Əjdər Ağayev: "Televiziya isə dünyaya çıxış deməkdir,amma təhsil rəhbəri məcburdur ki, tapşırıq versin""Bunu kasıb müəllimlər etmir. Kasıb müəllimlər kasıb dolanmağa öyrəşib. Rüşvət tələb edənlər vəzifə sahiblərinin həyat yoldaşları, arxası olanlardır"
"Bazar açan məktəbləri isə Təhsil Nazirliyi də, digər qurumlar da bilir. Sübut olunursa, həmin şəxslər cəzalandırılmalıdır"
"Müəllimlər günüdə, müəllimlərin, yaxud direktorun ad günündə, pul yığma halları bəzi məktəblərdə həqiqətən var”.
Bunu "Sherg.az”a Bakıda orta məktəblərdə 5 oktyabr - Beynəlxalq Müəllimlər günü ərəfəsində müəllimlər üçün pul yığılmasına münasibət bildirərkən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyib.
Onun sözlərinə görə, pul yığılmayan məktəblər də var:
"Hətta elə müəllimlər olur ki, uşaqlar ona gül, açıqca təqdim edir, amma onlar qəbul etmir. Çox pis formada uşaqdan pul istəyirlər. Yaxşı müəllimlər də var. Bu, faktdır. Rüşvətə alışmış müəllimlərə qarşı mübarizə aparılmır.
Əslində heç kim başqasının cibinə girə bilməz. Valideynlər özləri də buna şərait yaradır. İmkanlı valideyn müəllimin gözünə girmək üçün pul, yaxud qiymətli hədiyyə verir. Ona görə, başqa valideynlər də xəcalət çəkir və dəstədən geri qalmamaq üçün belə addım atır. Valideynlərlə maarifləndirici iş aparılmalıdır. Onlara başa salmaq lazımdır ki, pulunuz varsa, məktəbin özünə qoyun, nəticədə tədrisin səviyyəsi yüksəlsin”.
Müəllimlərin də pul yığılmasında günahı olduğunu danmayan Ə.Ağayev vurğulayıb ki, bəzi direktorlar var ki, 50 manata pul demir:
"Hətta valideynlərin, yaxud təbrik edənlərin üzünə çırpır ki, bu nə puldur? Mən ictimai fikri, eşitdiyimi deyirəm. Düşünürəm ki, bu faktlarla mübarizə aparılmalıdır. Belə hallara yol verənlər cərimələnməli deyil, cəzalandırılmalıdır.
Əgər bilinsə ki, hansısa direktor məktəbində rüşvət yığır, kimlərinsə qohumu olmasından asılı olmayaraq cəza almalıdır. Bu işə ədalətlə yanaşılsa, kompleks mübarizə aparılsa, tədricən aradan qaldırmaq olar. Biz isə deyirik, otururuq, nəticəsi də olmur.
Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri xüsusi göstəriş verib ki, məktəblərdə bu kimi hallar olmasın. Görün, məktəblərdə vəziyyət nə səviyyədədir ki, idarə rəhbəri narahatlıq keçirib, televiziya ilə xəbərdarlıq edir. Televiziya isə dünyaya çıxış deməkdir. Bayramda adamı təbrik edərlər, xoş sözlər deyərlər, amma təhsil rəhbəri məcburdur ki, tapşırıq versin. Çünki abırsız, ləyaqətsiz, müəllimlikdən uzaq adamlar belə neqativlərlə müəllimliyin, hətta ölkənin adına ləkə gətirirlər.
Bunu kasıb müəllimlər etmir. Kasıb müəllimlər kasıb dolanmağa da öyrəşib. Rüşvət tələb edənlər imkanlılar, vəzifə sahiblərinin həyat yoldaşları, arxalı olanlar edir”.
Ə. Ağayev rüşvət yığmayan məktəblərə də toxunub. 246 nömrəli məktəbin adını çəkən ekspert həmin məktəbin direktorunun nümunəvi addım atdığını vurğulayıb:
"Direktor valideynlərə deyib ki, heç bir halda müəllimə qiymətli hədiyyələr və ya pul vermək olmaz. Valideyn müəllimi təbrik etmək istəyirsə, açıqca, yaxud gül hədiyyə edə bilər. Mənim nəvəm həmin məktəbdə oxuyur və oradakı vəziyyətin şəxsən şahidiyəm.
5-6 yaxşı məktəb var. Bazar açan məktəbləri isə Təhsil Nazirliyi də, digər qurumlar da bilir. Sübut olunursa, həmin şəxslər cəzalandırılmalıdır. İnsanlar isə elliklə rüşvətə qarşı mübarizə aparmalıyıq. Rüşvət tələb edilən məktəblərdə ilk növbədə direktor işdən çıxarılmalıdır. Çünki hər şeyin başında direktor durur”.
Qeyd edək ki, Report-un araşdırmasına görə, Bakı şəhəri, Səbail rayonundakı 236 saylı məktəbdə ibtidai sinif müəllimləri üçün, Ağcəbədi rayon 12 saylı məktəbdə 10 manat, Masazırda yerləşən 4 saylı məktəbdə 20 manat, Xırdalanda 3 saylı məktəbdə (məbləğ məlum deyil), Bakı şəhərindəki 201 saylı məktəbdə 30 manat, 151 saylı məktəbdə 50 manat, Gəncə şəhər 2, 4 və 32 saylı məktəblərdə, Nəsimi rayonu 151 saylı məktəb, Binəqədi rayon Xocahəsən qəsəbəsindəki 103 saylı məktəbdə, Binəqədi rayonunda yerləşən 3 saylı məktəbdə, Sumqayıt şəhər 33 saylı, Xırdalan şəhər 10 saylı məktəbdə, Xətai 204, 261, 63, Bakı şəhərindəki 145, 213, 316, 32, 193, 257, 258, 254, 151, 45, 25, 148 saylı məktəblərdə müəllimlər üçün pul yığılıb.
Sumqayıt şəhər 62 saylı uşaq bağçasında valideynlər öz təşəbbüsü ilə tərbiyəçi-müəllim üçün 20 manat pul yığdıqlarını, hədiyyə alanların isə 10 manat pul verdiklərini bildiriblər.
Aysel Aslan