“Kütləvi şəkildə işdən çıxarma kadr islahatı deyil”

Sahib Məmmədov: “Ola bilər ki, həmin şəxslər neqativ hallara yol verdiyindən Mikayıl Cabbarov onların kütləvi şəkildə vəzifədən azad olunması barədə tapşırıq verib”




Vergilər Nazirliyindən verilən məlumata görə, vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Məlumatda bildirilib ki, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır: "Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb.

Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır”.

Nazirlikdən bildirilib ki, bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb: "Onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var”.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da hesab edir ki, Mikayıl Cabbarovun vergilər naziri təyin olunduqdan sonra əvvəlki nazirin kadrlarını vəzifədən uzaqlaşdırması ilə bağlı deyilənlər reallığa uyğun deyil

 "Onun kadrları ucdantutma dəyişməyə meyilli adam olmadığının artıq şahidi olmuşuq. O nə təhsil naziri olarkən, nə də "İçərişəhər” qoruğunda rəis olduğu zaman belə bir addım atmışdı. Yəni o, bir çoxlarından fərqli olaraq öz adamlarını ətrafına yığmaqda maraqlı deyil. Sözün açığı, Vergilər Nazirliyində tutduğu vəzifədən azad edilən şəxslərin fəaliyyətinə yaxından bələd olmadığım üçün konkret bir söz deyə bilmirəm. Ola bilər ki, həmin şəxslər neqativ hallara yol verdiyindən Mikayıl Cabbarov onların kütləvi şəkildə vəzifədən azad olunması barədə tapşırıq verib”.

S.Məmmədovun sözlərinə görə, rəhbərin dəyişməsi nəticəsində əvvəlki işçilərin kütləvi şəkildə işdən çıxarılması kadr islahatı deyil. "Kadr islahatı geniş anlayışdır. İşçilərin təhsilinin, potensialının artırılmasından tutmuş idarəetmənin dəyişdirilməsinə, İnsan resursları siyasətinin yenidən qurulmasına qədər kompleks tədbirlər planını əhatə edir. İdarədə olan 500 işçidən 100-nün kütləvi şəkildə tutduğu vəzifədən azad edilib, yeniləri ilə əvəz edilməsi kadr islahatı deyil”. 

Vergilər Nazirliyinin kifayət qədər önəmli dövlət qurumlarından biri olduğunu deyən Liqa rəhbəri hesab edir ki, rəhbər şəxslərin kütləvi şəkildə vəzifədən kənarlaşdırılmasının çox ciddi səbəbləri ola bilər. "Əgər ölkə başçısı da vergilər nazirini işdən azad edibsə, deməli, həqiqətən də bu qurumda dəyişikliklərə ehtiyac varmış. Ancaq işini bilən, peşəkarlıq tələblərinə cavab verən məmurların fəaliyyəti qiymətləndirilməlidir. Kor-koranə şəkildə onların işdən çıxarılması müvafiq qanunvericiliyə ziddir”. 

Şəymən