“Məndən olsa, Pərvini “Maşın”ın hər buraxılışına çağırardım”

Murad Dadaşov: “Siyahı demək olar ki, hazırdı. Budəfəki buraxılışda eyni zamanda indiyə qədər iştirak etmiş, ancaq qalib olmamış iştirakçılar da olacaq”
“Mən bilmirdim ki, İranda bu şouya bu qədər maraq var”


Onu "Bakılı oğlan” kimi tanıdılar, sevdilər. Sonralar Azərbaycan teleməkanıda maraqlı, kreativ layihələrin müəllifi, aparıcısı kimi sevildi. Əməkdar artist, şoumen Murad Dadaşov "Şərq”in qonağı oldu.

- Budəfəki "Maşın” realiti-şousundan nə gözləmək olar?

- May ayında "Maşın” yeni sürətinə starta hazırlaşır. Ümidvaram ki, budəfəki "Maşın” da maraqlı buraxılış olaraq yaddaşlarda qalacaq. Təvazökarlıqdan uzaq olsa da, "Maşın” Azərbaycanda ən çox arzulanan şoudu. "Maşın şou”ya olan maraq çox böyükdü. Tamaşaçılar məhz bu şounu diqqət və maraqla izləyirlər. Axır vaxtlar Azərbaycana çoxsaylı turistlər gəlir, onlarla təmasda olarkən, hətta başqa ölkələrin izləyiciləri də "Maşın”a olan böyük marağı dilə gətirirlər. Xüsusilə İranda yaşayanlar "Maşın” realiti-şousuna böyük maraq göstərirlər. İran vətəndaşları arasında böyük tamaşaçı kütləsi qazana bilmişik. 

Mən bilmirdim ki, İranda "Maşın”a bu qədər maraq var. Hansı məkanda oluruq, dostlarla otururuq, iranlı vətəndaşlar yaxınlaşırlar, "Maşın” realiti-şousu barədə fikirlərini, hətta maraqlı təkliflərini dilə gətirirlər. Gəlib qucaqlayırlar, sevgilərini çatdırmağa çalışırlar, bildirirlər ki, "Maşın”a İranda maraqla baxılır. Hətta təklif oldu ki, "Maşın”ın budəfəki buraxılışında bir epizodu İranda çəkək. Qəribə göründü mənə, niyə də yox. Amma bilmirəm buna ehtiyac var, ya yox. Əslində Azərbaycanın bütün maraqlı verilişlərini İranda izləyirlər. "Maşın”a da böyük maraq var. Onlar cənublu qardaş-bacılarımızdı, Azərbaycana sevgiləri böyükdü. Orda böyük tamaşaçı auditoriyamız var. Az qala "Maşın”ın bütün buraxılışlarını izləyiblər, orada baş verənlərin hər gününü dəqiqliklə danışırlar. Təbii ki, bu bizə xoşdu.

- Artıq dəvət olunacaq iştirakçıların kimliyi bəllidirmi?

- "Maşın”ın budəfəki sürətinə çox maraqlı iştirakçılar qatılacaq. İştirakçıların seçimi ilə bağlı müzakirələr gedir. "Maşın”ın budəfəki buraxılışında eyni zamanda indiyə qədər iştirak etmiş, ancaq qalib olmamış iştirakçılar da olacaq. İştirakçıların siyahısı demək olar ki, hazırdı. Müəyyən seçimlərdən sonra iştirakçıların tam siyahısı açıqlanacaq. Nədənsə, may ayında efirdə olan "Maşın şou” həmişə daha maraqlı olub.

- Sənətçilər arasında özləri səninlə əlaqə yaradıb şouda iştirak etmək istəyənlər olurmu?

- Olur. "Maşın” ən çox izlənən, reytinqli veriliş olduğu üçün bura sadə insanlar qədər tanınmışların da marağı yaranır. "Maşın”ın hər buraxılışı rəngarəng olub. Təbii ki, bizə zəng edib xahiş edənlər də olur, mənə şəxsən müraciət edənlər də olur ki, "Maşın şou”da iştirak üçün şərait yaradaq. Təbii ki, hər tanışı, hər xahişi nəzərə alıb "Maşın”ın ətrafına iştirakçı yığmış olsaydıq, bu qədər maraqlı layihə olaraq baxılmazdı, reytinq verməzdi.

 "Maşın” şousunun iştirakçısı olan hər bir şəxsi mən şəxsən özüm layihəyə dəvət edirəm. Amma bu dəvətə qədər təbii ki, hər bir iştirakçı ilə bağlı müzakirələr olur, iclasda hər bir iştirakçı müzakirə edildikdən sonra layihəyə dəvət olunur. Bir də iştirakçıların seçimi ilə bağlı xüsusi şəkildə onu vurğulayım ki, burda yalnız şounun marağı güdülür, kimsənin sifarişi, xahişi ilə layihə həyata keçirilmir. 

