Media hüququ və etikası nəzərə alınmalıdır

İctimai önəm daşıyırsa, sosial medianın xəbərlərindən yararlanmaq olar



(... əvvəli ötən sayımızda)

Kütləvi informasiya vasitələri cəmiyyətin maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir. Ancaq bugünkü mərhələdə jurnalistikamızı qismən də olsa müasir texnologiyalar əvəz edir. Hətta feysbuk, tvitter, instaqram kimi şəbəkələrin jurnalistləri tənbəlləşdirdiyi də iddia olunur. Belə ki, dünyada sosial şəbəkə istifadəçilərinin sayı hər ötən gün çoxalır. Araşdırmalar göstərir ki, əksər istifadəçilər sosial şəbəkələrə məhz informasiya almaq məqsədilə daxil olur. Bu gün internetdəki sosial şəbəkələr xəbər yayımı baxımından artıq elektren media qurumları ilə rəqabət aparmağa iddialıdır.

Sosial şəbəkələr bütün dünyada müasir jurnalistikaya ciddi təsir göstərir. Özü də onlar təkcə nyusmeykerlərdən ("xəbər yaradanlardan”) və hadisə şahidlərindən alınmış eksklüziv informasiyanın operativ mənbəyi olaraq qalmır, həm də öz auditoriyasını formalaşdırma vasitəsi kimi böyük təsir gücünə malikdir.

Təkcə dünyada deyil, elə Azərbaycanda da. Müşahidələr də göstərir ki, sosial şəbəkələrdə yayılan informasiyalar həmin andaca artıq xəbər portalların lentlərində özünə yer tapır. Təbii ki, sosial şəbəkələrdə xəbər yüklü statuslar onu yazan istifadəçinin ictimai nüfuzundan asılıdır. Hətta bir çox hallarda qələm adamları da sosial şəbəkə fenomenlərinin zövqü ilə hesablaşmalı olur. Hər hansı bir istifadəçi ilə polemikaya girir və həmin mövzuya yazı həsr edərək çalışdığı media orqanında dərc edir. Xüsusən də şou yazarları gün ərzində müğənnilərin səhifələrini izləyib, onların paylaşdıqları şəkillər və ya fikirlərindən xəbər hazırlayırlar. Bəs, sosial şəbəkələrdə müzakirə olunan mövzuları saytlara daşımaq nə dərəcədə doğrudur?

Peşəkar media orqanı bu yolla xəbər hazırlaya bilərmi? Qeyd edək ki, tvitter sosial şəbəkəsinin xəbər agentlikləri arasında məsul əlaqələndiricisi Coanna Gerinin sözügedən mövzu ilə bağlı maraqlı yanaşması var: Təmsil etdiyi qurumun xəbərçilik sahəsindəki operativliyindən bəhs edən Geri açıqlamalarının birində vurğulayıb ki, hadisə baş verən anda istənilən şəxsin onu çəkib sosial şəbəkəyə yerləşdirməsi xəbərin operativliyini müqayisəedilməz dərəcədə yüksəldir. Məhz bu mənada ənənəvi və onlayn media sosial şəbəkələrdən xeyli geri qalır. Elə buna görədir ki, artıq bütün xəbər agentlikləri nəinki öz xəbərlərini sosial mediada da yaymağa çalışır, həmçinin onu əhəmiyyətli xəbər qaynağı hesab edirlər. Təbii ki, bu da bəzi hallarda qeyri-səhih xəbərlərin də yayılmasına səbəb olur, lakin təəssüf ki, bu, qaçılmazdır.

