Mətbuat orqanlarımızın xaricdəki bürolarının fəaliyyəti qənaətbəxşdir

Niyaz Niftiyev: “Bizləri kifayət qədər maraqlı xəbərlərlə tanış edirlər”
Murad Alıyev: “Hər hansı əməkdaşı uzunmüddətli xarici ölkəyə ezam etmək, orada xüsusi müxbir kimi fəaliyyətini təmin etmək maliyyə cəhətdən çətindir”

Naibə Qurbanova: "Buna büdcəsi imkan verən KİV-lərimiz var”

Kamil Həmidov: "Xaricə müxbir göndərilərkən bütün kriteriyalar nəzərə alınmalı, yüz ölçülüb-bir biçilməlidir”

(Əvvəli ötən sayda)

Ölkə mediasının problemlərindən, jurnalistlərin qeyri-peşəkarlığından çox danışılıb. Demək olar ki, medianın müxtəlif sahələri ilə bağlı məsələlər gündəmə gətirilərək müzakirə edilib. Həmçinin, beynəlxalq təcrübəyə malik olan, əcnəbi dilləri yaxşı bilən jurnalistlərin xarici ölkələrin media orqanlarında çalışması da zaman-zaman araşdırılıb, bu istiqamətdə problemlər diqqətə çatdırılıb. Azərbaycan mətbuatında diqqət çəkən mühüm məqamlardan biri də yerli media quruluşlarını təmsil edən junalistlərimizin xarici ölkələrdə fəaliyyəti ilə bağlıdır. Azərbaycanda mövcud olan televiziyaların, agentliklərin, bəzi qəzet və saytların dünyanın müxtəlif ölkələrində büroları, mərkəzləri fəaliyyət göstərir.

Bir sıra mətbuat orqanları isə müxbirlərini fərdi qaydada hansısa ölkəyə ezam edirlər. Xarici ölkələrə ezam olunmuş jurnalistlər həmin dövlətdə baş verən mühüm hadisələri, siyasi və ictimai prosesləri informasiya şəklində yerli media qurumlarına ötürürlər. Bununla yanaşı, konkret vəzifə ilə xarici ölkəyə göndərilən müxbirlər xüsusi reportajlar hazırlayaraq, Azərbaycan oxucularını əcnəbi ölkələrin tarixi, mədəniyyəti və həyat tərzi ilə yaxından tanış edirlər. Bu ənənə xarici ölkələrin media strukturlarında daha geniş yayılıb. Məsələn, qonşu Türkiyə və Rusiyada fəaliyyət göstərən nüfuzlu media orqanları onlarla ölkəyə öz müxbirlərini ezam ediblər. Onların bir çoxu getdikləri ölkələrdə daimi məskunlaşsalar da, digərləri müvəqqəti müddətə ezam olunurlar. Konkret iş üçün xaricə yollanan jurnalistlər vəzifəsini tamamladıqdan sonra Vətənlərinə geri dönürlər. Ancaq Azərbaycan mətbuatında bu sahədə ciddi boşluqlar var. Ölkədə fəaliyyət göstərən çox az sayda media qurumlarının, agentlik və saytların xarici ölkələrdə büroları və ya nümayəndələri çalışır. Ən tanınmış media qurumlarının maksimum iki-üç ölkədə mərkəzləri var. Əksəriyyət mövcud problemi mətbu orqanların maddi durumu ilə izah edirlər. Digərləri isə hesab edirlər ki, ölkəmizdə xarici ölkələrdə çalışmaq bacarığına, təcrübəsinə sahib olan jurnalistlər çox deyil. Bəs ekspertlər məsələni necə dəyərləndirirlər? Jurnalistlərimiz xarici ölkələrdə qaneedici səviyyədə işləyə bilirlərmi, yaxşı reportajlar, lazımlı informasiyalar hazırlayıb təmsil etdikləri media qurumuna göndərirlərmi?

