Medianın cəmiyyətə təsiri əvvəlki gücdə deyil

Ekspertlər bu vəziyyəti həm də sosial şəbəkələrin varlığı ilə əlaqələndirirlər



(əvvəli ötən sayımızda)

Cəmiyyətin güzgüsü kimi dəyərləndirilən medianın əsas prinsipləri obyektivlik, qərəzsizlik, vətənpərvərlik olmalıdır. Bu üç amilin vəhdətliyi fonunda daha dolğun, ölkənin bu günü və gələcəyi üçün daha önəmli məsələlərin müzakirəsinə və həllinə xidmət edən yazılar ortaya çıxar. Müasir dövrdə kütləvi informasiya vasitələri cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir.

Media cəmiyyətin aynası olmaqla yanaşı, həm də onun maarifləndirilməsi işində yaxından iştirak edən bir sahədir.

Çünki jurnalistika fərdləri deyil, kütləni, cəmiyyəti kamilliyə çağırır. Yaranışından sözü sərbəst, azad ifadə etmək hüququ uğrunda hakim dairələrlə ölüm-dirim mübarizəsinə girən jurnalistika, əslində, cəmiyyəti, onun üzvlərini, onu idarə edənləri kamil görmək arzusunun gerçəkləşməsini istəmişdir. Əlbəttə, eyni arzu, eyni istək, bütövlükdə sənətin, xüsusilə bədii sənətin mahiyyətinə də daxildir. Bədii söz sənətinin böyük karifeyləri cəmiyyətin kamilləşməsi yolunda min bir zillət çəkib.

Jurnalistikanın, kütləvi informasiya vasitələrinin cəmiyyətə təsiri çox güclüdür və geniş radiusu təşkil edir. Belə bir möhtəşəm gücə malik ictimai, kütləvi institut ictimai həyatın kamilləşməsi üçün öz üzərinə öhdəliklər götürür. Bu öhdəliklərdən biri və başlıcası onun nöqsanları aşkar etmək və göstərmək işi ilə bağlıdır. Jurnalistikanın "dördüncü hakimiyyət” rolunda çıxış etməsi bu vəzifədən irəli gəlir.

Kütləvi İnformasiya Vasitələri cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Onların fəaliyyəti cəmiyyətdə baş verən reallıqlara münasibət formalaşdırır, ictimai-siyasi təsir göstərir. KİV təkcə informasiya ilə kifayətlənmir, o həm də yeniliklərə şərh verir, ayrı-ayrı ideyaları, təlimləri, siyasi proqramları təbliğ və təşviq edir. Media insanlarda ictimai fikirlər, inam və sosial fəallıq formalaşdırmaqla, onları müəyyən fəaliyyətə istiqamətləndirir.

Hər nə qədər ictimaiyyətin bir kəsimi hazırkı reallıqda Azərbaycan mediasının cəmiyyətə təsir imkanının olmamasını iddia etsə də, media nümayəndələrinin əksəriyyəti onların bu fikirləri ilə qəti şəkildə razılaşmırlar. Ekspertlər hesab edir ki, media bu gün də cəmiyyəti öz arxasınca aparmağı bacarır. Yəni "medianın təsir imkanları yoxdur” kimi fikirlər absurddur. Peşəkarlara görə, mətbuatın cəmiyyətdə baş verən proseslərə ciddi təsiri var. Media gündəm yaradır və müxtəlif problemlərin həllinə nail olur. KİV-lərin maarifləndirici funksiyası bir xeyli axsasa da, medianın güclü silah olduğunu etiraf edirlər. Hesab edirlər ki, hətta ən zəif halda belə cəmiyyəti informasiya ilə təmin etmək, yönəltmək imkanına malikdir. Sözsüz ki, əksini düşünən media ekspertləri də yox deyil.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə ilə "Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı "Şərq”ə açıqlamasında medianın cəmiyyətə təsir gücünü itirməsinin səbəblərindən danışıblar.