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal sosial şəbəkələrdə yazılan statusları medianın rəqibi kimi deyil, əksinə, bu gün informasiya mənbələrindən biri kimi qiymətləndirdiyini deyib: 

"Bu gün istər feysbukda, istər tvitterdə dövlət adamlarının, ictimai-siyasi xadimlərin, sənətçilərin yazdıqları statuslar ciddi xəbərə çevrilir, xüsusilə onlayn media vasitəsilə oxucuya çatdırılır. Ümumiyyətlə isə bu gün sosial şəbəkə bütün yönləri ilə medianın mövzu və xəbər bazasının az qala 50 faizini təşkil edir. Azərbaycanda daha çox millət vəkillərinin, müxtəlif sahələr üzrə ekspertlərin yazdıqları statuslar xəbərə çevrilir. Məsələn, millət vəkili Fazil Mustafa, iqtisadçı Qubad İbadoğlunu qeyd edə bilərəm. Bəzi hallarda, Azərbaycan Prezidentinin, Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun tvitləri olur. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev önəmli günlərdə statuslar yazır, fəaliyyəti ilə bağlı xəbərləri paylaşır. Statusdakı xəbərlərin dəqiqliyi onu yazan şəxsin kimliyi ilə bağlıdır. Təbii ki, media qurumları da statusdan xəbər hazırlayarkən, onu yazan şəxsin ciddiliyini, ictimai nüfuzunu əsas götürürlər”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev isə "Şərq”ə açıqlamasında klassik medianın gündəmini sosial şəbəkələrin müəyyənləşdirməsinin sirr olmadığını deyib. Onun sözlərinə görə, bununla əlaqədar olaraq bu sahədə çox ciddi problemlər yaşanmaqdadır: 

"Bəzən heç bir əsası olmayan məlumatlar sosial şəbəkələrdən mətbuata yol tapır, geniş müzakirə olunur, səhifə-səhifə yazılar hazırlanır və bir müddət keçəndən sonra məlum olur ki, informasiya yanlış imiş. Məsələn, elə bu günlərdə Ucarın hansısa kəndində yaşayan bir abituriyentin 652 bal topladığı, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olunduğu, amma ailəsinin imkan olmadığından unversitetdən imtina etdiyi barədə xəbər yayıldı. Xəbəri hansısa bir sosial şəbəkə istifadəçisi yaydı, saytlar da sosial şəbəkələrə istinad etməklə onu ictimailəşdirdilər, qızın şəkilləri internet medianı bəzədi. Amma cəmi 1 sutka keçmiş qızın valideynləri, özü mətbuata çıxaraq məlumatı təkzib etdilər. Bu faktın özü də göstərir ki, ciddi media orqanları dəqiqliyinə şübhə etdikləri profil sahiblərinin yaydığı informasiyalara istinad etməməlidirlər. Xəbər son dərəcə maraqlı gələrsə, sosial şəbəkədəki məlumatı ilkin mənbə ilə dəqiqləşdirmək və yalnız bundan sonra ictimailəşdirmək lazımdır. Amma təəssüf ki, bizdə xəbərin dəqiqliyini yoxlamaq ikinci məsələ kimi nəzərdən keçirilir. Əsas məqam kimi isə xəbərin tükürpədiciliyi, oxucu cəlb etməsi, insanları həyəcanlandırması olur. Yalnız bunları təmin etdikdən sonra kiminsə yadına xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək düşür.
İctimai nüfuzu olan şəxslərin sosial şəbəkələrdəki statusları isə ciddi media üçün mənbə rolunu oynaya bilər. Ona görə də cəmiyyətin öndə gedən simaları sosial şəbəkələrdəki paylaşımlarında ehtiyatlı olmalı, hansısa statuslarının xəbərə çevrilməsindən narazı qalmamalıdırlar”.

Media üzrə ekspert Zeynal Məmmədlinin fikrincə, sosial şəbəkələrdə paylaşılan statuslar medianın gündəminə daşınmazdan əvvəl həmin xəbərin ictimai önəmini nəzərə almaq lazımdır: 

"Sosial şəbəkələrdən xəbər qaynağı kimi faydalanan peşəkar jurnalistlərdən tələb olunur ki, hər hansı bir status ictimai maraq doğurursa, çox önəmlidirsə, ictimai maraq testindən keçirsə, önəmli bir mövzunun izinə düşməyə kömək edirsə, izə düşmək mənasında statusdan istifadə etmək olar. İctimai maraq testinin isə öz şərtləri var və həmin test bir neçə haldan ibarət olur”.

