Məktəb-valideyn birliyi aradan qalxıb

“Yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb edilməməsi də onların əl-qolunu “açan” faktordur”
16 yaşında uşaq lap 2-3 nəfəri qətlə yetirsə də, ona ağır cəza tətbiq edilməyəcək. Xaricdə isə belə deyil. Cinayət törətmiş şəxsə əməlinə müvafiq cəza verilir, lakin onun cəzanın tətbiqi üçün 18 yaşa çatması gözlə



Azərbaycanın klassik filmi - "Bizim Cəbiş müəllim”də məktəblilərin az qala dalaşmaq həddinə çatması səhnəsi var; əyninə cırıq-sökük paltar geyinmiş bir uşağı yuxarı sinif şagirdləri lağa qoyur, ələ salır. Filmin qəhrəmanlarından biri - Namiq isə uşağı müdafiə edir. Bunu sinirə bilməyən başqa birisi Namiqə əl-qol atmaq istəyir: "...bura bax alə, sənə nə düşüb e, çox da Makedonla "curruq” eliyirsən...”

Namiq də qarşılığında "Makedonsuz da cavabıvu verərəm” deyir. Orda şagirdlər dava-dalaşsız aralaşırlar. Bizim indiki orta məktəblərdə isə heç kim biri-birinin sözünü "yemir”. Bıçaq da az qala əsas məktəbli atributuna çevrilib. Sanki bəzi valideynlər uşağına məktəb bazarlığı edəndə bıçaq da alıb çantasına qoyur ki, birdən gərəyi olar.

Növbəti qanlı dava Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 282 saylı orta məktəbin şagirdləri arasında baş verib. Bu dəfə zərərçəkən şagird "Makedon”u köməyə çağırıb, amma onu qoruya bilməyib.

Lent.az-ın adıçəkilən məktəbin direktoru Camal Əlirzayevdən aldığı məlumata görə, 10-cu sinif şagirdi Samir Fətullayev məktəblilərdən birini döyüb. Həmin şagird isə 8-ci sinifdə oxuyan dostu Rahib Babayevi çağırıb. Dava zamanı Samir Rahibi bıçaqlayıb. Mübahisənin dərs fasiləsində bufetdə qızlara yol verməmək üstündə düşdüyü bildirilir. Yəni, kimsə "kişilənib” ki, ə, qızlara yol verin. Mübahisə belə başlayıb, sonra da qızışıb, dostunu müdafiə etməyə gələn Rahib isə bıçaqlanıb. Amma döyülən şagirdin adı çəkilmir.

Bu da "klassik” azərbaycanlı oğlanlar davası... Bəlkə kimsə hansısa qız şagirdə özünü göstərmək istəyirmiş. Nəticə isə ağır olub. Bıçaqlanan 8-ci sinif şagirdinin hazırda xəstəxanada olduğu deyilir.

Məktəbli və bıçaq. Nə qədər biri-birinə uyğundur?

İctimai Təhqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay bu fikirdədir ki, məktəblilər arasında dava təhsil sahəsindəki çatışmazlıqların hələ də dərin olduğunu göstərir. Təhsil sahəsində köklü islahatlar aparılmalıdır, formal, kosmetik dəyişikliklər davam edəcəksə, yeniyetmələr arasında kriminal hadisələr səngiməyəcək.

- Şagird asudə vaxtını necə, harada keçirməlidir? Hazırda bizdə şagirdin asudə vaxt anlayışı tamam yox olub. Şagird məktəbdən çıxdı, qalır avara. Hara getsin, nə işlə məşğul olsun, bilmir. Ya evdə televizor qabağında oturacaq, ya da internet klublara gedəcək, kimlərləsə yazışacaq, mesajlaşacaq. Mübahisə edəcək, dalaşacaq, vuruşacaq. Çünki uşağın başqa məşğuliyyəti yoxdur. Valideynlər də uşaqları ilə məşğul olmurlar. Buraxıblar uşaqların başını, hərəsi öz işiylə, öz maraqlarını təmin etməklə məşğuldur. Məktəb də özünün tərbiyəvi rolunu qoyub bir kənara. Guya ancaq tədrislə məşğuldur, onu da düz-əməlli yerinə yetirmir. Halbuki tədris deyiləndə ümumilikdə təlim-tərbiyə, bilik, bacarıq, vərdişlər, şagirdin fizioloji, bioloji tərbiyəsi nəzərdə tutulur. Bizim təhsil sahəsi bütün, tam olmadığından bu cür xoşagəlməz, kriminal hadisələr üçün münbit şərait yaranır. Məktəb-valideyn birliyi ortadan qalxıb. Müəllimlərin başı repetitorluğa qarışıb, valideynlərinki də repetitor üçün pul tapmağa. Məktəblərdə şagirdlərlə heç bir əlavə iş, məşğələ aparılmır. Yeniyetmələrin təlim-tərbiyəsini bu saat dizilər, seriallar, ucuz şoular, internet, sosial şəbəkələr formalaşdırır. Sonluq da belə faciələrlə bitir.
Şagirdlərin təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq ki, uşaqlarımızı itirməyək. Həm mənəvi, həm də fiziki baxımdan.

