“Amma sevindirici haldır ki, psixoloq və sosioloqların SOS-undan sonra bu cizgi filminə qarşı maraq azalıb. Valideynlər daha diqqətli yanaşırlar”
“Maşa və ayı” uşaqları başqa adama çevirir
Psixoloq: “Son zamanlar uşaqların özlərini daha inadkar və dəcəl aparmasının səbəbi onların Maşanı təqlid etməsi ilə bağlıdır”
“Amma sevindirici haldır ki, psixoloq və sosioloqların SOS-undan sonra bu cizgi filminə qarşı maraq azalıb. Valideynlər daha diqqətli yanaşırlar”
“Amma sevindirici haldır ki, psixoloq və sosioloqların SOS-undan sonra bu cizgi filminə qarşı maraq azalıb. Valideynlər daha diqqətli yanaşırlar”
Rusiyalı psixoloqlar uşaqların psixologiyasına mənfi təsir edən ən pis cizgi filmlərin reytinqini müəyyən edib. "Maşa və ayı” cizgi filmi bu siyahıda ilk pillədədir. Ekspertlər hesab edir ki, sərbəst və sözə baxmayan Maşa obrazı uşaqların hərəkətlərinə mənfi təsir edir. Uşaqlar elə düşünürlər ki, bu davranışlar normaldır. İkinci yerdə isə "Bədheybət Hay” cizgi filmi gəlir. Mütəxəssislərin sözlərinə görə, personajların istifadə etdiyi sözlər uşaqların dil lüğətinə mənfi təsir göstərir. "Süngər Bob kvadrat şalvar” siyahıda üçüncü sırada yer alıb. Pxioloqların fikrincə, baş qəhrəman-süngər Bob olduqca eqoistdir və hər zaman böyükləri tənqid edir.
Dördüncü yerdə isə siçanın hər zaman pişiyi lağa qoyduğu "Tom və Cerri” gəlir. Ekspertlərin sözlərinə görə, baş qəhrəmanlar uşaqların böyüklərə qarşı münasibətlərinə mənfi təsir yaradır. Psixoloq Gülnarə Əliyevanın sözlərinə görə, cizgi filmlərinin uşaq psixologiyasına həm yaxşı, həm də pis təsirləri var. Necə ki, bıçaqla həm qidalanmaq üçün çörək kəsirik, həm də cinayətkarlar öz qurbanlarını öldürmək üçün soyuq silah növü kimi bıçaqdan istifadə edirlər: "Amma bəzi cizgi filmləri var ki, Azərbaycan uşaqlarına stress, qəddarlıq və aqressiyadan başqa heç nə vermir. Əvvəla onu deyim ki, uşaqların neçə yaşında, hansı cizgi filmlərini izləməsindən çox şey asılıdır. Yaxşı olar ki, valideynlər uşaqlarının izlədiyi "multfilmlər barəsində əvvəlcədən məlumatlı olsunlar. Uşaqları düzgün istiqamətləndirmək üçün bu vacibdir. Ümumiyyətlə isə 3 yaşına qədər uşaqların cizgi film izləməsinin məqsədəuyğun olmadığını düşünürəm. Amma çox təəssüflər olsun ki, bir çox hallarda valideynlərimiz başları dinc olsun deyə uşaqları televiziya qarşısında oturdub, öz işləri ilə məşğul olurlar. Halbuki uşaqların xüsusi cizgi film izləmə saatları olmalı və bu cizgi filmlər diqqətlə seçilməlidir”. Cizgi filmlərində yaş həddinin qoyulmamasının doğru olmadığını vurğulayan psixoloqun sözlərinə görə, eyni cizgi filmini 3 yaşlı uşaqla 12 yaşlı uşaq psixologiyası tamam fərqli qəbul edir: "Təbii olaraq uşaqları cizgi filmlərindən tamamilə uzaqlaşdırmaq da doğru deyil. Sadəcə valideynlər uşağı cizgi filminin qarşısında saatlarla oturmağa qoymamalıdır. Müddət nə qədər uzun olsa, cizgi filmlərinin uşaqların psixologiyasına ziyanı da bir o qədər çox olar. Həm də ki, uşaq dayanmadan cizgi filminə baxanda onsuz da bir neçə dəqiqədən sonrasını dərk edə bilməyəcək. Ona görə də filmlər qısa olmalıdır ki, uşaqlar onu izlədikdən sonra özləri üçün bir nəticə çıxarda bilsinlər. Bizim uşaqlığımızda yayımlanan cizgi filmləri məhz bu cür idi. Amma indikilər serialdı sanki, aylarla, hətta illərlə davam edir. Mövzular isə zorakılıq üzərində qurulub. Baş qəhrəmanların əksəriyyəti fövqəlgüclərə sahibdir və dünyanı ələ keçirmək istəyən qüvvələrə qarşı döyüşür. Qadın qəhrəmanların isə demək olar ki, hamısının geyimləri həddindən artıq açıq-saçıqdır. Ən önəmlisi isə əcaib məxluqların filmlərdə rol almasıdır”.
