Vahid Əhmədov: "Vəziyyət indiki kimi davam edərsə, manatın məzənnəsi dollara qarşı eyni səviyyədə qalacaq"
"Düzdü, manatın dollara qarşı bahaşmasında neftin qiymətinin rolu var. Manatın dollara qarşı müəyyən qədər möhkəmlənməsi Mərkəzi Bankın (MB) apardığı siyasətin nəticəsidir"
Bu barədə "Sherg.az "-a manatın taleyindən danışarkən iqtisadçı deputat Vahid Əhmədov bildirib.
O qeyd edib ki, dövlət başçısının göstərişlərinə müvafiq olaraq idxal ixrac əməliyyatlarında müsbət saldo yaranıb:

"İdxal azalıb, ixrac artıb. Kənd təsərrüfatı sahəsinə diqqət artırılır. Sənaye sahəsinə maraq güclənib. Müəyyən işlər görülür. Turizmin inkişafı üçün addımlar atılır və bu, öz müsbət təsirlərini göstərir. Bundan başqa MB -nin pul kütləsi üzərində ciddi nəzarəti var. Lazım olmayan sahəyə pul xərclənmir. Pul kütləsinə nəzarət olunur. Düzdür, bunun mənfi təsirləri odur ki, Azərbaycanda real sektorun inkişafı üçün müəyyən problemlər yaranacaq. 2018-ci ildə bunun şahidi ola bilərik. Elə etmək gərəkir ki, real sektorda belə hallar baş verməsin.
Vəziyyət indiki kimi davam edərsə, manatın məzənnəsi dollara qarşı eyni səviyyədə qalacaq. Əsas məqsəd odur ki, manatı qoruyub saxlamaqla real sektor inkişaf etdirilsin, ümumdaxili məhsulda artım olsun. Amma deyim ki, bu il ümumdaxili məhsulda artım gözləmirəm. Amma müəyyən problemlər həll olunarsa, iqtisadiyyata təkan verilərsə, real sektora vəsait qoyularsa, 2018-ci ildə iqtisadiyyatımızda nəzərəçarpan irəliləyiş baş verə bilər".
Ayyət ƏHMƏD