İ.Altay hesab edir ki, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinə cəlb edilməməsi də onların əl-qolunu "açan” faktordur:

- Yetkinlik yaşına çatmayan uşaqların cinayət əməlləri törətməyə meyillənməsi cəzasızlıq mühitinin hökm sürməsinin nəticəsidir:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi yetkinlik yaşına çatmayanlara qarşı ağır cəza tətbiqi nəzərdə tutmur. 16 yaşınadək olan uşaqlara, ümumiyyətlə, heç bir cəza tətbiq edilmir. 16-17 yaş və 18 yaşa qədər olan uşaqlara yüngül cəzalar tətbiq edilir. Yalnız 18 yaşına çatmış şəxslərə qarşı sərt cəza tədbirləri nəzərdə tutulur. Bu da yeniyetmələrdə arxayınçılıq, məsuliyyətsizlik yaradır. 16 yaşında uşaq lap 2-3 nəfəri qətlə yetirsə də, ona ağır cəza tətbiq edilməyəcək. Xaricdə isə belə deyil. Cinayət törətmiş şəxsə əməlinə müvafiq cəza verilir, lakin onun cəzanın tətbiqi üçün 18 yaşa çatması gözlənilir. 18 yaşına çatdıqda isə yenidən məhkəmə keçirilir və cinayətkar ona verilmiş cəzanı çəkməyə başlayır. Yəni, bütün hallarda məhkumluq həmin şəxsin üzərində saxlanır, yaşı buna imkan verən kimi, o, cəzasını çəkməyə başlayır. Bizdə isə vəziyyət fərqlidir. Uşaqlar bilir ki, nə etsələr də, onları tutan deyillər, bu da uşaqlar arasında cinayətkarlığı artırır. 

Uşaq psixikası çox mürəkkəbdir. Mən iş təcrübəmdə 13-15 yaşlı uşaqların xüsusi qəddarlıqla bir neçə nəfəri qətlə yetirməsi faktı ilə də rastlaşmışam. Yetkinlik yaşına çatmamış uşaq hər şeyə qadir ola bilər. Ona görə də burada uşaqların təlim-tərbiyəsi ciddi olmalıdır. Məktəblə yanaşı, valideynlər, polis şöbələri, icra hakimiyyətlərinin müvafiq bölmələri daim uşaqların tərbiyəsini diqqətdə saxlamalıdır. Polis idarələrində yeniyetmələrlə bağlı xüsusi şöbələr, icra hakimiyyətlərində uşaqlarla məşğul olan şöbələr məktəblə, ailə ilə sıx əlaqədə çalışmalıdır. Uşaqlar onlara kənardan nəzarət olunduğunu bilməlidirlər. Amma görünən budur ki, təhsil sektorunda uşaqların təlim-tərbiyəsinə bir laqeydlik var. 

Təhsil sahəsi boş yerə tənqid olunmur. Məktəb ailələrlə əlbir işləməlidir, uşaqların psixikasının düzgün istiqamətdə inkişafına çalışılmalıdır. Azyaşlılar böyük bir ictimai təbəqədir. Hesablasaq, görərik ki, azyaşlılar ümumi əhalinin bəlkə də 30-40 faizini təşkil edir. Bu, böyük bir təbəqədir. Ancaq onlarla bağlı təlim-tərbiyə işləri düzgün aparılmır.

Məlahət Rzayeva