"Azadinform.az” saytının baş redaktoru Niyaz Niftiyev deyib ki, mətbuatda qeyri-peşəkar insanlar var, amma bu faktor kütləvi deyil: "Ötən illərdən bu günə qədər jurnalistlərin məhz peşəkarlığının artırılması istiqamətində onlarla və bəlkə də yüzlərlə layihə həyata keçirilib. Təbii ki, işini sevən hər bir həmkarımız bu layihələrdən yararlanıb və daha peşəkar jurnalist kimi çalışdığı media orqanında fəaliyyətini davam etdirir. Xarici ölkələrdə jurnalist fəaliyyəti ilə məşğul olan kifayət qədər azərbaycanlı var. Onların bir çoxu məhz Azərbaycanda olan böyük media holdinqlərin əməkdaşlarıdır. Düşünürəm ki, həmin jurnalistlər çalışdıqları media orqanları vasitəsilə bizləri kifayət qədər maraqlı xəbərlərlə tanış edirlər. Şəxsən, mən bu məsələdə ciddi problem müşahidə etməmişəm. Xüsusən də çalışdıqları ölkələrin Azərbaycanla əməkdaşlığı, qarşılıqlı səfərləri, həmin ölkələrin ictimai-siyasi həyatı və seçki proseslərini operativ şəkildə xəbərə çevirə bilirlər. Qaldı ki, həmin ölkələrdən reportajların hazırlanması və digər bu kimi materiallara, təbii ki, o da sifariş olunsa, yüksək səviyyədə həll oluna bilər”.

"Report.az” saytının baş redaktoru Murad Alıyev də bəyan edib ki, Azərbaycan mətbuatının bügünkü inkişafı xarici ölkələrin media qurumları ilə daha sıx əməkdaşlıq qurmasını şərtləndirir: "Artıq ölkə ictimaiyyətinin informasiya ilə təmin olunması üçün kifayət qədər xəbər resursları, qəzet, televiziyalar fəaliyyət göstərir. Dünyada baş verən hadisələrlə bağlı ölkə mətbuatının özəl məlumatları isə elə də çox deyil. Xəbərlərin böyük əksəriyyəti xarici KİV-ə istinadən yayılır. Dövlət televiziya və radiolarının əksər ölkələrdə büroları mövcuddur, lakin bu işdə müstəqil mətbuat nümunələri də fəaliyyətini genişləndirməlidirlər. Xarici ölkədə jurnalist bürosunun fəaliyyət göstərməsi bir neçə səbəbdən vacibdir. Birincisi, həmin ölkədə yaşayan soydaşlarımızın problemini, nailiyyətlərini işıqlandırmaq üçün bu, önəmlidir. Çox halda görürük ki, hansısa uğura imza atan həmyerlimiz barədə uzun zaman keçəndən sonra xarici saytda məlumat yayılır. Yaxud, soydaşlarımızın üzləşdiyi problemləri həmin ölkənin KİV-ləri öz maraqlarına uyğun təqdim edirlər. İkincisi, Azərbaycan oxucusuna maraqlı olan məlumatlar öz soydaşlarımızın qələmindən təqdim olunduqda daha obyektiv mənzərə yaranır. Üçüncüsü və əsası isə jurnalistlər hansısa mövzunu yaşadığı cəmiyyətə çatdırmaq üçün ən qabaqcıl peşə sahibləridir”. Baş redaktorun fikrincə, hər hansı KİV-i təmsil edən jurnalistlərimiz fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycan həqiqətlərini yaymaq baxımından böyük iş görürlər: "Deyilənləri nəzərə alaraq, artıq "Report” agentliyi də xarici ölkələrdə öz müxbir məntəqələrinin yaradılması ilə bağlı işə başlayıb. Təbii ki, ilk növbədə diqqət qonşu dövlətlərə, Azərbaycan üçün maraq doğuran regionlara ayrılır. Düzdür, bəzi tədbirləri çıxmaq şərti ilə, hər hansı əməkdaşı uzunmüddətli xarici ölkəyə ezam etmək, orada xüsusi müxbir kimi fəaliyyətini təmin etmək maliyyə cəhətdən çətindir. Bu səbəbdən xarici ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımızın dəstəyi çox vacibdir. Məhz onların fəalları arasında olan jurnalistlərin, yaxud həmin ölkədə təhsil alan tələbələrin bu işə cəlb edilməsi daha uyğundur. İstənilən halda xaricdə olan jurnalistin fəaliyyətini kontrol etmək vaxt aparan və böyük səy tələb edən işdir. Amma çətin olduğu qədər də vacib məsələdir”.