Bizim üçün "Maşın”ın marağını güdməkdi. Ona görə də Azərbaycanda bu gün "Maşın” ən reytinqli realiti-şoudur. Təbii ki, reytinq lazımdı. Bizim üçün layihənin maraqları önəmlidir. Hər xahişə, hər zəngə görə "Maşın”a start verilsəydi, onda bu gün əldə olunan marağı qazana bilməzdik. Tamaşaçı bizə inanır, bizim üçün bu inamı qorumaq daha vacibdi.

- Pərvin Abiyeva və adını çəkə biləcəyimiz bir çox iştirakçılar məhz "Maşın” realiti-şousundan sonra daha çox populyar oldular. Bəziləri "Maşın”dan sonra daha çox sevildilər, bəziləri isə əksinə, "Maşın”da iştirakdan sonra sevgilərini itirdilər. O ki qaldı Pərvinə, Pərvini həqiqətən çox istəyirəm. Məndən olsa, Pərvini "Maşın”ın hər buraxılışına çağırardım (gülür). Gözəl xanımdı.

- Gözəlliyinə görəmi bu sevgi var?

- Həm tamaşaçılara görə, həm də özüm istərdim ki, gözəllik görüm.

- "Maşın”ın digər buraxılışlarında bəzi iştirakçılar layihəni tərk etdikdən sonra "Maşın” barədə müxtəlif fikirlər, açıqlamalar səsləndirdilər. Muradın layihəyə təsirini önə çəkdilər. Sonra da bəziləri dediklərini təkzib etdilər.

- Fikirləşirəm ki, bu müddət ərzində o qədər maraqlı buraxılışlar olub ki, tamaşaçı bunları izləyib deyə "Maşın” 16 buraxılışına start verəcək. Mən bu layihədə sadəcə aparıcıyam. Yəni mən də tamaşaçılar kimi axşam veriliş başlayanda çəkiliş meydançasına gəlib iştirakçılarla təmasda oluram. İnanın ki, gün ərzində baş verənlərdən mənim xəbərim olmur. Mən veriliş efirə başlayanda ora gəlirəm, verilişi aparıb, iştirakçılarla efirdə olarkən ünsiyyət qururam. İşimiz maşallah, elə mükəmməl qurulub ki, mənim "Maşın”ın pavilyonuna gəlməyimə ehtiyac qalmır. 

"Maşın” efirdə olarkən mənim iş görüşlərim də daha çox olur, vaxt baxımından başqa işlərə zamanım yetmir. Layihə elə hazırlanıb ki, öz axarı ilə gedir. Söhbətimizin əvvəlində qeyd etdim ki, iştirakçıların hər biri mənim şəxsi dəvətimlə layihəyə gəlir. Bu o deməkdir ki, onların hər biri mənim qonağımdı. Ola bilərmi ev sahibi evinə qonaq dəvət etsin, amma qonaqlardan birinə diqqət göstərsin, digərinə yox. O qonaq evdə qalarmı, çıxıb gedər. "Maşın” şounun 16 buraxılışı gəlir. İndiyə qədər olan 15 buraxılışın qonaqlarını hesablasaq, nə qədər iştirakçı gəlib, iştirak edib. 

Əgər qurma olsaydı, bir-iki buraxılışdan sonra ora gələn olmazdı. Mən inanmıram ki, ordakı iştirakçılar öz maraqlarını Muradın maraqlarına qurban versinlər. Orda hərə öz marağını güdür, öz dərdini çəkir. Kim istər ki, verilişdə gözdən düşsün, alçalsın, kiminsə marağına görə gözdən düşsün, layihəni tərk etsin. Maşına əlini qoyan andan hər kəs öz marağını, öz nüfuzunu, öz şəxsiyyətini nəzərə alır, öz marağını qoruyur.

- İştirakçıları seçərkən sənin üçün önəmli hansı xüsusiyyətlərdir ki, məhz bunları nəzərə alaraq maşının ətrafına tanınmışlar dəvət olunur.

- O insanın özü maraqlı olmalıdı. Vacib olan budu. Tamaşaçı üçün insanlar nə qədər maraqlı olursa, layihə də o qədər maraqla izlənir. Bəziləri deyir ki, mən "Maşın şou”da maskalar gördüm, Murad bu maskaları yırtdı. Əslində bununla razı deyiləm. Hər kəs özünü tanıtmış olur. Orda elə bir iştirakçı yoxdur ki, mənim onunla münasibətim olmasın. Bəli, onlar arasında illərlə dostluq etdiyim insanlar da var. Amma hamı ilə dost olmasam da, hər bir iştirakçı ilə münasibətim var. Əlbəttə, iştirakçılar arasında Aygün Kazımova, Röya, Abbas, Faiq Ağayev kimi illərlə dostluq etdiklərim kimi, onlar arasında Üzeyir Mehdizadə, Talıb Tale də var. Onlar maraqlı insanlar olduqları üçün "Maşın”a dəvət olunublar.