S.Verdizadə Azərbaycan mətbuatının cəmiyyətə təsir imkanlarının ötən illərlə müqayisədə indi bir o qədər də geniş olmadığını təəssüf hissi ilə qeyd edib. Onun sözlərinə görə, media ictimai fikri yönəltməyə çətinlik çəkir, bəzən hadisə yaratmaq əvəzinə baş vermiş hadisənin arxasınca sürünmək məcburiyyətində qalır. Həmçinin də sözün ucuzlaşması, qiymətdən düşməsiylə bağlı mülahizələr mətbuatın fəaliyyətinə mənfi təsir göstərir:

"Sovet dövründə qəzetlərin yazdığı mövzular "Quran ayəsi” kimi mübahisəsiz qəbul olunurdu, amma indi qəzetdə dərc olunan, yaxud saytda yerləşdirilən xəbərlərin doğruluğu çox vaxt mübahisə predmetinə çevrilir.

Buna görə də mətbuata inam tədricən azalır, "dördüncü hakimiyyət”in mövqeləri getdikcə zəifləyir. Sözsüz ki, "reket jurnalistlər”in, qeyri-peşəkarların bu prosesdə danılmaz "əməyi” var. Onların tamahı, yarıtmaz fəaliyyəti üzündən müstəqillik dövrünün mətbuatı əvvəlki nüfuzunu qoruya bilmədi.
Bütün bunlara rəğmən, Azərbaycan mətbuatının cəmiyyətin həyatında heç bir rol oynamadığını iddia etmək ədalətsizlik olardı. Məhdud imkanlara baxmayaraq, mətbuatımız fəaliyyət göstərir, üzərində bərqərar olduğu prinsipləri yaşadır, cəmiyyəti operativ informasiya ilə təmin edir, oxucuları maarifləndirir. Fəxrlə qeyd etmək lazımdır ki, Azərbaycan mətbuatı ictimai-siyasi proseslərə təsir imkanlarını qoruyub-saxlaya bilib”.

Bir qədər keçmişə ekskursiya etməklə fikrini daha dolğun əsaslandıran Mərkəz rəhbəri xatırladıb ki, 2014-cü ildə "Xəzər” Dəniz Gəmiçiliyi ASC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov "Gelandewagen” markalı avtomobillə xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşını və azyaşlı nəvəsini vurub öldürmüşdü. O vaxt mətbuat bu məsələni gündəmlə saxlamaqla yüksək vəzifəli məmur oğlunun cəzalandırılmasını bir qədər də sürətləndirdi.

Mədətovların sahib olduqları mülklərlə bağlı araşdırmalar Mübariz müəllimin vəzifəsini itirməsi ilə nəticələndi. Əgər o vaxt mətbuat bu məsələnin üstündən sükutla keçsəydi, Mübariz Mədətov özünü və oğlunu xilas etmək üçün yollar axtaracaqdı. Biz mətbuatın gücünü iki ay əvvəl, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun günahsız sürücünü vəhşicəsinə döyərkən bir daha gördük: "Media bu məsələni ictimailəşdirdiyi üçün həmin vaxt Rüstəm Orucovu cəzalandırmaq mümkün oldu. Üstəlik, atası da iş yerini itirdi. Demək istədiyim odur ki, mətbuat cəmiyyəti mənfi tendensiyalardan qoruyur, həmçinin, bu cür mənfi halların kütləvi xarakter almasını əngəlləyir.

Məsələn, bir müddət əvvəl goranboylu iş adamı Qalib Mustafayev itinə toy eləyəndə, mətbuat bu yaramaz hərəkəti sərt tənqid etdi. Əgər diqqət etsəniz görərsiniz ki, aprel ayından bəri bu cür sarsaq hərəkətlərin şahidi olmamışıq.

Ola bilsin ki, ötən müddət ərzində hansısa biznesmen itinə, hətta pişiyinə toy edib, amma mətbuatın təpkisindən qorxduğu üçün bu cür halları ictimailəşdirmir. Əgər mətbuat olmasa, bəzi ədabazlar cəmiyyətin əsəbləri ilə oynayarlar”.