"Teleqraf.com” saytının müxbiri Naibə Qurbanova deyib ki, dəfələrlə dövlət rəsmiləri tərəfindən xaricdə çalışan jurnalistlərə ehtiyac olduğu bildirilib: "Belə bir situasiyada ölkədəki kütləvi informasiya vasitələrinin xaricdə nümayəndəliyinin olması müsbət haldır. Buna büdcəsi imkan verən KİV-lərimiz var. Düzdür, xaricdə təmsilçiliyə göndərməyə peşəkar tapmaq çətindir. Amma xarici dil bilən kadrlar yetəri qədərdir. Yəni vacib deyil ki, bizi xaricdə ancaq ixtisasca jurnalist olan təmsil etsin. Digər tərəfdən burada jurnalistin peşəkarlığından çox, media orqanının məsuliyyətli olması faktoru da var. Maraqlı reportaj, özəl xəbər media orqanının hansı maraqlardan çıxış etməsindən çox asılıdır. Artıq bu məqamda jurnalistin peşəkarlığı az önəmlidir. Baxmayaraq ki, bu mənada ANS-in ABŞ-dakı xüsusi müxbirinin ingilis dilində çıxışı xeyli müddət tənqid olundu. Bununla belə, az-çox ANS-in xaricdəki nümayəndəliklərindən xəbərlər gözə dəyirdi. Dövlət televiziyasının da xaricdə müxbirləri var. Amma televiziyanın profili bəlli olduğu üçün əziyyətləri o qədər də önəm kəsb eləmir. Qəzet səhifələrində isə ancaq hansısa təşkilatların, qurumların müxbirləri səfərlərə apardığı zaman xaricdən hazırlanan reportajlara, yazılara rast gəlmək olar. Yəni məxsusi olaraq xaricə müxbir göndərmək az hallarda olur. Buna "Yeni Müsavat” qəzetində rast gəlmişəm və maraqlı qarşılanıb. "APA” informasiya agentliyinin Türkiyə bürosunun işi də təqdirəlayiqdir”.

"525-ci qəzet”in parlament müxbiri,”Gununsesi.info”nun redaktoru Kamil Həmidov deyib ki, istənilən media qurumunun xaricdə bürosunun olması normal və təqdirəlayiq haldır: "Bu, olmalıdır və vacibdir. Çünki dünya, baş verən proseslər anbaan dəyişir, bu isə mediadan operativliyi, çevikliyi, həssaslığı tələb edir. Bu baxımdan, media qurumlarının xarici ölkələrdə mərkəzlərinin, bürolarının olması önəmli şərtlərdən hesab olunur. Ancaq bu məsələ iqtisadi durumla bağlı olan məsələdir və təəssüflər olsun ki, mediamızın iqtisadi durumu ürəkaçan, qaneedici deyil. Bu səbəbdən də media qurumlarının xarici ölkələrdə, bəzi rəsmi media qurumlarını və özəl telekanalları çıxmaq şərtilə bürolar, mərkəzlər açması sıfır dərəcəsindədir. Yaxın perspektivdə də bunun baş verəcəyi gözlənilmir”. K.Həmidov xaricdə fəaliyyət göstərən bürolar barəsində bunları deyib: "Fəaliyyətlərini məqbul saydıqlarım da var, saymadıqlarım da. Hesab edirəm ki, onlar öz işlərinə bir daha nəzər yetirməlidirlər. Xüsusilə də, xaricə müxbir göndərilərkən bütün kriteriyalar nəzərə alınmalı, yüz ölçülüb-bir biçilməlidir”.

(Davamı var)

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb