"Quran və Quranın hökmlərinə, İslamın təməl prinsiplərinə sahib olan hər kəs bilir ki, Məhərrəm ayında toy etməmək haqqında yasaq yoxdur”.
Bunu "Sherg.az”a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Məhərrəm və Səfər aylarında toy və digər şadyanalıq məclislərinin qurulması haqqında açıqlamasını şərh edərkən Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli deyib.
O bildirib ki, şadyanalıqdan imtina insanların könül məsələsidir:
"Azərbaycan xalqı əsrlərdir ki, sevgili peyğəmbərimizin sevimli nəvəsi, dünya müsəlmanları içərisində şəhidlərin alisi sayılan, İslam dinin mühafizə olunaraq 1400 il sonra yenə də günümüzə gəlib çatmasında müstəsna xidməti olan Həzrəti Hüseynə hörmət əlaməti olaraq peyğəmbərimizə sevgilərini ifadə edirlər. Məndən kimsə soruşduqda ki, bu aylarda toy edə bilərəmmi, deyirəm, seçim özünündür. Bu məsələdə yasaq yoxdur.
İslam tarixində Həzrəti Hüseynin şəhadətindən də qabaq yüzlərlə hadisə baş verib. Məhəmməd Peyğəmbərin hicrət etməsindən tutmuş, digər peyğəmbərlərin həyatındakı əlamətdar hadisələr var. Lakin İslamı bizə tanıdan, sevdirən sevgili peyğəmbərin sevimli nəvəsi olduğu, qeyri-bərabər döyüşdə şəhadətə yetişdiyi üçün insanlar bunu xüsusi qeyd edirlər. Düşünürəm, imamın şəhadətinin qeyd olunmasında da İmam Hüseyn məktəbini hansısa ölkəyə, məzhəbə, təriqətə bağlamaq Azərbaycan dövlətçiliyinə qarşı qəsddir. Xatırlayıram ki, bizim yüzlərlə döyüş dostlarımız Həzrəti Hüseynin əzadarlıq məclisindən dövlətinə vətəninə, bayrağına sevgi hissləri ilə cuşa gələrək torpaqlarımızın azadlığı uğrunda döyüşüblər. Onlar Suriyada, İraqda və s. ölkələrdə deyil, öz vətənləri uğrunda şəhadət ediblər. İnsanlar da İmam Hüseynin şəhidliyinə hörmət əlaməti olaraq toy etmirlər. Buna normal yanaşmaq lazımdır. Bu məsələdə toy edən və ya etməyən kiminsə haqqına girmək qul haqqına girməyə bərabərdir”.
C.Əzimbəylinin sözlərinə görə, Həzrəti Hüseyni 1400 ildir Azərbaycanda diri saxlayaraq, onun qeyri-bərabər döyüşdə ölməzlik məktəbini Qarabağa, namus və şərəfimizin müdafiəsinə transfer edə biliriksə, şəhidlik kəfəni ilə əvəz ediriksə, bu ənənə yaşadılmalıdır:
"Mən nə təriqət, nə məhzəb, nə də Azərbaycan dövlətinin adamı kimi bu fikirləri söyləyirəm. Dinin və bərabərliyin hər zaman önəmli olması üçün deyirəm ki, toy edənlər özləri bilər. Amma toy etməyənlər də sağ olsunlar ki, peyğəmbərin sevimli nəvəsinin əzasını saxlayırlar. Peyğəmbər özü onlardan razı olacaq”.
Şərqşünas onu da əlavə edib ki, bəzi şəxslər Həzrəti Hüseyni hansısa təriqətin, məzhəbin sanki dini lideri kimi tanıyır. Bu məsələni cəmiyyətə belə də tanıtmağa çalışırlar:
"Həzrəti Hüseyn bütöv İslam dünyasının ən ali şəhididir. Bu şəhidə hər kəs hörmət edirsə, deməli öz şəhidinin də qədrini bilir.
Bəzən deyirlər ki, Həzrəti Hüseynə yas saxlayan İrandır. İdeoloji baxımdan İranın Azərbaycana qarşı nə qədər qəsdləri varsa, ifşa olunması üçün qanunun hesabına mücadilə verirəm. Mən İran və Ermənistanın münasibətlərinə açıq savaş elan edirəm ki, bu, hansı müsəlman təəssübkeşliyidir? Həzrəti Hüseyni İranda sevdirən və qəbul etdirən Azərbaycan düşüncə və din insanları olub. Bunu tarixdə araşdıran yoxdur. Həzrəti Hüseyni təriqətə, ölkələrə məzhəblərə sığışdırmaq cəhalətin və xurafatın dəlilidir”.
Qeyd edək ki, QMİ-nin Fətva və Moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov da Məhərrəm və Səfər aylarında toy və digər şadyanalıq məclislərinin qurulması tam qadağan, ya da məcburi olmadığını deyib. QMİ rəsmisinin sözlərinə görə, şadyanalıqdan imtina insanların imama olan eşqindən irəli gəlir.
Aysel Aslan