Uşağa öz sahəsində uğur qazanmış şəxslərdən danışın
Bununla övladınızı dərslərini çalışmasının vacibliyinə inandırmış olarsınız
Dərs çalışmağı sevməyən uşaqlarla necə davranmalı? Şübhəsiz, bu, əksər valideynlərin bir nömrəli problemidir. Uşaqların da ən çox zəhləsi gedən iş, məhz dərs çalışmaqdır. Uşaqlar dərs çalışmaqdan yayınmaq üçün daim müxtəlif bəhanələr uydurur. "İşığımız sönmüşdü, dərsi oxuya bilmədim” kimi bəhanələrə biz böyüklər, uşaq olanda azmı söykənmişik?!
Psixoloqlar bu mövzuda valideynlərə önəmli məsləhətlər verir. Türkiyəli psixoloqların məsləhətləri bunlardır:
Məcbur etməkdən vaz keçin
Uşaqların dərs çalışmaq üçün yetərincə həvəsi olmalıdır. Bəs bu həvəs yoxdursa, uşağı buna necə təşviq etmək olar?
Hər şeydən öncə uşağı buna məcbur etmək qətiyyən olmaz. Uşağa istəmədiyi, həvəsi olmayan bir işi görməyə ancaq qısa bir müddət üçün məcbur edə biləcəksiniz. Və qısa zaman sonra yenə eyni çətinliklərlə üzləşəcəksiniz. Bu halda davamlı nəticə əldə etmək mümkün olmayacaq. Həmçinin, uşaq zorla məcbur edildiyi işdən həzz da almayacaq.
Hətta bəlkə irəlidə sevə biləcəyi bir işi də zamanında məcburən etdiyindən bu sevgi də onda yox olacaq və öz istəyindən uzaqlaşacaq. Bu səbəbdən də uşağın üzərinə basqını azaltmaq önəmlidir. Valideynin təlimatları olmadan da, uşaq öz vərdişlərinə yiyələnə biləcək. Burada valideynin üzərinə düşən uşağa örnək olmaqdır. Uşaq oxşar vərdişləri valideyndə gördüyü zaman, məhz ondan nümunə götürərək, ona oxşamaq istəyəcək.
Uşağı dərs çalışmağa necə təşviq etməli?
Uşaqla əlaqələrinizin necə olmasına diqqət edin. Uşaqla danışmaqdan çəkinməyin. Onun gələcəyindən narahat olmağınız normal və təbiidir. Amma o, bunu hələ başa düşmək gücündə deyil. Həyatın dadını çıxarmaq istəyən uşaqlar böyüklərin həyata keçirməkdə məsuliyyət daşıdıqları planlar qarşısında sıxılırlar. Bu halda övladınıza bu planlardan və onların həyata keçirilməsinin çətinliyindən bəhs etmək əvəzinə, ondan gələcəkdə nə etmək istədiyini soruşun.
Bəlkə astronavt, ya həkim olmaq istəyir? Ona bu peşələr haqqında və öz sahəsində müvəffəqiyyət qazanmış şəxslərdən danışın. Bununla da, uşağın dərslərini çalışmasının vacibliyinə inandırmış olarsınız. Dərslərini çalışmazsa, dərslərində uğur qazanmazsa, sevdiyi peşəyə necə nail olacaq? Arzuladığı peşəyə sahib olmaq, hədəfinə çatmaq yolunda kiçik addımlar atmasını təmin edin. Unutmayın, böyük hədəflərə kiçik addımlarla daha tez yaxınlaşırlar.
Uşağa əmr etməyin!
Uşağa qarşı "haydı, dərs çalışmağa”, "dərs başına” tipli əmrlər verməkdən çəkinin. Uşağın tənbəllikdən əl çəkib həvəslə dərs çalışmasını istəyirsinizsə, oyuna bənzər dərslər təşkil edin. Məsələn, bilik yarışmaları, əzbər yarışı, yüksək səslə mütaliə uşaqların dərslərdən təsirlənməsinə səbəb olur. Məsələn, hündürdən, uca səslə, sanki səhnədəymiş kimi, hekayə və ya şeir oxumaq, uşaqda mütaliəyə, ədəbiyyata həvəsi artırır. Həmçinin, başqa fənlərlə bağlı da çoxsaylı həvəsləndirmə üsulları var. Məsələn, marketə bazarlığa gedirsinizsə, övladınızdan hesab aparmaqda "kömək” istəyə bilərsiniz.
"Sən yaxşı hesablayırsan, riyaziyyatı bilirsən, gedək mənə kömək et” deyib övladınızın özünü yararlı insan kimi hiss etməsini təmin edə biləcəksiniz. Uşaqla onun diliylə danışmağı öyrənin. Onu anladığınızı bildirməlisiniz. Bu, övladınızın sizə güvənib, sizə qarşı məsuliyyətlə davranmasını təmin edəcək.
Məlahət Rzayeva