Media ekspertinin sözlərinə görə, statuslardan istifadə zamanı diqqət edilməli olan əsas məsələ media hüququ və etikasının buna necə baxmasıdır: 

"Media hüququ internet mediasının sosial şəbəkədən qaynaq kimi istifadə olunmasına yaşıl işıq yandırır. Amma bu halda qaynaqdan daha çox ip ucu kimi istifadə olunması məsləhətdir. Tutaq ki, bir status, bir foto sayəsində izə düşürsən, açıq qaynaqlardan istifadə edib, bunu tamamlayırsan. İctimai önəm daşıyırsa, statuslardan bu formada istifadə edə bilərsən”.

Z.Məmmədli bu məsələdə mübahisəli məqamların çox olduğunu deyib: 

"Düzdür, jurnalistika xalqdan qopmur, amma eyni zamanda əgər sayt, qəzet ictimai önəm daşıyan birisinin fotolarını saytda yaymaq qərarı veribsə, detallara diqqət etməlidir. Belə ki, həmin fotolarda özəl yaşam məqamı qabardılırsa, peşəkar media icazəsiz, bunun ictimai önəmini qavramadan ondan istifadə edə bilməz. Bu, ən azı etik davranış deyil. Hüquqi problem yaranmasa belə, etik problem də önəmlidir. Kiminsə ailə fotolarını yayımlamaq nəyə lazımdır? İctimai önəmi nəzərə almaq lazımdır. Amma hər situasiya üçün buna qərar verirsən. Yeni sahə olduğu üçün burada müəyyən boşluqlar var”.


Milli.az xəbər portalının baş redaktoru Anar İmanovun qənaətincə, xəbər sadəcə xəbər yüklü paylaşımlardan olmalıdır: 

"Əgər bir istifadəçi həyətindəki ağacları, gülləri çəkirsə, bu, xəbər deyil. Amma əgər hansısa tanınmış insan xəbər yüklü paylaşım edirsə, bundan xəbər düzəltmək məncə faciə deyil, işdir. Həmin insan yaddan çıxartmamalıdır ki, onsuz da onun paylaşımını minlərlə istifadəçi görür. Digər məsələ ondan ibarətdir ki, bəzən hansısa tanınmış adam 15 fərqli jurnalistə açıqlama verməkdənsə, sosial şəbəkədə status yazır və 15 dəfə eyni məzmunlu sözlər deməkdən qurtulur. Başqa bir məqam - məsələn, istifadəçi gördüyü qəzanı paylaşır, şəkilləri, videoları və yaxud hadisə haqda qısa məlumat. Bunu görən jurnalist qəza haqda xəbər hazırlayıb, istifadəçi ilə danışıb, təfərrüatları əldə edirsə, məncə, bu da faciə deyil, işdir. Müsbət tərəfləri odur ki, daha çox insan hansısa hadisə haqda öyrənir, məlumatlı olur. Mənfi tərəf isə o ola bilər ki, istifadəçi ictimailəşmədən narazı qalsın. Bunun qarşısını almaq üçün də istifadəçi paylaşımlarını müəyyən auditoriya üçün bağlaya bilər”.

Sosial şəbəkələrin medianı üstələməsi kimi iddialara gəldikdə isə A.İmanov tam əminliklə deyib ki, sosial şəbəkələr heç vaxt medianı qabaqlamayacaq: "Mən onlayn medianı nəzərdə tuturam. Saytlar daha çox insanı əhatə edir. Saytlarda daha çox işçi var. Məncə, elə bu iki amillə kifayətlənmək olar”.

Şəymən


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb