflər biri-birinə münasibətdə kəskin bəyanatlar verirdilər. Görünür, son proseslərdən sonra hər iki dövlət ortaq hərəkət etməyin zəruriliyini anlayıblar. 

Səfərlə bağlı "Şərq”ə danışan Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, tərəflər arasında müəyyən ziddiyyətlər olsa da, Türkiyə və İran biri-birinə düşmən kimi davranmayıblar: 

"Yaxın Şərqdəki hadisələrdən sonra hər iki dövlətin mövqeyi biri-birinə yaxınlaşmağa başlayıb. İraq "Kürdüstan”ında baş verən son proses isə tərəfləri eyni müstəviyə gətirib. Türkiyə 30 ilə yaxındır kürd terrorçulara qarşı mübarizə aparır. Çünki heç bir dövlət sərhəddə separatçı və terrorçu bir təşkilatın yaranmasını istəməz. İran da buna bənzər problem yaşayır. Cənub qonşumuzun tərkibində milyonlarla kürd yaşayır. Bu baxımdan rəsmi Tehran İraqdakı proseslərə çox sərt reaksiya verir və Bağdaddan başqa hökumət tanımadığını bəyan edir. Kürd amili İran və Türkiyəni bir araya gətirməyə kifayət edir. Çox güman ki, tərəflər arasında xüsusi razılaşmalar da əldə olunub. Məncə, birgə səylərin həyata keçirilməsi reallaşacaq”.

İsmayıl