“Milli iradəyə qalib gəlmək mümkün deyil”

Əli Həsənov: “Gəncədəki hadisə dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib”




Dünən Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul hərbi çevrilişə cəhd gecəsinin 2-ci ildönümü keçirilib. Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özaral, Milli Məclisin deputatları və KİV rəhbərləri iştirak ediblər. İlk çıxış edən səfir Erkan Özoral olub. O bildirib ki, Türkiyədə 2016-cı ilin 15 iyulunda baş verən hadisələr üzücüdür. Onun sözlərinə görə, bu, dövlətə qarşı xəyanət idi:

"Həmin gecə tarixə silinməz iz qoyub. Bu gün burada şəhidlərimizi anırıq. Onları itirdiyimizə görə çox kədərliyik, eyni zamanda onları cənnətə göndərdiyimiz üçün sevincliyik, qəhrəmanlıqlarına görə qürur hissi keçiririk. Türk milləti həmin gün öz gələcəyinə sahib çıxdı. 15 iyul bizim üçün bir milli dastandır. Bu dastanla nə qədər qürur duysaq, azdır. Bu çevriliş cəhdini həyata keçirənlər 40 ildən bəri gizli şəkildə təşkilatlanaraq hazırlıq görürmüşlər. Onlar sadəcə millətə yox, həm də islam dininə xəyanət ediblər. Bu insanlar nə müsəlman idilər, nə də islam dini ilə yaxından-uzaqdan əlaqələri var idi”. Səfir bəyan edib ki, millət öz demokratiyasına sahib çıxaraq öz iradəsini bir daha bütün dünyaya sübut etdi: "Bütün dünya bir daha şahid oldu ki, türk millətinin iradəsinə heç kim zəncir vura bilməz. Biz bu vətəni, bu milləti o şərəfsizlərdən hər zaman qoruyacağıq. Həmin gecə şəhid olanlar arasında tanıdıqlarımız da var idi. Bütün şəhidlərimizin xatirəsi bizim üçün əzizdir. Lakin mən xüsusilə Mahmud Coşkunsu barədə danışmaq istəyirəm. Çünki onun həyat yoldaşı azərbaycanlıdır. Nigar Coşkunsu bu gün Türkiyədə olduğu üçün tədbirimizə qatıla bilməyib. Bu ailə bir daha sübut edir ki, bu iki dövlətin vətəndaşları Türkiyə və Azərbaycan üçün canını verməyə hər zaman hazırdır”. Özoralın sözlərinə görə, o günü planlayanlar islam dinindən sui-istifadə etdilər: "Azərbaycanda da islam dinini bəhanə edərək terror törətməyə çalışan xainlər var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu şərəfsizləri həmişə əzib yox edəcək gücdədir. Biz bu FETÖ-lərin necə yox edildiyini birlikdə görəcəyik. O gün heç də uzaqda deyil”.

Daha sonra çıxış edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 15 iyul dövlət çevrilişi cəhdinin qardaş ölkənin tarixində çətin sınaq olduğunu vurğulayıb: "Azərbaycanlı ziyalıların hamısı həmin anın şahidi idi. Qardaş ölkədə baş verənləri ürək ağrısı ilə seyr edirdik. Səhərə qədər Azərbaycan xalqı yatmadı. Ölkə başçısı cənab İlham Əliyev lazımlı mesajlar göndərdi. Dövlət başçımız bu hadisədən dərhal sonra qardaş ölkəyə lazımi dəstəyin göstərilməsi ilə əlaqədar tapşırıqlarını verdi. Xalqın iradəsinə qarşı çıxanlar xainlər idi. "Tək millət, iki dövlət” formulu həmin günlərin sınağından şərəflə çıxdı. Sarsılmaz Türkiyə-Azərbaycan dostluğunu nümayiş etdirdik”. Azərbaycanda da 1994-1995-ci illərdə dövlət çevrilişinə cəhdlərin olduğunu xatırladan dövlət rəsmisi, ümummilli lider Heydər Əliyevin liderliyi ilə bu cəhdlərin qarşısının alındığını vurğulayıb: "Biz də belə hadisələri yaşamışıq. Lakin o zaman ümummilli lider Heydər Əliyev onların qarşısına xalqın iradəsi ilə çıxdı. Onların qarşısına silahlı dəstə çıxarmadı. Çağırış etdi ki, Azərbaycan dövlətini dəstəkləyənlər meydanlara çıxsınlar. Yüz minlərlə vətəndaş öz sinəsini sipər edərək o silahlı, azğınlaşmış quldur dəstələrinin qarşısına çıxdılar. Onu demək istəyirəm ki, millətin iradəsinə qalib gələn qüvvə tarixdə yoxdur və bundan sonra da olmayacaq”.

Bir neçə gün əvvəl Gəncədə baş vermiş hadisələrə də toxunan Əli Həsənov bildirib ki, Gəncədəki hadisə dövlətçiliyə əl qaldırmaq istəyən xainlər tərəfindən törədilib: "Dinc insanlar arasında olan iki polis zabiti qətlə yetirildi. O zabitlər ölkəmizin tarixinə adlarını qızıl hərflərlə həkk etdilər. Türkiyədəki hadisə ilə Gəncədəki bu hadisə oxşar bir tarixdir”. Ə.Həsənov Türkiyədəki hadisələrin 20 yanvar hadisələri ilə oxşarlığına da diqqət çəkib: "Sadəcə, Türkiyədə bu hadisəni törədənlər Türkiyə ilə əlaqəli olanlar idi. Bakıda isə əhalini qanına qəltan edənlər erməni, erməni xislətli yad əsgərlər idi. Hər ikisi milli iradəyə qalib gəlmək istəyirdilər. Millətin üzərinə getmək olar, tanklar, hərbi təyyarələr qaldırmaq olar, amma milli iradəyə qalib gəlmək olmaz. Milli iradə ilə milli lider, milli iqtidar birlikdə olanda, bu, mümkün deyil”.

Məlumat üçün bildirək ki, 1994-cü ilin oktyabr ayında, 1995-ci ilin martında Azərbaycan xalqının iradəsini ifadə edən Prezident Heydər Əliyevi devirmək üçün təxminən 15 iyul hadisələrinə oxşar hadisə baş vermişdi. O zaman Azərbaycan ordusunun, Daxili Qoşunların, polisin tərkibində yuva salmış, öz doğru yolundan sapdırılmış azərbaycanlı adını daşıyan əlisilahlılar dövlətə və dövlətçiliyə silah yönəltdilər. Sonda 15 iyul hadisələrinə həsr edilən sənədli film nümayiş olunub.

İsmayıl