Merkelin Qarabağ bəyanatı əhəmiyyətlidir

Lakin Almaniyanın Cənubi Qafqaza təsir imkanları geniş deyil



Almaniya kansleri Angela Merkel deyib ki, rəsmi Berlin post-sovet məkanındakı münaqişələrə göz yuma bilməz. Kansler bildirib ki, Rusiya ilə qonşu ölkələrdəki vəziyyətə diqqət yetirsəniz, Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Moldovada Trans-Nistru probleminin, həmçinin Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin olduğunu görərsiniz: "Bu münaqişələr həmin ölkələrin istədikləri kimi inkişaf etməsinə əngəl törədir. Buna göz yuma bilmərik”. Xatırlatmaq yerinə düşər ki, Almaniyanın ATƏT-in Minsk Qrupunun üzvü kimi Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal rol oynaması məsələsi tez-tez gündəmə gəlib. O da məlumdur ki, rəsmi Berlin münaqişə ilə bağlı açıqlamalarında Bakının əleyhinə bəyanat səsləndirməyib. Ona görə də Almaniyanın münaqişənin həlli prosesində həmsədr rolunu üzərinə götürməsini uyğun görmüşük.

Merkelin açıqlamasını "Şərq”ə şərh edən "Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli deyib ki, Almaniya yavaş-yavaş müstəqil siyasət yürüdən ölkə kimi ön plana çıxır. Analitikin sözlərinə görə, kanslerin bəyanatı da məhz buna hesablanıb: 

"Almaniya Şərqi Avropa və Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək istəyir. Buna görə də bu cür bəyanatlar verir. Güya münaqişəyə göz yummayıb nə edəcəklər ki? Heç nə. Nəzərə alaq ki, Almaniyanın Cənubi Qafqaza təsiri minimaldir. Azərbaycana gəldikdə isə deyə bilərik ki, xarici siyasətə təsir baxımından əsas oyunçular Türkiyə, Rusiya, İran, ABŞ və Böyük Britaniyadır. Hətta bu siyahıya İsraili də əlavə edə bilərik. Hələlik bu siyahıda Almaniya yoxdur. Tarix boyu Cənubi Qafqazda Almaniya ən güclü təsirə Gürcüstanda malik olub. Ona görə də Almaniya rəhbərinin bu cür açıqlamalarına o qədər də sevinməməli, böyük ümid bəsləməməliyik”.

İsmayıl