Media nümayəndələri Ramiz Məmmədova qarşı birləşməyi qarşıya məqsəd qoydu





Akademik Ramiz Məmmədov Modern.az-ın əməkdaşı Gülşən Raufqızını və bütün jurnalistləri təhqir edib. Həmkarımız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) hava şəraitindəki kəskin dəyişikliklə bağlı etdiyi xəbərdarlıq fonunda əhalinin narahatlığı ilə bağlı suallara cavab almaq üçün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədova müraciət edib.

Özünün yazdığına görə, Gülşən xanım salamlaşıb hal-əhval tutduqdan sonra Ramiz Məmmədova küləkli hava şəraitinin hansı hallarda daha ciddi təhlükə yaratdığı və digər bu kimi suallar ünvanlayıb.
O isə suallara cavab vermək əvəzinə Azərbaycan jurnalistlərinin ünvanına təhqirlər yağdırmağa başlayıb və telefonu söndürüb.

Sayt əməkdaşı institut direktorundan gözlənilməz münasibəti aydınlaşdırmaq üçün yenidən ona zəng edib və Ramiz Məmmədova ilk dəfə zəng etdiyini xatırladanda söylədikləri bunlar olub: "Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri "bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur”.

Onun dediklərinin ayıb olduğunu bildirdikdə isə "bayaq "küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər. Elə beləcə də yaz!” söyləyib... Cəmiyyətə nümunə olacaq elm ocağının rəhbəri, akademik titulu daşıyan şəxs nalayiq sözləri deyib, telefonu qapadıb...
Daha sonra azNews.az jurnalistləri təhqir edən institut direktoru ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirmək istəyib.

Akademik Ramiz Məmmədov isə əvvəl söylədikləri azmış kimi jurnalistlərin ünvanına daha kəskin təhqirlər səsləndirib. O, bütün bunlara Telman Zeynalovun səbəb olduğunu deyib: "Bir də təsdiq edirəm. Azərbaycan jurnalistləri savadsızdır. Biri mənim dilimdən yazıb, guya demişəm ki, Azərbaycanda qar yağmayacaq. Məni biabır ediblər. 

"Dılğır”ın, "başdanqrija” adamın müsahibəsini yayımlayıb. Ölsün o akademik, yerə girsin ki, bu sözləri deyib. Telman Zeynalov var, "başdanqrija”, ginekologiyadan da danışır, ekologiyadan da... hələ bir iqtisadiyyatdan da (Telman Zeynalov - Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri - red.) Ölsün yerə girsin. Guya məni təkzib edib. Buna kim əsəbiləşməz ki?..”

Ramiz Məmmədov məsələnin sosial şəbəkə və mediada hiddət doğurmasından da danışıb: "Cəhənnəmə əsəbləşsinlər, mənim heç vecimə də deyil. Sözümün sahibiyəm. Son zamanlar Azərbaycanda savadlı jurnalistə rast gəlməmişəm”.

Coğrafiya İnstitutunun direktorunun jurnalistləri təhqir etməsi sosial şəbəkələrdə, xüsusən də media nümayəndələri arasında ciddi etiraz doğurub. Əksəriyyət özünün feysbuk hesabında Ramiz Məmmədovun bu addımının yolverilməz olduğunu və akademik adına yaraşmadığını qeyd edib.
"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli: "Əziz həmkarlar, Ramiz Məmmədovun jurnalistləri təhqir etməsinə onun özü səviyyəsində cavab vermək doğru deyil. Səbrlə, sakitcə onun Coğrafiya İnstitutunda həyata keçirdiyi korrupsiya əməliyyatlarını işıqlandırsaq, redaksiyaların qarşısında boynunu islaq cücə kimi büküb dayanacaq, onda da redaksiyadan sadəcə qovarıq...”.
E.Məmmədli hesab edir ki, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov xaricdəki söyüş makinalarına aşıq-aşkar dəstək verib: "Bütün ölkənin ziyalıları, dövlət rəhbərliyi, jurnalistlər neçə həftədir mübarizə aparırıq ki, söyüş ritorikası leksikona daxil ola, ənənəyə çevrilə bilməsin. İnstitut direktoru isə Orduxana, Vidadiyə dəstək nümayiş etdirərək, söyüşü ənənəyə çevirməyə ciddi-cəhdlə çalışır. Bu adamla bağlı hüquq-mühafizə orqanları mütləq maraqlanmalıdır ki, nədən söyüş ritorikasına dəstək verib, dövlətə qarşı təxribat törətməsinin səbəbi nədir.

