“Ola bilsin ki, Merkelin baxışları yeni düzənə adekvat deyil”
Almaniya kansleri Angela Merkel 2021-ci ildə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcəyini bildirib. Merkel ümumiyyətlə, deputatlığa, həmçinin digər siyasi vəzifələrə namizədliyini verməyəcəyini açıqlayıb. Kansler dekabrda keçiriləcək Xristian Demokratik İttifaqı partiyasının sədri postuna da iddialı olmayacağını söyləyib. Məlumata görə, Merkel bu addımı federal Hessen torpağında keçirilən seçkilərdə XDİ-nin səs itirməsi fonunda atıb. Partiya bu seçkidə 27 faiz səs itirib. Ekspertlərə görə, Angela Merkelin ən böyük səhvi Almaniyaya miqrantları buraxması oldu. Bunun sayəsində Merkelin Avropada miqrasiya böhranı yaratdığı və öz karyerasını bitirdiyi bildirilib. Xatırladaq ki, Merkel partiya rəhbəri vəzifəsini 2000-ci ildən, kansler vəzifəsini isə 2005-ci ildən tutur.
Merkelin uzunmüddətli siyasətini "Şərq”ə dəyərləndirən politoloq Zaur İbrahimli bəyan edib ki, Almaniya kanslerinin bu cür addım atacağı gözlənilən idi:
"Xanım Merkel 4-cü dəfə kansler postuna seçiləndə, bu, Almaniyada və bütün dünyada birmənalı qarşılanmamışdı. Baxmayaraq ki, Almaniya qanunvericiliyi bu imkanı verir və onun seçilməsi demokratik prosedurlar nəticəsində baş tutmuşdu. Bir şəxsin bu qədər uzun müddətə hakimiyyətdə qalmasının Avropa demokratik ənənələrinə uyğun olmadığı tez-tez vurğulanırdı. Başqa bir məsələ xanım Merkelin obrazlı ifadə etsək, Avropada, dünyada və Almaniyada baş verənlər fonunda "köhnəlməsidir”. Söhbət onun tərzindən, mühafizəkar yanaşmasından gedir.
Eyni zamanda Merkelin miqrantlara münasibətdə liberal baxışlarını və yumşaq siyasətini dəyişməməsi ona çox baha başa gəldi. Xanım Merkelin lideri olduğu hakim Xristian Demokrat İttifaqı Partiyası əvvəlki nüfuzunu bərpa edə bilmir. Onun getməsi və siyasətdən uzaqlaşması partiya üçün yeni imkanlar yarada bilər. XDİ yeni yanaşmasını və imicini elektorata təqdim edə bilər. Başqa bir məqam isə Merkelin öz missiyasını başa vurması ilə bağlıdır.
Merkel böhranlarla zəngin son 10 ildə Almaniyanı sabitlik adasına çevirə bildi. Avropa Birliyinin vəhdətinin bu və ya digər dərəcədə təmin edilməsində çox böyük rol oynadı. Rusiyanın ambisiyalarının cilovlanması, Avropa İttifaqında mərkəzdən qaçma meyillərinin qarşısının alınması və populist cərəyanların zəiflədilməsində kanslerin səyləri çox əhəmiyyətli oldu. Merkel öz təmkini, sabit xətti və sərtliyi ilə Avropada proseslərin normal inkişaf məcrasında saxlanılmasında böyük qətiyyət nümayiş etdirdi”.
Analitik bəyan edib ki, hazırda şərtlər dəyişib və ola bilsin ki, Merkelin baxışları yeni düzənə adekvat deyil, həmçinin partiyaya da manevr üçün az imkan qoyur:
"Bu kontekstdə Merkelin getmək qərarı başadüşüləndir. Siyasətçi üçün isə karyerasının zirvəsində və zaman yetişəndə siyasi arenanı tərk etmək müdriklik əlamətidir”.
İsmayıl