"Milli park və digər turizm obyektlərimizin tanıtım vasitələri çap olunmalıdır"
"Turizm obyektlərimizin, o cümlədən milli parklarımızın sosial media və digər üsullarla tanıtımı olsa, bu sahə dinamik inkişaf edər”
Bu barədə "Sherg.az”a bu il parklarımıza təqribən 25 minə yaxın turistin səfər etməsi ilə bağlı danşarkən iqtisadçı-ekspert Ruslan Atakişiyev bildirib.
Onun qənaətincə,ölkəmizin müxtəlif regionlarında gözəlliyinə görə, bir-birindən seçilən milli parklarımız və gəzməli - görməli yerlərimiz çoxdur:
"Cənub rayonlarımızda, Salyan, Balakən, Zaqatala və digər məkanlarımızda belə yerlərin xüsusi gözəlliyi var. Beynəlxalq təcrübələr göstərir ki, ölkəyə gələn turistlərin maraq dairələri fərqli olur. Bəziləri əyləncə, bəziləri müalicə, bəziləri isə üz tutduqları ölkənin təbiəti, abidələri ilə tanış olmaq üçün gəlir. Təbii abidələr dedikdə, ölkənin relyef quruluşu ilə bağlı olaraq yaranan dağlar və bunu kimi obyektlər nəzərdə tutulur. Beynəlxalq turizmdən gələn gəlirlərinə görə, öndə olan Fransa, Türkiyə, İspaniya kimi ölkələrin təcrübələrinə baxanda görürsən ki, daxildə yaradılmış təbii və antropogen infrasturkturlar turistlərin maraq dairələrinə daha çox uyğundur.
Məsələn, Versal sarayını gün ərzində 50 minə yaxın turist ziyarət edir. Azərbaycanda da bu istiqamətlərdə turist cəlb etmək mümkündür. Çünki ölkəmizdə buna kifayət qədər potensial var. Xaricdən daxilə turist gəldikdə ilk əvvəl araşdırıb, onun hansı məqsədlər üçün gəldiyini tapmaq lazımdır. Bu auditoryanı cəlb etməzdən qabaq da ölkədə mövcud milli parkların sırf turizm obyektləri üçün əlverişli vəziyyətə salınmalıdır.
Yəni gələn turistləri həmin parkın flora, fauna və ya təbii şəraiti ilə yanaşı orada qurulmuş yollar, gəzinti manşrutları, kanatlar və digər xidmət sahələri ilə də təmin etmək lazımdır. Bunun üçün ilk növbədə həmin milli parkın daxilində qabaqcadan hazırlıq işləri görülməlidir. Ora lazım olan vasitələr, peşəkar işçi qüvvəsi hazırlamalıdır ki, onların bir qisimi turistlərə xidmət işlərini, bir qisimi isə parkdakı flora, fauna və park təbiətinin təqdimat işlərini yerinə yetirsin. İlk növbədə turistlərlə işləmək qabilliyəti olmalıdır.
Belə işlər təşkil olunmazdan qabaq onun təbliğatı geniş şəkildə aparılmalıdır. Milli parklarımızın və digər turizm yönlü obyektlərimizin florasını, faunasını, relyefini, təbiətini və digər amillərini əks etdirən müxtəlif kitabçalar, tanıtım vasitələrinın çap olunması, hazırlanması vacibdir. Bundan əlavə sosial şəbəkələrdə bu haqda məlumatlar yerləşdirilməlidir. Turistləri cəlb etmək üçün bunu kimi addımların atılmasına böyük ehtiyac var. Çünki bunlar olduqda gələn qonqlar da biləcək ki, hansı bölgələrdə nə var, onları maraqlandıran amillər harada yerləşir. Bu şəkildə turistdə məlumat bazası yaradılmalıdır.
Milli parklarımızın tanıtımı ilə yanaşı ora gedəcək yolların, parklara yaxın otellərin, əyləncə mərkəzlərinin, müxtəlif vaxtlarda keçiriləcək proqramların da tanıtımını aparmalıyıq. Bəzi milli parklarımız var ki, abadlıq və təmir cəhətdən vəziyyəti ürəkaçan deyil. Ona görə də, həmin milli parklarımızda təmir işlərini, abadlıqların yenilənməsini aparmalıyıq. Bütün bunlardan bələdiyyələr öz üzərinə məsuliyyət götürməlidir.
Milli parklara xüsusi diqqət ayırmalıdırlar. Öz ərazilərində yerləşən parkların sahibkarları ilə əməkdaşlıq etməlidirlər. Çünki orada sahibkarlar müəyyən işlər üçün vəsait qoyur. Bəzi təbii komplekslər yaradılır. Bu zaman həmin ərazini fauna və florasına ziyan dəyə bilər. Bu işlərin hamısı yaradılan zaman planlı, sistemli iş prinsipləri qorunulmalıdır”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda ölkədə milli park statuslu qorunan ərazilərin sayı 9-dur. Milli parklarda rəngarəngliyinə və məzmununa görə fərqlənən 104 ədəd turist marşrutu fəaliyyət göstərir. Turistlər Nazirliyin rəsmi internet saytında "Xidmətlər” bölməsinə daxil olub istədikləri milli parka onlayn bilet əldə edə bilərlər. Həmçinin, onların milli parklara girişinin asanlaşdırılması məqsədilə hər milli parkın giriş məntəqəsində bilet satışı xidməti də həyata keçirilir.
Milli parklara daxil olmaq və turist marşrutları ilə hərəkət etmək üçün giriş haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarına əsaslanır və adambaşına 2 manat təşkil edir, 6 yaşa kimi uşaqlar, məktəblilər (siniflərlə) və milli qəhrəmanlar isə giriş haqqından azaddırlar. Nazirliyin məlumatına görə, 2018-ci ilin 6 ayı ərzində ölkədə fəaliyyət göstərən milli parklara ümumilikdə 24 261 nəfər turist səfər edib, bunların 21 223 nəfəri yerli, 3038 nəfəri xarici vətəndaş olub. Ötən illərin 6 ayı ilə müqayisədə turistlərin sayında artım müşahidə olunur.
Kənan Eynuroğlu