Sonda Ramiz Məmmədov üçün xatırlatma. Ramiz Məmmədov jurnalistləri təqir etdiyi saatda prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi məhz söyüşçülərə qarşı təşkil olunan tədbirdə belə bir fikir də işlətdi. Sitat: "Jurnalistlər milli elitanın ən avanqard hissəsidir, cəmiyyətdə ən yaxşı nümunələri yaradır, təlqin edirlər. Bu baxımdan cəmiyyətə dövlətin mesajlarını ilk növbədə jurnalistlər vasitəsilə çatdırırıq”.

Ramiz Məmmədov isə söyüş makinalarına dəstək verərək, dövlətin jurnalistlərlə bağlı mövqeyinə zidd olaraq, onları təhqir edib. Ciddi şəkildə cəzalanmalıdır bu adam”.
"Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi isə bütün jurnalistləri Ramiz Məmmədovun təhqirləri qarşısında səssiz qalmamağa çağırıb.

"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı isə nəticə ilə yox, səbəblə mübarizə aparmağın tərəfdarı olduğunu deyib: "Aydın görünür ki, bundan əvvəl bir neçə dəfə jurnalistlər onunla və ya rəhbərlik etdiyi institutla bağlı hansısa qərəzli və böhtan xarakterli əməl törədiblər. O da acığını əlinə keçən ilk jurnalistdən çıxır. Düzdür, bu düzgün yanaşma deyil, hər cür təhqir yolverilməzdir, həm də bir-iki dələduza görə bütün jurnalistləri təhqir etmək olmaz. Bütün sahələrdə olduğu kimi jurnalistikada da dələduzlar var. Hətta deyərdim ki, başqa sahələrdən faiz etibarilə dəfələrlə çoxdur.

Son vaxtlar adını jurnalist qoymuş hər cür diletantlar, reket dediyimiz quldurlar, şantajla və böhtanla məşğul olanlar çoxalıb və bu da artıq bütün mətbuata, jurnalistlərə qarşı cəmiyyətdə neqativ assosiasiya doğurur.

Bu vəziyyətin buna gətirib çıxaracağını illər əvvəl yazılarımda və açıqlamalarımda dəfələrlə qeyd etmişdim. Artıq o vaxt gəlib çatıb. Şəxsən mənim özümün jurnalist olduğumu bilən bəzi tanışlar çox pis və şübhəli nəzərlərlə baxırlar. Düşünürlər (hətta bəziləri açıq deyir) ki, yəqin sən də yalançı, rüşvətxor dələduzlardansan”.

E.Bayramlının fikrincə, bu vəziyyətin 90 faizi internet mətbuatı ilə bağlıdır. Bu sahədə əməlli-başlı anarxiya, özbaşınalıq var və kim nə istəyir edir. Heç bir dövlət və ya ictimai nəzarət mexanizmi yoxdur. Minlərlə adam jurnalistəm deyib düşüb ölkənin canına, şantajla məşğul olub pul tələb edir, ya da kiminsə sifarişi ilə onun rəqibi haqda ləkələyici yazılar verir, başqalarına böhtan atır təhqir edir, həm də heç bir fakt göstərmədən: 

"Belə hallarla qarşı-qarşıya qalan adamların belə əsəbi və sərt reaksiyasını şəxsən mən normal qəbul edirəm. Mənim özüm də hər nə qədər dözümlü olsam da, təhqir və böhtanlara qarşı əsəbiləşirəm və bəzən adekvat cavab verirəm. Dövlət bu sahədə vəzifələrinin öhdəsindən gələ bilmir, ona görə də tam anarxiya yaranıb. Elə son günlər siyasi sahədə baş verən söyüş kampaniyalarını da misal göstərmək olar. Mən tələb edirəm ki, dövlət və ictimai təşkilatlar birlikdə bu problemin həlli üçün sərt tədbirlər həyata keçirsin və anarxiyanın qarşısı alınsın.

Bu hallara qarşı jurnalistlərin özünün də mübarizə aparmaması son nəticədə hamımızı ləkələyir, cəmiyyətin gözündən salır. Necə deyərlər, qurunun oduna yaş da yanır. Sizə əminliklə deyə bilərəm ki, hələ bu jurnaldır, qarşıda çox belə hallar olacaq, həm də daha sərt formalarda”.

Şəymən