Mələk üzlü dostumuz köçdü
Ölümünü doğum gününə hədiyyə edən qızı unutmayacağıq
Yazıçı-jurnalist, Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü Nigar İsmayılqızı 34 yaşında vəfat edib. Qeyd edək ki, jurnalist leykoz xəstəliyinin ağır formasından əziyyət çəkirdi.
Modern.az saytı vaxtsız dünyasını dəyişən Nigar İsmayılqızının ailəsi ilə əlaqə saxlayıb. "Nigar çox çalışqan, bacarıqlı qız idi. Onu vaxtsız itirdiyimizə görə çox üzülürük. Gənc yaşda o qədər arzuları var idi ki! Onun xəstəliyi də qəfil baş verdi. Türkiyəyə getmişdi. Ordan çox sevincli qayıtmışdı. Dişində problem yarandığı üçün həkimə müraciət etdi. Dişini çəkdirəndən sonra xəstəlik üzə çıxdı. Xərçəng qanında sürətlə irəliləməyə başladı. Heç bir tibbi müdaxilə də kömək etmədi. Qısa zamanda Nigarı itirməli olduq"-deyə ailəsindən bildirilib.
Ailə üzvləri Nigarın dəfn edildiyini bildiriblər. "Nigarı bu gün () Sabunçu qəbiristanlığında dəfn etdik". Qeyd edək ki, ki, Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilmişdi. Ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət edərək, N.İsmayılqızına dəstək kampaniyası başlatmışdılar. Nigar İsmayıl qızı İsmayılova 1984-cü il sentyabrın 13-də Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AzTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da televiziya sahəsində işləyib.
İctimaiyyət üzvləri jurnalistin ölümü ilə bağlı sosial şəbəkədə öz fikirlərini bildiriblər.
Dövlət Avtomobil Nəzarəti Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova:
"Özümə söz vermişdim ki, bir də o mərəzdən-xərçəngdən yazmayacağam. Yazıb insanların şüuraltına yeritməyəcəyəm. Zatən gəldiyi anda şüuraltı nədir, bütün vücuda sırtıqcasına yayılır. Amma Nigarın 34-cü payızında yarpaq kimi solması ağrıtdı. Nigardan yazmayacağam. Çünki əyani tanış deyildik. Xahiş edirəm hər ay olmasa da, iki aydan bir müəyyən xərclərinizi ixtisar edib onu çek-uplarnıza yönəldin. Hər gün kök şirənizi qəbul edin, qara zirə yağını bütün qış fəsli boyu qəbul edin, idman edin, imkanlarınızın icazə verdiyi vaxt dairəsində, əsəblərinizi qoruyun - bu dünyadakı heç bir dərd onu düşünmək üçün deyil, dərd varsa yaşayacaqsınız zatən. Boş verin borclarınızı, boş verin sizi yarı yolda qoyanları, boş verin alınmayan işləri, boş verin sizin olmayan bahalı maşınları, lüks istirahətləri. Bir söyüd ağacının altında ürəyiniz istəyən adamlarla yediyiniz pendir-çörək sağlam bədəniniz üçün ən gözəl nemətdir. Pafos deyil bunlar. Ağrının dibini yaşayan, ölümün eşiyindən dönən birinin sözləridir. Boş verin hər şeyi. Evinizmi satılır? Satılsın, böyük bağınızmı yoxdur, cəhənnəmə ki, sevdiyiniz aldadırmı-aldatsın, içinizə salıb dərd etməyin-üzünə deyib çıxış yolu axtarın. Olmayacaq dualara gecə-gündüz amin deyib, əlinizdə-ovcunuzdakıları xərcləməyin bir heç uğruna. O dünya necə olacaq bilmirəm - bu dünyanı özünüzə cəhənnəm etməyin!".
Jurnalist Səbuhi Məmmədli:
"Nigarın vəfat xəbəri üzücü oldu. Elə özüm də qürbət yerdə canımla əlləşərkən bir daha əmin oldum: öləndən sonra qəbri üstə gedib səni çox sevdiyini, darıxdığını deməyin heç bir mənası yoxdu. Bu sözləri sağlığında eşitmək gözəldi. Və bəlkə də ömrün üstünə günlər gətirər".
Yazıçı-şair Kənan Hacı: "Bu yalan dünyanın qaçılmaz və amansız həqiqəti ölüm gözəl Nigarı əlimizdən aldı... Heç kimə bənzəməyən Nigar... Ülvi, zərif duyğularla yaşayan Nigar... Güllü-çiçəkli dünyası olan Nigar... Dostum, qələmdaşım Nigar... Belə ölüm olmaz! Vallah, olmaz... Nə deyim axı, nə deyim... Bilmirəm..".
Gənc şair Elşad Barat:
"Nigar İsmayılqızını bir neçə ay öncə şəkillərdən tanıdım, feysbukda dostluq göndərdim, qəbul etmədi, yenə göndərdim, yenə qəbul etmədi, yenə göndərdim. Məqsədim onunla söhbət etmək, zərrə qədər də olsa xəstəliyini unutdurmaq idi. Bu gün dünyasını dəyişib. Girib profilinə baxdım ki, dostluğumu qəbul edibmiş. İnboksuna böyük bir məktub yazdım, oturub cavab gözləyirəm. Allah rəhmət eləsin".
Jurnalist Əlişir Əhəd: "Bu da son! Ölümünü doğum gününə hədiyyə edən qız... Məkanın cənnət olsun, Nigar".
"Astara" qəzetinin baş redaktoru Fəridə Ağazadə: "Nigar İsmayılqızını qoruya bilmədik. Mələk üzlü dostumuz dünyasını dəyişdi. Allah rəhmət eləsin".
Jurnalist Könül Cəfərli: "Daha bir gülüş soldu. Gülən gözlərdən biri daha əbədiyyən yumuldu".
Araşdırmaçı-jurnalist Elnur Eltürk: "İstedadlı jurnalist Nigar İsmayılqızı dünyasını dəyişib. Nigar gözəl insan olmaqla yanaşı, mədəni və istedadlı, prinsipial xanım idi. Arzu və istəkləri yarımçıq qaldı. Allah rəhmət eləsin!".
Səbinə Paşayeva: "Ağlaya bilmirəm. Ayaqlarımı kəsiblər, gözlərimi alıblar sanki... Nə yeriyə, nə də ağlaya bilirəm. Nigar, maraqlı Nigar!! İnana bilmirəm".
Yeganə Bayramova