Konkret olaraq "Maşa və ayı” cizgi filminin uşaq psixologiyasına təsirinə gəldikdə isə Gülnarə xanım deyib ki, bəlli bir yaş dövründə olan uşaqlar gerçək aləmlə ideal aləmi ayıra bilmədikləri üçün özünü baş qəhrəmanların yerində təsəvvür edir və o cür də davranmağa başlayır. Hesab edirəm ki, son zamanlar uşaqların özlərini daha inadkar və dəcəl aparmasının səbəbi onların Maşanı təqlid etməsi ilə bağlıdır. Ayının yerində isə öz valideynlərini, bağça müəllimlərini görürlər və beləliklə də Maşanın ayının başına açdığı oyunları uşaqlar da öz analarına qarşı təkrarlayırlar. Amma sevindirici haldır ki, psixoloq və sosioloqların SOS-undan sonra bu cizgi filminə qarşı maraq azalıb. Valideynlər daha diqqətli yanaşırlar. Psixoloqun sözlərinə görə, cizgi filmlərinin ən böyük zərərlərindən biri də orada real həyatda olmayan hadisələrin yayımlanmasıdır: "Uşaq baxdığı cizgi filminə həqiqət kimi yanaşır. Filmlərin baş qəhrəmanları yüksəklikdən atılırlar, od-alovun içərisindən keçirlər, amma ölmürlər. Özünü dərk etməyən uşaqlar da elə bilir real həyatda da bu cürdür. Fikirləşir ki, zədələnsə, ona heç nə olmayacaq. Bir də cizgi filmlərində aqressiyanın, şiddətin təbliği məni çox narahat edir. Əvvəllər çəkilən cizgi filmlərində uşaqlarda mərhəmət hissini gücləndirmək, insanların biri-birinə qayğı göstərməsi, bağışlamaq kimi hisslər daha çox təbliğ edilirdi. Amma bu gün daha çox zorakılıq məzmunlu cizgi filmləri çəkilir. Uşaqlar həyatı yaxşı dərk etmədikləri üçün cizgi filmlərdə, gün ərzində izlədikləri zorakılıq məzmunlu film və ya verilişlərdə baş verən hər hansı bir davranış və ya davranışları örnək alır, özlərini orda izlədikləri obrazların yerinə qoyurlar. Uşaqlarla bağlı bu məqamlara xüsusi diqqət yetirilməlidir”. Psixoloqun sözlərinə görə, indiki cizgi filmlərinin həddindən artıq hərəkətli olması da uşaqları yorur və şüur altına həkk olunaraq onlarda gərginlik yaradır. Ona görə də yuxarıda da qeyd etdiyim kimi ən azından valideynlər maarifləndirilməlidir ki, onlar öz uşaqları ilə məşğul olsun və uşağın baxacağı cizgi filminin məzmununa, zamanına diqqət etsin, nəzarətsiz qoymasın”.
Gülnarə xanım sonda milli motivli cizgi filmlərinin çəkilməsini təklif edib. Onun sözlərinə görə, öz adət- ənənələrimizə uyğun filmlər çəkilərsə, uşaqlarımızı kənar psixoloji təsirlərdən qorumuş olarıq.
Şəymən