Ötən gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrailin Müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
İki ölkə arasında tərəfdaşlığın yüksək səviyyəsindən danışan general-polkovnik Z.Həsənov bunun təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. Azərbaycanın Müdafiə naziri Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini və qoşunların təmas xəttində gərginliyin artırılmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Xalqlarımız arasında mövcud olan tarixi kökləri və əlaqələri yüksək dəyərləndirən Aviqdor Liberman ölkələrimiz arasında münasibətlərin hazırkı məmnunluğunu bildirərək bu cür görüşlərin keçirilməsinin zəruriliyini xüsusi vurğulayıb. Görüşdə regional təhlükəsizlik, iki ölkə arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
İsrail-Azərbaycan münasibətləri ilə bağlı "Şərq"ə açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İsrail-Azərbaycan əlaqələri strateji tərəfdaşlıq çərçivəsində uğurla davam etməkdədir. Ekspertin sözlərinə görə, iki ölkə hərbi-texniki əməkdaşlıqda müttəfiqlik səviyyəsinə gəliblər:
"İsrailin müdafiə naziri və bu ölkədə Azərbaycanın əsas dəstəkçisi olan Aviqdor Libermanın ölkəmizə səfəri iki ölkə arasında hərbi-siyasi əlaqələrin inkişafında dinamizmi artıracaq. İsrailin müasir hərbi arsenalı bu gün Azərbaycan ordusunun hərbi-texniki imkanlarının genişlənməsində əsas rol oynayır. Azərbaycan digər ölkələrdən fərqli olaraq İsraildən yeni silahların alınmasında maraqlıdır. Həmçinin, birgə istehsal müəssisələrinin genişlənməsi istiqamətində işlər aparır. Libermanın səfəri Təl-Əvivlə Bakı arasında, o cümlədən Vaşinqtonla əlaqələrdə yeni imkanlar açacaq. Libermanın səfərində Azərbaycan-ABŞ əlaqələrinin inkişafı da müzakirə predmeti olub. Çünki İsrailin vasitəsi ilə rəsmi Bakının Ağ Evlə dialoqu uğurlu alınıb".
Politoloq bəyan edib ki, Rusiya prezidentinin ölkəmizə səfəri öncəsi, Libermanın Azərbaycana gəlişi müəyyən məqamlardan xəbər verir:
"Hazırda İsraillə Rusiya arasında əməkdaşlıq yüksək səviyyədədir. İki ölkə Suriyada koordinasiyalı fəaliyyət göstərir, biri-birinə güzəşt edirlər. Putinin Bakıya səfərindən sonra müəyyən məsələlərin ortaya çıxacağı, İsrailin də burada rolunu görə bilərik.
Libermanın ölkəmizə səfəri və aparılan danışıqlar hansısa üçüncü ölkələrə qarşı deyil. Cənub qonşumuz İran bundan narahat olacaqsa, ilk növbədə özünün Ermənistanla əməkdaşlığına baxmalıdır. Libermanın səfərindən sonra, ordumuzun arsenalında ermənilərin qorxulu röyası olan "Dəmir Gümbəz" havadan müdafiə sistemlərinin olması təəccüb doğurmayacaq".
İsmayıl