- Maraqlıdır, Murad özü "Maşın”ın ətrafında olan tanınmışların görünməyən tərəflərini necə, özündə kəşf edə bilibmi?

- Hər bir iştirakçı mənim üçün dəyərlidir. Təbii ki, dostlarımı tanıyıram. Amma elə iştirakçılar var ki, onları yaxından tanımıram, orda tanıya bilirəm. Sərxan Kərəmoğlunu özüm üçün kəşf etmiş oldum. Hesab edirəm ki, çox maraqlı insandı. Çox yaradıcı ruhlu insandı. Üzeyir Mehdizadə çox mədəni, tərbiyəli, utancaq, təvazökar insandı. Onu belə təsəvvür etmirdim. Alicənab bir gəncdi. Onları tanıdıqca, bəzən təəccüblənirəm də. Sənətdə təsadüfi insan yoxdu. Elə insan olub ki, onun şeir yazdığını bilmirdim, digərinin gözəl nitq qabiliyyəti olduğunu öyrənmiş oldum. Nadir Qafarzadə mənim üçün həmişə açılışdı. Nə qədər emosional olsa da, bir o qədər də dərin düşüncəli insandı. "Maşın”da iştirak insanı bir az dəyişə də bilir. 

"Maşın”a həm də ona görə böyük maraq var ki, orda böyük və professional heyətin zəhməti, əməyi var. Onlar bu layihənin maraqlı olması üçün zəhmət çəkirlər. Bayaq da qeyd etdim ki, reytinq hər bir televiziya layihəsi üçün lazımdı. Amma "Maşın” reytinq xatirinə tamaşaçıya hər detalı göstərmir. Orda bəzən elə məqamlar da olur ki, iştirakçılar emosiyalarını cilalaya bilmirlər, istəmədən söz deyirlər, sonra peşman olurlar. Biz bunların hamısını reytinq xatirinə efirə verə bilmərik. İnsandı, emosional məqamlar yaşanır, orda elə epizodlar lentə alınır ki, mən onları efirdə təqdim etsəm, təkcə Azərbaycan deyil, Avropada ən yüksək reytinq əldə edən telelayihə olar. Mən heç vaxt bunu edə bilmərəm. Mənim bir layihə rəhbəri, aparıcı olaraq daxili tərbiyəm var. İştirakçı söz deyib, peşman olub ki, lənət şeytana, demişəm, üzrlü sayın. Bunu efirə verməyim düzgün olmaz. 

İştirakçı olub ki, studiyaya rəqqası dəvət etmişik, onunla həmin an ürəyindən keçib rəqs edib, amma bir az qeyri-estetik görünür. Mən bunu verib reytinq qazana bilərəm, amma efirdə təqdim etməmişəm. Düşünmüşəm ki, bu görüntüyə onun övladları, ailəsi baxacaq, tamaşaçı düzgün qəbul etməyə bilər. Əxlaqdan kənar bir məqam olmasa da, qeyri-estetik görünüb. Mənim övladlarım da bu layihəni izləyir, uşaqları izləyir. Onda mənim kiçik yaşlı tamaşaçım bu görüntüyə baxarkən düşünə bilər ki, Murad əmi bunu efirdə göstərirsə, demək bu, ayıb deyil, belə etmək olar. Yəni bizim özümüzün özümüz üçün qoyduğumuz bir mədəniyyət cizgisi var ki, ondan kənara çıxa bilmərik.
- Məşhur "Bakılı oğlanlar”dan "Maşın”a dəvət olunanlar olub?

- "Bakılı oğlanlar”ın hər biri mənimçün dəyərli, doğma insanlardı. Dostlarımdı. Əslində dəvət etmək istərdim, amma hamının işi-gücü olur. Bir də statusları dəyişib, gələ bilmirlər. Mən çox istəyərdim ki, Bəhram Bağırzadə "Maşın”da iştirak etsin. Ancaq Bəhram özünü bu layihədə görmədi.
- "Maşın” şounun açılış gecəsi nə vaxta nəzərdə tutulur? Final gecəsinə tamaşaçılara maraqlı nə vəd edə bilirsiz...

- "Maşın”ın açılış mərasimi həmişəkilərdən daha maraqlı və möhtəşəm olmalıdır. Bu il "Maşın”ın 15 illik yubileyi qeyd olunacaq. 15 illik konsertimiz olacaq. Bu konsertin açılışı "Maşın” şounun başlanması deməkdi. Çünki bu konsertlə "Maşın”ın möhtəşəm açılış gecəsi təqdim olunacaq. Həmin konsert proqramının reallaşması üçün möhtəşəm bir meydança hazırlanır. Ən maraqlı şəkildə "Maşın”a start veriləcək. Final isə iyun ayının ortasına nəzərdə tutulur.

Tahirə Məmmədqızı