Maşın bazarında ajiotaj yarandı

Avtomobillərin qiyməti 4 min manatadək bahalaşıb
Ucuz maşını bazara daxil olmamış alırlar və öz bildikləri qiymətə satırlar. Artıq qiymətləndirmə prosesi alverçilərin diktəsi ilə gedir




Maşın bazarında bəzi avtomobillərin qiymətində artım müşahidə olunub. İli 1993-1999-cü il olan "Mercedes” markalı avtomobillər1500-3500 manat arası bahalaşıb. Bununla belə, "Opel”, "Nissan”, "KİA”, "Lada” (VAZ) markalı avtomobillərdə də bahalaşma qeydə alınıb.

Avtomobil alverçiləri isə qiymət artımına səbəb olaraq ehtiyat hissələrinin bahalaşmasını göstərirlər. Həqiqətən də ehtiyat hissələrinin baha olması qiymətlərin günü-gündən çoxalmasına təsir edirmi? Məlumdur ki, maşın bazarında qiymətlər bir neçə ildir ki, sabit deyil. 

Müəyyən enişlər və ya əksinə yoxuşlar müşahidə olunur. Bəs, yaxın zamanda qiymətlərin ucuzlaşması baş verə bilərmi?

Mövcud durumla bağlı Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Şərq”ə danışıb. 

Onun sözlərinə görə, xaricdən ölkəyə gətirilən nəqliyyat vasitələri üçün tətbiq olunan gömrük rüsumu artırıldı və istər-istəməz maşın bazarında silkələnmə baş verdi. Ekspert bildirib ki, hazırda maşın bazarında durğunluq olsa da, ötən ay vəziyyət belə deyildi: 

"Kimin 3-5 ay sonra maşın almaq planı var idisə, onlar dekabr ayında bazara axışdılar. Bu axışmanın özü də müəyyən qədər qiymətləri artırdı. Çünki alıcı varsa, qiymətlərə də təsirlər olur. Çox təəssüflər olsun ki, bəzi qruplar bazarı idarə edirlər və onlar istənilən halda qiymətlərə öz təsirlərini göstərirlər. Yəni, bazar alverçilərin əlində bir alətə çevrilib, istədikləri istiqamətə yönəldirlər və qiymətləri öz aralarında tənzimləyirlər. Ucuz maşını bazara daxil olmamış alırlar və öz bildikləri qiymətə satırlar. Artıq qiymətləndirmə prosesi alverçilərin diktəsi ilə gedir. Yanvar ayında gömrük rüsumları artdığına görə, qiyməti bir az artırırlar. 

Digər tərəfdən bir məsələ diqqət çəkir - maşın bazarında alıcı kütləsi varmı? Təbii ki, alış qabiliyyəti olan insanların sayı azdır. Bəzi insanlar yeni avtomobil almaq istəyirlər və bu həddindən artıq baha gəlib çıxır. Ona görə Rusiya istehsalı olan maşınlar bu dəqiqə bazarda daha çox satılır. Çin istehsalı olan yeni avtomobillərə də tələbat var. 

Məsələn, 80 minə Prado almaq imkanı olmayanlar, 40 minə Çin variantını alır. Bugünkü gündə insanların böyük avtomobillərə meyli o qədər də az deyil. Həmçinin yeni avtomobil almaq imkanı olanların sayı azdır. Bu baxımdan, bazarda köhnə maşınlar dövr edir. Bu gün xaricdən Azərbaycana gətirilən avtomobillərin statistikasına baxsaq, işlənmiş maşınların daha çox olduğunu görərik.

Düşünürəm ki, mart ayına qədər bazarda bir az sönüklük baş verəcək. Çünki artıq insanlar maşınları yeni qiymətlə gətirirlər. Alıcılar isə hələ ki, o qiymətə öyrəşmir. Ona görə də mart ayında bayramqabağı kimsə maşın dəyişmək istəyərsə, bazarda bir az canlanma yarana bilər. Hələlik durğunluq dövrü başladı. Artıq KİV-lər vasitəsilə qiymət artımı xəbərini oxuyanlar heç bazara ayaq qoymurlar. 

İnternetdə maşın alqı-satqısı olan saytlarda qiymətlərə baxırlar, büdcələri ilə müqayisə edirlər və görürlər ki, gücləri çatmır, bu zaman gözləyirlər. Bütün bunların hamısı xaricdən gətirilən avtomobillərin sayının azalmasına səbəb olacaq. Qiymətlərin ucuzlaşmasına ancaq respublika daxilində olan avtomobillərin alınıb satılması müəyyən qədər təsir göstərə bilər”.

Yeganə Bayramova