Elçin Bayramlı isə belə deyib:

- Bəli, acınacaqlı da olsa bu faktdır ki, mətbuat (media yox, TV-lərin təsir imkanı son dərəcə güclüdür) cəmiyyətə təsir imkanlarını demək olar ki, itirib. Bunun da müxtəlif səbəbləri var. Aydındır ki, artıq adamlar qəzet, jurnal oxumurlar. Elə internet saytlarını da. İndi ortalıqda minlərlə qəzet, sayt var ki, hərə ağlına gələni yazır. Oxucu da dəfələrlə şahidi olub ki, oxuduğu məlumat səhv çıxıb və ya qərəzli imiş. Bundan sonra niyə inansın və oxusun ki?

İkinci tərəfdən, sosial şəbəkələr mətbuatın axırına çıxıb. Artıq sosial şəbəkələrdə saytı olmayan informasiya səhifələri var. Bundan başqa indi hamı jurnalist olub harda nə baş verirsə, tez şəklini çəkib yazıb qoyurlar şəbəkəyə. Digərləri də paylaşır. Beləliklə, məlumat sürətlə və kütləvi yayılır, qəzet və saytlar hansısa material hazırlayıb dərc edənədək hamı xəbərdar olur. Üstəlik, bütün tanınmış şəxslərin, deputatların, rəsmi şəxslərin, jurnalistlərin sosial şəbəkədə profilləri, səhifələri var ki, hər şeyi orda yazır, müzakirə edirlər. Bundan sonra kimsə niyə 40-50 qəpik verib qəzet alsın ki, ya da hansısa sayta girib xəbər axtarsın ki?!

Ən əsası, əvvəllər insanlarda qəzetə inam vardı, hamı bilirdi ki, qəzetdə səhv, yalan ola bilməz. İndi mətbuat azadlığı o dərəcəyə gəlib ki, hərə bir sayt, qəzet, feysbuk səhifəsi açıb ağzına gələni yazır və çoxu da yalan çıxır. Buna görə də, oxucu onları oxumur və inanmır. Bütün bunların nəticəsində mətbuata inam itir və beləliklə də o, cəmiyyətə təsir imkanlarını itirir. İnternet mediada olan-qalan oxucu da ancaq şou və idman xəbərlərini izləyir. Ciddi mövzularda yazıları oxuyan, demək olar ki, yoxdur. Yeri gəlmişkən, mətbuatda getdikcə sanballı materialların sayı azalır və yoxa çıxır. Oxucu itkisinin bir səbəbi də budur.

Həmkarımızın sözlərinə görə, medianın cəmiyyətə təsir imkanlarının azalmasının başqa səbəbləri də var: 

"Əvvəllər TV, qəzet, jurnal az sayda idi və onların böyük oxucu kütləsi var idi. Hansısa material dərc olunanda, göstəriləndə onu milyonlarla adam oxuyurdu, baxırdı və cəmiyyət ondan xəbər tuturdu. İndi saysız-hesabsız qəzet, sayt və s. var ki, oxucu kütləsi onların arasında paylanıb və hərəsinə bir neçə yüz, ən yaxşı halda bir neçə min nəfər oxucu düşür. Agentlik, xəbər saytı və qəzetlərin sayı o qədər çoxdur ki, hətta biz jurnalistlər belə onların heç yarısının adını bilmirik. Beləliklə, hər hansı bir qəzet və ya sayt vacib bir analitik yazı və ya araşdırma yazanda onu ən yaxşı halda bir neçə yüz, ya da bir neçə min adam oxuyur. 10 milyonluq ölkənin ən yaxşı halda 0,01 faizinin ancaq bundan xəbəri olur və bu material onlara təsir edə bilir. TV-lərin cəmiyyətə təsiri daha çox olsa da, burda da eyni problemlər var. Çoxlu sayda TV olduğundan tamaşaçı kütləsi bölünüb və birindən yaxşı bir siyasi tok-şou, ya da sənədli film veriləndə çox az adam baxmış olur. Çünki minlərlə kanal var ki, peyk antenləri vasitəsilə hamı onları tutur və hərə birinə baxır. Məncə, Azərbaycan kimi kiçik ölkə üçün 3-5 TV, 5-10 qəzet, agentlik kifayət edərdi. İndiki saysız-hesabsız media vasitələrinin olması ancaq zərər vurur ki, xeyir vermir, yəni kəmiyyət-keyfiyyət məsələsi”.

(davamı olacaq...)

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb