Millət vəkilləri məhkəmələrdən narazıdır

Tahir Kərimli: “Vətəndaşlar başa düşsünlər ki, bizdə olmayan şeyi bizdən istəyəndə nələr çəkirik, Allah bilir”
Yevda Abramov: “Məhkəmələrdə insanlara qarşı çox haqsızlıqlar edilir”

Bahar Muradova: "Məhkəmə qərarlarından şikayətlərin çoxu həmişə bir tərəfin narazı qalması ilə əlaqədardır”


Ötən gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Toplantıda "Dini etiqad azadlığı haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan dəyişikliklər müzakirə olunub. Dəyişikliyə görə, bundan sonra Azərbaycanda dini ekstremizmlə məşğul olan dini qurumlar məhkəmə qaydasında ləğv ediləcək.

Hazırda dini mərkəz və idarələr dini qurumların dini ekstremizm fəaliyyəti ilə məşğul olması barədə məlumata malik olduqda həmin dini icmaların və təsisçilərinin dəyişdirilməsi və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırır. Dəyişikliyə əsasən, bundan sonra dini ekstremist fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti qadağan ediləcək.

Digər dəyişikliyə görə, Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında KİV işçilərinin fəaliyyəti əməliyyatı aparan orqan tərəfindən müəyyən ediləcək. Qanun layihəsində qeyd edilib ki, dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə veriləcək.

"Bu gün vətəndaşlar deputatlardan müalicə, evinin təmiri, təhsil haqqı üçün pul istəyirlər”

İclasda millət vəkilləri vətəndaşların məhkəmələrlə bağlı müraciətlərini həll edə bilməmələrindən danışaraq, xəcalət çəkdiklərini deyiblər.
"Bu gün vətəndaşlar deputatlardan müalicə, evinin təmiri, təhsil haqqı üçün pul istəyirlər. Sanki deputatların özlərinin fondları var”. Bu sözləri müzakirələr zamanı millət vəkili Tahir Kərimli deyib. O bildirib ki, vətəndaşlar şəxsi maddi istəklərinə görə deputatlara üz tuturlar ki, bu da düzgün deyil: "Axı deputatların özlərinin şəxsi fondları yoxdur. İstəyirik ki, konkret olaraq hansısa problemlərin həlli üçün bizlərə müraciətlər daxil olsun. Amma biz deputatlar ümumən insanların maddi problemlərinin həllinə görə birbaşa kömək etmək iqtidarında deyilik. Vətəndaşlar başa düşsünlər ki, bizdə olmayan şeyi bizdən istəyəndə nələr çəkirik, Allah bilir”. Tahir Kərimli məhkəmə hakimlərinin fəaliyyətinə də münasibət bildirib: "Mən özüm də uzun illər məhkəmədə hakim işləmişəm. Əgər bir hakim ki, vətəndaşın problemini, işini ürəyində ağrı ilə keçirtmirsə, o, hakim deyil. Gərək vətəndaşın, insanın problemini hakimlər ürəklərində yaşayıb, onlar haqqında ədalətli qərarlar çıxarsınlar. Hakimlər bilməlidirlər ki, qarşılarında oturan ilk növbədə hər şeydən öncə insandır”.

"Bu gün məhkəmələr açıq-aşkar tərəf tuturlar. Belə olmaz axı”

Deputat Yevda Abramov isə deyib ki, təmsil olunduğu komitəyə son 10 ildə eyni problemlərlə bağlı 10-15 dəfə yazan adam görüb: "Vallah, adamın nüfuzu aşağı düşür, heç nə edə bilmirik. Belə hallar bizi çox incidir. Məhkəmələrdə insanlara qarşı çox haqsızlıqlar edilir. Düzdür, məhkəmələr hakimiyyətin bir qoludur. Parlament də hakimiyyətin qanadı kimi qanunverici orqandır. Amma biz heç cür problemlərin həllinə təsir edə bilmirik. Bəzən görürük ki, məhkəmələrdə vətəndaşlara haqsızlıqlar olur. Professional hüquqşünas olmasaq da, bilirik ki, bu gün məhkəmələr açıq-aşkar tərəf tuturlar. Belə olmaz axı. Düzdür, məhkəmədən hər iki tərəf heç bir halda razı qala bilməz. Hansısa tərəf yekunda onsuz da narazı qalacaq. Amma ədalətli qərarlar çıxarmalıdırlar”.

"Mənə müraciət edən seçicimə kömək edə bilmirəm, xəcalət çəkirəm”

Millət vəkili son aylar İnsan hüquqları komitəsinə daxil olan müraciətlərdən də bəhs edib: "Amma son aylar bizim komitəyə daxil olan şikayətlər mənzil-tikinti korporativlərindən (MTK), banklardan və kreditlərdəndir. Ölkədə məhkəmə qərarlarının icrasına nəzarət çox zəifdir. Çünki bu qurumların heç biri işləmir. Məhkəmələr qərarlar qəbul edirlər. Amma icra orqanları ya bu qərarları icra etmək istəmirlər, ya da icra edə bilmirlər. Halbuki, buna görə vətəndaşlar yenidən məhkəmə iddiaları qaldıra bilərlər. Həqiqətən də bu məsələlərə görə regionlarda ciddi problemlər var, insanlar narazıdır. Məktubun birində vətəndaş görün nə yazır: "Göydə Allah, yerdə sizə ümid edirəm. Sizdən kömək diləyirəm. Sizə güvənib yazmışdım. Sizdən də bir xeyir olmadı”. Adam belə məktubları oxuyanda xəcalət çəkir”.

"Məhkəmə qərarlarından şikayətlərin çoxluğunun bir obyektiv səbəbi var”

Müzakirələr zamanı komitənin sədri, parlamentin vitse-spikeri Bahar Muradova deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra 25 il ərzində insan hüquqlarının qorunması sahəsində ciddi irəliləyişlər əldə edib. Vətəndaşların tez-tez məhkəmə qərarları ilə bağlı millət vəkillərinə müraciət etməsinə toxunan B.Muradova bildirib ki, məhkəmə qərarlarından şikayətlərin çoxluğunun bir obyektiv səbəbi var: "Bu da məhkəmənin obyektiv qərarından həmişə bir tərəfin narazı qalması ilə bağlıdır. Məhkəmələrlə bağlı çatışmayan məqamlara dair Məhkəmə Hüquq Şurası qərarlar verir. Ancaq məhkəmə qərarlarından şikayətlərin çoxu məhz məhkəmənin obyektiv qərarından həmişə bir tərəfin narazı qalması ilə əlaqədardır. Məhkəmə sistemi bir neçə instansiyadan ibarətdir. Millət vəkilləri, komitə olaraq biz bununla bağlı vətəndaş cəmiyyəti institutları, QHT-lər vasitəsilə insanların maarifləndirilməsi işinə xüsusi diqqət yetirməliyik. Ümumiyyətlə, məhkəmələrin ədalətli qərarlarından şikayətlərin sayının azaldılması istiqamətində hansı işlər görə biləcəyimiz barədə düşünməliyik”.

Müzakirələrdən sonra dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Anar Bayramoğlu